Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-7/2026 10.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli 2(032)- 1029/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: Cavabdeh1 və "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 055A********** saylı kredit xətti müqaviləsinə əsasən 48 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667% olmaqla 27500 manat məbləğdə kredit verilmişdir. xx.xx.2025-ci il tarixli 2025/02/18-6 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 15149.14 manat əsas, 1060 manat faiz və 215,09 manat cərimə borcu, cəmi 16424.23 manat məbləğdə borcu vardır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 Cavabdeh1 qarşı bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, borclu hər ay 841 manat ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2026-cı il tarixədək ödəməli idi. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 055A********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə 15149,14 manat kredit borcu, 1060 manat faiz borcu və 215,09 manat cərimə borcu, cəmi 16424,23 manat borcu vardır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4098 saylı rəyinə görə iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli 055A********** nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2025-ci il tarixə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə əsas borc üzrə 16018.64 manat, faiz borcu üzrə 115,63 manat, xx.xx.2025-ci il tarixə mülki iş üzrə daxil olduğu günə əsas borc üzrə 16018,64 manat, faiz borcu üzrə 640,43 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 055A********** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDİRİLMASİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15149.14 manat məbləğində kredit borcu, 1060 manat məbləğində faiz borcu, 215.09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16.424 manat 23 qəpik məbləğində borcun və ödənilmiş 139.28 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış 055A********** saylı ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27500 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 12350.86 manat ödəniş etmiş və onun iddiaçıya 15149.14 manat məbləğdə kredit borcu qalmışdır. O, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 96 gün üçün hesablanmış faiz borcu 1060 manat məbləğ təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15149,14 manat məbləğdə əsas, 115,63 manat məbləğində faiz, 25 manat məbləğində cərimə, cəmi 15289,77 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 139,28 manat pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğdə pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı QSC-nin iddia tələbində göstərilən məbləğlər ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4098 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi arasında fərq müəyyən edilmişdir. Əgər iddia tələbində göstərilən əsas borc və ya faiz məbləği ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən çoxdursa bu halda, iddia tələbi ilə müəyyən edilmiş məbləğ ekspertin rəyinə uyğun olaraq azaldılmalı və məhkəmə qərarı ekspert rəyi əsasında qəbul edilməlidir. Bu, sübutların obyektivliyinin təmin edilməsi və əsassız ödənişin qarşısının alınması məqsədini daşıyır. Əgər ekspert rəyi ilə müəyyən edilmiş əsas borc və ya faiz məbləği iddia tələbində göstərilən məbləğdən çoxdursa bu halda, məhkəmə iddiaçının tələbindən artıq məbləğ təyin edə bilməyəcəyi üçün yalnız iddia tələbində göstərilən məbləği əsas götürməlidir. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən faiz məbləğləri həddindən artıq şişirdilmişdir. Kredit müqaviləsi üzrə hesablanmış əsas borc, faiz borcu həqiqəti əks etdirmir. Birinci instansiya məhkəməsi mülki işin faktiki hallarını araşdırarkan tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iş üzrə iddianın əsaslılığını şübhə altında saxlayan suallara aydınlıq gətirilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməklə iddia tələbinin əsaslılığı tam və hərtərəfli araşdırılmalı və iş üzrə obyektiv qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənilmiş kredit məbləğlərini də nəzərə almamış və sübut etməmişdir. T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə tərkibi Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin tam olaraq yoxlanılmasını zəruri hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Məhkəmə tərkibi işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Bundan başqa, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Habelə MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı cavabdehlərin əsas, faiz və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə tərkibi hesab edir ki, işin birinci instansiya məhkəməsində baxışı zamanı əldə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4098 saylı rəyi ilə xx.xx.2025-ci il tarixə xəbərdarlıq məktubunun göndərildiyi tarixə əsas borcun məbləği 16018.64 manat, faiz borcunun məbləği 115,63 manat, xx.xx.2025-ci il tarixə mülki iş üzrə daxil olduğu günə əsas borcun məbləği 16018,64 manat, faiz borcunun məbləği 640,43 manat müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyində müəyyən edilmiş məbləğlərlə iddia tələbində göstərilən məbləğlər arasında müəyyən fərqlər mövcuddur. Birinci instansiya məhkəməsi borcun məbləğini müəyyən edərkən həmin fərqləri nəzərə alaraq həm iddia tələbi, həm də ekspert rəyi üzrə məbləğləri müqayisə etmiş və müvafiq fərqlər nəzərə alınmışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli 2(032)-1029/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-7/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-7/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver