Məhkəmə qərarları › İş №2(3-9)-70/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-70/2026

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-70/2026 18.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2(018)-1482/2025 saylı qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları : İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə illik 20 % dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında 100009732/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 18.533,58 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nə yaranmış borcun məbləği və Cavabdeh1 tərəfindən İddiaçı ASC-nə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 27.085,83 (iyirmi yeddi min səksən beş ABŞ dolları 83 sent) ABŞ dolları təşkil edir. Bundan 12.678,25 (on iki min altı yüz yetmiş səkkiz ABŞ dolları 25 sent) ABŞ dolları əsas, 4.941,56 (dörd min doqquz yüz qırx bir ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 7.676,10 (yeddi min altı yüz yetmiş altı ABŞ dolları 10 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.789,92 (bir min yeddi yüz səksən doqquz ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 27.085,83 (iyirmi yeddi min səksən beş ABŞ dolları 83 sent) ABŞ dolları borcun bundan 12.678,25 (on iki min altı yüz yetmiş səkkiz ABŞ doları 25 set) ABŞ dolurı əsas, 4.941,56 (dörd min doqquz yüz qırx bir ABŞ doları 56 sent) ABŞ doları faiz, 7676,10 (yeddi min altı yüz yetmiş altı ABŞ doları 10 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tartali Plenum qararına əsasən hesablanmış 1.789,92 (bir min yeddi yüz səksən doqquz ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu ve iş üzrə ödənilmiş 228.14 (iki yüz iyirmi səkkiz manat 14 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondu idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə illik 20 % dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkənCavabdeh3 və Cavabdeh2ilə Bank arasında 100009732/ZMnömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 18.533,58 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu27.085,83 (iyirmi yeddi min səksən beş ABŞ dolları 83 sent) ABŞ dolları təşkil edir. Bundan 12.678,25 (on iki min altı yüz yetmiş səkkiz ABŞ dolları 25 sent) ABŞ dolları əsas, 4.941,56 (dörd min doqquz yüz qırx bir ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 7.676,10 (yeddi min altı yüz yetmiş altı ABŞ dolları 10 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.789,92 (bir min yeddi yüz səksən doqquz ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmədə iştirak edən zaman Cavabdeh3 ona qarşı verilmiş iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(018)-1482/2025 saylı qətnaməsi ilə (hakim: İlqar Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 12678 (on iki min altı yüz yetmiş səkkiz) ABŞ dolları 25 sent əsas borc, 4941 (dörd min doqquz yüz qırx bir) ABŞ dolları 56 sent faiz borcu, 676 (altı yüz yetmiş altı) ABŞ dolları 10 sent cərimə,kredit müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1789 (min yeddi yüz səksən doqquz) ABŞ dolları 92 sent faiz borcu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 228 (iki yüz iyirmi səkkiz) manat 14 qəpik məbləğində pul vəsaiti tutulub LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MM-nin 385.1, 442, 467, 445.2, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4, 119.1-ci maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi əsasında İddiaçı ASC -dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondu krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, göstərmişdir ki, cavabdeh tərəf apellyasiya şikayətində Cavabdeh1 2015-ci ildə İddiaçı ASC-dən kredit götürmüşdür, Cavabdeh3 həmin 14 min ABŞ dolları kreditin 48 ay müddətinə qaytarılmasına zamin olmuşdur. Müddətə görə zaminlik xitam olub. Zaminə qarşı iddia ilə müddət bitdikdən sonra – 2025-ci ildə qaldırılmışdır. Müddətə görə zaminə qarşı tələb təmin edilmə bilinməzdi. Bu məsələlər həm qanunda, həm də zaminlik müqaviləsinin 5-ci bəndində öz əksini tapmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi zaminə qarşı da iddianı təmin etmişdir. Bu isə qanuna ziddir. Mülki Məcəllənin 447 – ci maddəsinin tətbiq etməli olduğu halda, etməmişdir. Normada nəzərdə tutulur ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cari iddiada isə zaminə qarşı iddia irəli sürmək müddəti keçmişdir. Məhkəmə müddətin keçməsinə baxmayaraq, zamini məsuliyyətə cəlb etməsini əsaslandırmamışdır. Halbuki, qətnamə qanuni və əsaslı olmalıdır, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və sübutlarla əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh3 aid təmin edildiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri b) İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərmiş olduğu ərizədə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş iddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə ilə təmsil olunmamışdır. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərmiş olduğu ərizədə məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti verərək, iddianın Cavabdeh3 aid təmin olunan hissədə ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmamasını xahiş etdiyindən, qətnamə apellyasiya şikayətinin dəlilləri həcmində iddia tələbinin Cavabdeh3 münasibətdə təmin olunan hissəsində əsaslılığı yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: ... 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. .... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə qiymətləndirməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmadan maddi və prosessual hüquq normalarını yanlış tətbiq və təfsir etmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə 16 dekabr 1992-ci il tarixli Qərarı; X1rşı iş üzrə 21 yanvar 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli Qərarı). Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. İş materiallarından və müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 12 fevral 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə kredit verilmişdir. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 18.533,58 ABŞ dolları təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmiş, öhdəliyin icra vaxtının qeyd olunan tarixə başa çatdığı aydın olmuşdur. Cavabdeh3 isə göstərilən kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə zamin qismində çıxış etmişdir. Zaminlik institutunun hüquqi mahiyyəti ondan ibarətdir ki, zaminin məsuliyyəti əsas öhdəliyə bağlı, törəmə xarakter daşıyır və bu məsuliyyətin mövcudluğu və həcmi bilavasitə əsas öhdəliyin taleyi ilə şərtlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi bu bağlılığı daha da dəqiqləşdirərək zaminliyin müddətsiz və qeyri-məhdud xarakter daşımasının qarşısını alır. Həmin normaya əsasən, zaminlik müqaviləsində onun verilmə müddəti göstərilmişdirsə, həmin müddətin qurtarması ilə zaminliyə xitam verilir, belə müddət müəyyən edilmədikdə isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu müddəa kreditorun hüquqlarını qorumaqla yanaşı, zaminin hüquqi vəziyyətinin qeyri-müəyyən müddət ərzində risk altında qalmasının qarşısını almağa yönəlmişdir. Qeyd edilən bir illik müddət hüquqi təbiətinə görə kəsici müddət hesab olunur. Kəsici müddət subyektiv hüququn mövcudluq həddini müəyyən edir və bu müddət bitdikdə müvafiq hüquq avtomatik olaraq, əlavə hüquqi akt və ya tərəflərin iradə ifadəsinə ehtiyac olmadan xitam tapır. Kəsici müddətin iddia müddətindən əsas fərqi ondan ibarətdir ki, iddia müddəti keçdikdə hüquq mövcudluğunu saxlayır, lakin onun məhkəmə müdafiəsi mümkünsüz olur, kəsici müddət bitdikdə isə hüququn özü aradan qalxır. Məhz bu səbəbdən, MM-nin 477.0.4-cü maddəsində nəzərdə tutulan müddətin ötürülməsi bərpa edilmir və məhkəmə tərəfindən tərəfin ayrıca etirazı olmasa belə nəzərə alınmalıdır. Hazırki iş üzrə əsas öhdəliyin icra müddəti xx.xx.2022-ci il tarixində başa çatdığından, zaminə qarşı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş bir illik kəsici müddətin axımı başlamış və xx.xx.2023-cü il tarixində sona çatmışdır. Bu müddət ərzində kreditor tərəfindən zamin Cavabdeh3 qarşı hər hansı iddianın qaldırılması faktı müəyyən edilməmişdir. İş materiallarından görünür ki, zaminə qarşı tələb yalnız 2025-ci ildə irəli sürülmüşdür ki, bu da qanunla müəyyən edilmiş kəsici müddətin əhəmiyyətli dərəcədə ötürülməsi deməkdir. Beləliklə, xx.xx.2023-cü il tarixindən etibarən zaminlik hüquqi münasibəti qanunun birbaşa göstərişi ilə xitam tapmış hesab edilməlidir. Zaminliyin xitamı ilə yanaşı, zaminin üzərinə düşən məsuliyyət də sona çatmış və kreditorun zaminə qarşı tələb hüququ aradan qalxmışdır. Bu hüquqi vəziyyət şəraitində zaminin sonradan məsuliyyətə cəlb edilməsi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin məqsəd və məzmununa, eləcə də zaminlik institutunun əsas prinsiplərinə ziddir. Birinci instansiya məhkəməsi isə göstərilən hüquqi nəticələri nəzərə almadan, əsas öhdəliyin icra müddətinin nə vaxt başa çatdığını və zaminə qarşı kəsici müddətin necə hesablanmalı olduğunu araşdırmamış, MM-nin 477.0.4-cü maddəsini tətbiq etməmiş və müddətin ötürülməsinə baxmayaraq zamin Cavabdeh3 kredit borcnun tutulmalı olması barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə bu nəticəyə gələrkən zaminliyin artıq xitam tapmış hüquqi münasibət olduğunu əsaslandırmamış, qətnaməni iş üzrə müəyyən edilmiş faktiki hallar və maddi hüquq normaları ilə uzlaşdırmamışdır. Nəticədə, Cavabdeh3 münasibətdə iddianın təmin edilməsi hissəsində qəbul edilmiş qətnamə maddi hüquq normalarının yanlış tətbiqi ilə çıxarılmış, iş üzrə müəyyən edilmiş faktiki hallar və tətbiq edilməli hüquq normaları ilə uzlaşmamışdır. AR Mülki Prosessual Məcəlləsi: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə faktiki və hüquqi hallar tam və hərtərəfli araşdırılmamış, Cavabdeh3 münasibətdə iddia tələbinə hüquqi qiymət verilərkən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməmiş, habelə məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə uzlaşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2(018)-1482/2025 saylı qətnaməsi iddianın Cavabdeh3 qarşı təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar