Məhkəmə qərarları › İş №2(3-9)-725/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-725/2026

10.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-725/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı Mirzoev Vakhıdın, iddiaçının nümayəndəsi və vəkili vəkil2 İbrahim oğlunun, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “heyvanların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı heyvanların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 335 baş qoyunun və 180 baş keçinin, onlar olmadıqda dəyəri olan 85000 manat pulun və dövlət rüsumuna görə 345 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1965-ci ildə Masallı rayonunda anadan olmuş, hazırda Masallı rayonu Məmmədoba kəndində yaşayır. Onun həmkəndlisi və qohumu olan Cavabdeh onu aldadaraq 335 baş qoyununu və 180 baş keçisini mənimsəmişdir, həmin qoyunların dəyəri 67000 manat və keçilərin dəyəri 18000 manat təşkil edir. Belə ki, o, 7 il əvvəl, yəni 2018-ci ildə 62 baş qoyun və 29 baş keçini saxlamaq üçün Cavabdeh vermişdir. Aralarında olan razılığa əsasən həmin heyvanların balasından ildə biri ona, digəri isə Ziyaya qalacaqdı, lakin həmin heyvanların hamısını alıb ona vermişdir. Hazırkı vaxtadək Cavabdeh ona ümumilikdə satdığı heyvanların pulundan 10750 manat pul vermiş, qalan pulu və ya heyvanları tələb etdikdə isə hər zaman yayınmışdır. Hazırda Cavabdeh ona ümumilikdə 335 baş qoyun və 180 baş keçi, yada ki onların dəyəri olan 85000 manat pul verməlidir. Cavabdeh qanunsuz olaraq əmlakını ələ keçirmişdir. Keçən 7 il ərzində heyvanların sayında xeyli artım olmuşdur və aralarında olan razılaşmaya əsasən heyvanların bir balası Ziyanın, bir balası isə onun olmalıdır. Lakin Cavabdeh aralarında razılaşmanı pozaraq onun heyvanlarını mənimsəmişdir. Hazırda onun qoyunları Ziyanın kənddə yerləşən fermasındadır, lakin qoyunlarını və keçilərini vermək istəmir. O, Masallı Rayon Polis Şöbəsinə də müraciət etmiş və ##.##.2025-ci il tarixli qərar əsasında cinayət işinin başlanması rədd olunmuşdur. Araşdırma zamanı Cavabdeh izahatı alınmış və izahatında ondan 28 baş keçi və 61 baş qoyun almasını, həmçinin heyvanın bir balasının Ziyaya, digərinin ona qalması barədə razılığa gəldiklərini və heyvanların çoxaldıqca satmasını təsdiqləmişdir. Lakin ona həmin heyvanların və ya onların dəyərinin ödənilməsini sübut edə bilməmişdir. Göründüyü kimi onun qeyd olunan heyvanları alması və cavabdehə verməsi artıq sübuta yetirilmişdir, cavabdehin isə ona qaytarması barədə heç bir sübutu yoxdur, buna baxmayaraq o, cavabdehin 10750 manat ona pul verməsini etiraf etmişdir. Cavabdeh ondan qoyun və keçiləri 7 il əvvəl almasını da etiraf etmişdir, təbii ki, keçən 7 il ərzində qoyun və keçilərin bala hesabına sayında artım olmuşdur, həmin heyvanlar ona məxsus olduğu üçün onlardan olan balalar da ona məxsus olmalıdır, aralarında razılığa əsasən bir bala cavabdehin, digər bala isə onun olmuşdur. Bunlar işin mübahisəsiz hallarıdır və cavabdeh özüdə etiraf etmişdir. Lakin, cavabdeh onun hesabına əsassız varlanmış və hazırda heyvanlarını qaytarmaq istəmir. Cavabdeh onun qarşısında öhdəlik götürmüşdür və hazırda öhdəliyini icra etməmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Sonradan iddiaçı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş məhkəmənin icraatında olan zaman cavabdeh ona borclu olduğu heyvanlardan 35 baş qoyun, 17 baş quzu və 25 baş keçini ona qaytarmışdır. Qaytardıqları heyvanların dəyəri 10300 manat təşkil edir. Ona görə də cavabdeh Cavabdeh 283 baş qoyunun və 155 baş keçinin, onlar olmadıqda dəyəri olan 74700 manat pulun və dövlət rüsumuna görə 345 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iş məhkəmə icraatında olan zaman cavabdeh ona borclu olduğu heyvanlardan 35 baş qoyun, 17 baş quzu və 25 baş keçi qaytarmışdır. Qaytarılan heyvanların dəyəri 10300 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim: Zeynal Zeynalov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 200 baş qoyun, 115 baş keçi və ya dəyəri 51350 manatın alınaraq iddiaçı Mırzoev Vakhıdə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 244.05 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh aid edilməsi və ondan tutularaq iddiaçı Mırzoev Vakhıdə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli Qərardan görünür ki, Cavabdeh Masallı rayon Polis şöbəsində verdiyi izahatından qeyd etmişdir ki, ##.##.2025-ci il tarixdə X2 Masallı Rayon Prokurorluğuna etdiyi müraciətlə tanış olmuşdur. Vahid Mirzəyev onun həmkəndlisi və qohumudur. Onunla düşmənçilik və ədavəti yoxdur. Təxminən 7 il bundan əvvəl Vahid Mirzəyev 28 baş keçi və 61 baş qoyun alaraq saxlamaq üçün ona vermişdir. Onların razılığına əsasən həmin heyvanın bir balası Vahid Mirzəyevə, növbəti balası isə ona qalacaqdı. Bu 7 il ərzində o həmin heyvanlar çoxaldıqca onları satmış və Vahid Mirzəyevə düşən pulu ona vermişdir. Həmçinin həmin heyvanlara pulun bir qismi ilə heyvanlar üçün yem və dərman vasitələri almışdır. Həmin yem və dərman vasitələrini həm onun, həm də Vahid Mirzəyevin pulu vasitəsilə almışdır. O həmin heyvanları satdıqca Vahid Mirzəyevin pulunu vaxtında vermişdir. Onun hazırda Vahid Mirzəyevə borcu qalmamışdır. Həmçinin hazırda onda 35 baş qoyun, 28 keçi vardır. Vahid Mirzəyevin bu barədə bildirdiyi yalan və böhtandır. Vahid Mirzəyevin bu barədə bildirdiyi yalandır. Vahid Mirzəyev həmin qoyunların hamısının dişi cinsli olmasını və hər bir heyvanın il ərzində 2 baş balasının olmasını hesablamışdır. Lakin bu hesab reallığı əks etdirməmişdir. Həmin heyvanlardan dişi cinsli olanların il ərzində bir balası olmuşdur. Bəzən isə heyvanlardan bəziləri il ərzində bala verməmişdir. Bundan başqa heyvanların içərisinidə xəstəlik nəticəsində tələf olanları da var idi. X3 riyazi olaraq hesabladığı 85000 manat pul real vəziyyəti əks etdirməmişdir. O, gün ərzində evdə və ya kənd ərazisində olmamışdır. Bu günə qədər müddətdə Vahid Mirzəyevin telefonlarına imkan olduğu vaxtlarda cavab vermişdir. O ondan bu günə qədər gizlənməmişdir. Masallı Rayon Statistika idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, 2025 ci ildə diri çəkisi 30 kq olan bir baş qoyunun orta bazar qiyməti 300 manat, bir baş keçinin isə orta bazar qiyməti 250 manat olmuşdur. Bir baş qoyunun və keçinin 7 il ərzində bala artımı orta hesabla 10-12 arasında təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 7 il əvvəl iddiaçı cavabdehə 62 baş qoyun və 29 baş keçi vermiş, onlardan 61 baş dişi qoyun, 1 baş qoç, 28 baş dişi keçi və bir baş erkək keçi olmuşdur. Aralarında olan razılaşmaya əsasən heyvanların doğulan balalarından biri iddiaçının, digər bala isə cavabdehin olmalı idi. Hazırda iddiaçı qeyd etmişdir ki, 7 il ərzində cavabdeh ona 10750 manat pul və məhkəmə icraatı zamanı 35 baş qoyun, 17 baş quzu və 25 baş keçi qaytarmışdır. İddiaçı məhkəmə iclası zamanı bir baş qoyunun orta hesabla 200 manata, bir baş keçinin isə orta hesabla 100 manata hesablayaraq cavabdeh Cavabdeh 283 baş qoyunun və 155 baş keçinin, onlar olmadıqda dəyəri olan 74700 manat pulun və dövlət rüsumuna görə 345 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməsə də etiraf etmişdir ki, təxminən 7 il bundan əvvəl Vahid Mirzəyev 28 baş keçi və 61 baş qoyun alaraq saxlamaq üçün ona vermişdir. Onların razılığına əsasən həmin heyvanın bir balası Vahid Mirzəyevə, növbəti balası isə ona qalacaqdı. Bu 7 il ərzində o həmin heyvanlar çoxaldıqca onları satmış və Vahid Mirzəyevə düşən pulu ona vermişdir. Lakin bununla bağlı məhkəməyə heç bir subut təqdim etməmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehdən 283 baş qoyunun və 155 baş keçinin, onlar olmadıqda dəyəri olan 74700 manat pulu tələb edir. İşdən görünür ki, Cavabdeh Masallı Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində verdiyi izahatında etiraf etmişdir ki, təxminən 7 il əvvəl Vahid Mirzəyev 28 baş keçi və 61 baş qoyun alaraq saxlamaq üçün ona vermişdir. Onların razılığına əsasən həmin heyvanın bir balası Vahid Mirzəyevə, növbəti balası isə ona qalacaqdı. Bu 7 il ərzində o, həmin heyvanlar çoxaldıqca onları satmış və Vahid Mirzəyevə düşən pulu ona vermişdir. Həmçinin həmin heyvanlar pulun bir qismi ilə heyvanlar üçün yem və dərman vasitələri almasını, həmin yem və dərman vasitələrini həm onun, həm də Vahid Mirzəyevin pulu vasitəsilə almasını, o həmin heyvanları satdıqca Vahid Mirzəyevin pulunu vaxtında verdiyini, onun hazırda Vahid Mirzəyevə borcu qalmamasını, bundan başqa heyvanların içərisində xəstəlik nəticəsində tələf olanları da olmasını bildirir. Lakin iddiaçının etiraf etdiyi 10750 manat puldan və 35 baş qoyun, 17 baş quzunun və 25 baş keçinin qaytarılmasından başqa, məhkəməyə heç bir subut təqdim edilməmişdir. Beləliklə, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də, cavabdeh iddiaçı qarşısında müəyyən olunmuş öhdəliyi üzərinə götürdüyündən, ona verilmiş əmlakın artıqca iddiaçıya qaytaracağı barədə öhdəliyi olduğundan və öhdəliyin tam yerinə yetirilməsi ilə bağlı subut olmadığından, cavabdeh iddiaçıya məxsus əmlakı qaytarmalıdır. Beləliklə, iddiaçının cavabdehə 7 il əvvəl, yəni 2018-ci ildə 61 baş dişi qoyun, 1 baş qoç, 28 baş dişi keçinin və bir baş erkək keçini verməsi, onların arasında heyvanlardan doğulan balalarından biri iddiaçının, digər bala isə cavabdehin olması ilə bağlı razılığın olması, cavabdehin iddiaçıya 10750 manat pulun, 35 baş qoyun, 17 baş quzunun və 25 baş keçinin qaytarması işin mübahisəsiz halıdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, burada sübut etmək yükü iddia edənin deyil, təkzib edənin üzərinə düşdüyündən cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hər hansı halı sübuta yetirməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Masallı Rayon Statistika idarəsinin arayışına əsasən 61 baş dişi qoyunun və 28 baş dişi keçinin 7 il ərzində 10-12 bala verməsinin minimum əmsalını əsas götürməklə 610 baş qoyun və 280 baş keçinin artım olması müəyyən edilir. Belə olan halda 610 baş qoyundan və 280 baş keçidən 305 baş qoyun və 140 baş keçinin iddiaçının, 305 baş qoyun və 140 baş keçinin cavabdehə aid olması müəyyən edilir. İddiaçıya aid olan 35 baş qoyunun, 17 baş quzunun və 25 baş keçinin qaytarılması nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 200 baş qoyun və 115 baş keçi qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tələbini əsaslandırarkən (baxmayaraq ki, sonradan heyvanların dəyəri barədə məhkəmə arayış təqdim edilmişdir və həmin arayışda heyvanların dəyəri yüksəkdir) və sonuncu məhkəmə iclasındada bir baş qoyunun 200 manata və bir baş keçinin 100 manata qiymətində hesablanmaqla ona qaytarılması xahiş etməsini nəzərə alaraq, qaytarılmalı olan heyvanlar olmadığı təqdirdə bir baş qoyunun 200 manata və bir baş keçinin 100 manata qiymətində hesablanmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıya əvvəl hissə-hissə olmaqla 10750 manat pul vermişdir. Belə olan halda bir baş qoyunun qiyməti 200 manat götürülməklə məhkəmə hesab etmişdir ki, cababdeh iddiaçıya 53-54 baş qoyun qaytarmışdır. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, cavabdehdən 200 baş qoyun və 115 baş keçi, onlar olmadığı təqdirdə dəyəri 51350 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsi 1.1, 14.1, 14.2.1, 385.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 119.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Masalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Masalı Rayon Polis Şöbəsində verdiyi izahatında aralarında olmuş şifahi razılaşmanın detalları barədə bildirmişdir ki, razılığa əsasən doğulacaq balalardan il ərzində biri onun, biri də iddiaçının olmalı idi. Və o bu cür də hərəkət edib, satdıqca iddiaçıya pulunu vermiş, ya da qoyun və keçinin balasını onun dediyi şəxslərə vermişdir. O həmçinin bildirmişdir ki, iddiaçının etiraf etdiyi 10750 manatdan başqa da, kəndə gələrkən onun payına düşən digər məbləğləri də vermiş, habelə iddiaçı ona lazım olanda qoyun-quzudan kəsdirib aparmış, aralarında narazılıq olmamışdır. Bu izahatlar nəzərə alınaraq, cavabdehin əmələrində etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, habelə etibar edilmiş özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətlərinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin məsələ üzrə Masalı Rayon Polis Şöbəsinin müvafiq vəzifəli şəxsi tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmənin istinad etdiyi Masalı Rayon Polis Şöbəsinin həmin qərarının qəbul olunmasına səbəb iddiaçı Mırzoev Vakhidin deyil, X4 ərizəsi olmuşdur. Əgər məhkəmə Masalı Rayon Polis Şöbəsində qəbul olunmuş qərara istinad edirdisə, cavabdehin həmin araşdırma zamanı verdiyi izahatı da sübut növü olaraq olduğu kimi qəbul etməli idi. Belə ki, tərəflərin izahatlarına əsasən, həmin vaxt Rusiyada yaşayan iddiaçı oradan gəlib yerli cinsli qoyun və keçiləri alaraq cavabdehə təhvil verərkən onların balası olmamışdır. Qoyun və keçilərin isə yaxşı halda (əgər xəstə olmasa və s.) bir ildən sonra balası olmalı, daha bir il ərzində onlar böyüyüb Masalı Rayon Statistika idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd olunduğu kimi 30 kiloqrama (!!!) çatdıqdan sonra satılmalı idi. Hesab edir ki, bunun üçün ən azı daha bir il keçməli idi. Deməli, balaların hesablanması və tərəflər arasında bölünməsi prosesi iki ildən sonra, yəni 7 il üçün deyil, ən çoxu 5 il üçün hesablanmalı idi. Bundan başqa, qoyun balaları adətən 12-15 kiloqram olduqda, keçi balaları isə 8-10 kiloqram və daha az çəkidə olduqda satılır. Habelə, qeyd olunan 7 il ərzində keçi və qoyunların xəstə olmaları, dabaq xəstəliyinə tutulmaları, epidemiyaların olması, doğarkən tələf olması haları, cavabdeh tərəfindən onların saxlanması üçün yem tədarükü görülməsi, həkim (baytar), dərmanla təmin olunması və sair halar, eləcə də hazırda ətin bir kiloqramının 7 il əvvəlkindən təxminən 2 dəfə baha olması qətnamə qəbul olunarkən məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh həmçinin bildirmişdir ki, verilmiş qoyunlar ildə bir baladan artıq verməmiş, son iki ildə isə Respublika ərazisində yayılmış dabaq xəstəliyi ilə əlaqədar, qoyun və keçilər demək olar ki, balalamamış, bir neçəsi isə xəstəlikdən ölmüşdür. Cavabdeh həm Masalı Rayon Polis İdarəsində, həm də məhkəmə zamanı iddiaçıya borcunun olmadığını, keçi və qoyun balalarını satıb pulunu razılaşdıqları kimi böldüyünü bildirmiş və bu hal iddiaçının iddia tələbində və izahatında qeyd etdiklərindən daha çox inandırıcıdır. Belə ki, iddiaçı əvvələr Rusiyada yaşasa da, oradan ildə 1-2 dəfə gəlib vaxtını yaşadığı kənddə keçirmiş, təxminən son 3 il ərzində isə daim doğulduğu Məmmədoba kəndində olmuş, bəzən bir neçə günlüyə Bakı şəhərində yaşayan övladlarının yanına getmişdir. İddiaçı cavabdehlə həmkəndli və qohum olmaqla, yaşadığı Məmmədoba kəndində öz evi vardır və o, kəndə gələndə birinci növbədə mütamadi olaraq cavabdehə verdiyi qoyun və keçilərlə maraqlanmış, ona düşən payını almış, ona lazım olanda qoyun quzudan kəsdirib həm özü, həm də oğlu aparmış, aralarında hər hansı problem olmamışdır. Əgər problem olsa idi, iddia tələbində qeyd olunan cavabdehin guya ona 7 il ərzində verdiyi cəmi 10750 manat pula razılaşmaz, 7 il ərzində aralarındakı razılaşmanı son günlərədək saxlamaz, cavabdehin aralarında olan razılaşmanın şərtlərini pozduğu halda hüquq-mühafizə orqanlarına və ya məhkəməyə bir neçə il öncə müraciət edərdi. Bunların heç birinin olmaması, 7 ildən sonra ilk dəfə polisə və məhkəməyə müraciət etməsi çox güman ki, cavabdehin sadəliyindən, savadsızlığından istifadə edib onun hesabına varlanmaq kimi başqa məqsədlər daşıyır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “Masalı Rayon Statistika idarəsinin arayışına əsasən 61 baş dişi qoyunun və 28 baş dişi keçinin 7 il ərzində 10-12 bala verməsinin minimum əmsalını əsas götürməklə 610 baş qoyun və 280 baş keçinin artım olması müəyyən edilir. Belə olan halda 610 baş qoyundan va 280 baş keçidan 305 baş qoyun və 140 baş keçinin iddiaçının, 305 baş qoyun və 140 baş keçinin cavabdehə aid olması müəyyən edilir. Qətnamədə qeyd olunan həmin mövqe Masalı Rayon Statistika idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd olunan dəqiqləşdirilməmiş, ehtimal xarakterli, nisbi göstəricilərə əsaslanmışdır. Tərəflər arasında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı müqavilə bağlanmadığından, aralarında etibar olduğundan və bu etibar 2025-ci ilin təxminən sentyabr ayına kimi davam etdiyindən, cavabdeh özündə hər hansı rəsmiləşdirmə və qeydiyyat aparmamış, tam olaraq razılaşmaya uyğun hərəkət etdiyindən, sübut toplamamış, yaxınlarını şahid qismində məhkəməyə dəvət etməmişdir. Eləcə də, bənzər işlərdə sübutetmə yükü iddiaçıya aid olduğu halda, məhkəmə hazırki işdə sübutetmə yükünü əsassız olaraq cavabdehin üzərinə qoymuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Mirzoev Vakhıd apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil2 İbrahim oğlu apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Hazırkı iş üzrə mübahisələndirilən qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın təmin edilmiş cavabdeh Cavabdeh 200 baş qoyun, 115 baş keçi və ya dəyəri 51350 manatın alınaraq iddiaçı Mırzoev Vakhıdə verilməsi hissəsində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsini maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, mübahisəni düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi qeyd edir ki, ilk öncə tərəflər arasında hüquq münasibəti ilə bağlı hüquqi dəyərləndirmə aparılması üçün işin faktiki hallarının düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, iş materiallarından tərəflərin 2018-ci ildə iddiaçıya məxsus müəyyən sayda qoyun və keçinin cavabdehə saxlanılması məqsədilə verilməsi və həmin heyvanlardan doğulacaq balaların növbə ilə tərəflər arasında bölüşdürülməsi barədə razılaşdıqları işin mübahisəsiz halıdır. Bu hal tərəflər arasında heyvanların artırılması və əldə ediləcək nəticənin bölüşdürülməsini nəzərdə tutan şifahi xarakterli razılaşmanın mövcudluğuna dəlalət edir. Məhkəmə tərkibi qeyd edir ki, hazırda tərəflər arasında hər hansı yazılı müqavilə mövcud olmamışdır. Aralarında olan şifahi razılaşma əsasında da heyvanların saxlanması, dərman, yem və digər zəruri ehtiyacları, habelə risklər (heyvanların xəstəliyə yoluxması, xəstəlik müalicələri) üçün şərtlərin müəyyənləşdirilməsi müəyyən edilmir. Göründüyü kimi tərəflər arasında münasibət yalnız pul borcu münasibəti kimi deyil, qarşılıqlı öhdəliklər yaradan müqavilə münasibəti kimi dəyərləndirilməlidir. Mülki Məcəllənin 389.1-ci maddəsinin mənasına görə tərəflərin mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi barədə razılaşması müqavilədir. Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrindən irəli gələn qaydalara əsasən isə müqavilədən irəli gələn öhdəliyin mövcudluğu və onun məzmunu müəyyən edilmədən tərəfin pul öhdəliyi daşıması barədə nəticəyə gəlmək mümkün deyildir. Hazırda tərəflər arasında yazılı müqavilə olmasa da, onlar arasında qarşılıqlı öhdəliklər mövcud olmuş və onlar 2018-2025-ci ilər ərzində birgə fəaliyyət göstərmişlər. Məhkəmə tərkibi qeyd edir ki, tərəflərin iradəsini azad şəkildə ifadə edən və qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən müqavilə tədqiq edilmədiyindən cavabdehin hansı öhdəlikləri üzərinə götürməsi, bu öhdəliyi lazımınca yerinə yetirib-yetirməməsi və sair xüsusatları müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan və formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Düzdür tərəflər müqavilənin yazılı formasından da istifadə edə bilər, lakin bu halda tərəflərin birgə fəaliyyəti nəticəsindən öhdəliyi icra etməyən tərəfin kim olması və icra etməmə nəticəsindən dəymiş ziyanın aradan qaldırılması halı üçün risk məhz tərəflərin üzərində qalmış olur, bu halda isə iddia edən tərəf sübut etməlidir ki, borclu tərəfindən ona ziyan vurulmuş və həmin ziyan məhz iddiaçının iddia etdiyi məbləğ həddindədir. Çünki mülki qanunvericiliyin sahibkarlıqla bağlı müddəlarından müəyyən edildiyi kimi, şəxs sahibkarlıqla bağlı fəaliyyətlə müstəqil şəkildə, şəxsi riski ilə məşğul olur. Bu zaman birgə fəaliyyət tərəfləri arasında müqavilədən gələn öhdəliklərlə bağlı mübahisələrin həll ediməsi üçün müqavilənin şərtləri ilə bağlı hallar tam aydın olmalıdır. Hazırkı mübahisədə isə iddiaçı bu şərtlərlə bağlı məhkəmə tərkibinə heç bir sübut təqdim edə bilmir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə iki və ya daha çox şəxsin mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı barədə razılaşması müqavilədir. Konstitusiya Məhkəməsi də qeyd edir ki, müqavilə tərəflərin iradələrinin razılaşdırılması nəticəsində yaranır və müqavilədən tərəflərin qarşılıqlı hüquq və vəzifələri meydana gəlir. İşin araşdırılan hallarından müəyyən edilmir ki, 2018-ci ildə tərəflər arasında hansı müqavilə və ya müqavilə xarakterli hüquq münasibəti yaranmışdır və həmin müqavilənin şərtlərinə əsasən cavabdehin iddiaçı qarşısında konkret olaraq hansı borcu mövcuddur. Bu hal müəyyən edilmədən birbaşa cavabdehdən 51350 manatın tutulması hüquqi baxımdan əsaslı sayıla bilməz. Mülki Məcəllənin 385.1-ci maddəsinin mahiyyətinə görə öhdəlikdə borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, kreditor isə həmin hərəkətin icrasını tələb edə bilər. Öhdəliyin yaranmasının əsaslarından biri müqavilədir. Ona görə iddiaçı 74700 manat tələb edirsə, ilk növbədə cavabdehin hansı konkret müqavilə öhdəliyini pozduğunu, həmin pozuntunun nədən ibarət olduğunu, cavabdehin iddiaçıya hansı sayda heyvan və ya hansı məbləğdə pul verməli olduğunu, faktiki olaraq nə qədər verilmədiyini, tələb olunan 74700 manatın necə hesablandığını, həmin 74700 manatın hansı maddi hüquq normasına əsasən tələb edildiyini sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normanın təvsirindən müəyyən edilir ki, iddiaçı istinad etdiyi halların mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Göründüyü kimi birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd olunanları nəzərə almadan tərəflər arasındakı real hüquq münasibətini müəyyən etmədən, faktiki olaraq yalnız iddiaçının izahatını əsas götürməklə həm maddi, həm də prosessual hüquq baxımından ciddi pozuntuya yol verməklə mübahisənin maddi hüquq normasını ümumiyyətlə seçməmişdir. Habelə iddiaçı statistika arayışına istinad edərək müvafiq hesablamalar aparmaqla ona 283 baş qoyunun və 155 baş keçinin, olmadıqda dəyərinin qaytarılmasını tələb etmiş, cavabdeh isə öz növbəsində bütün borcunu qaytardığını, 35 baş qoyun, 28 keçinin mövcud olduğunu, heyvanların dabaq xəstəliyindən tələb olmasını bildirmişdir. İddiaçının iddia tələbinin əsasında iki əsas durur. Cavabdehə vermiş olduğu qoyun və keçinin geri qaytarılması; eyni zamanda həmin heyvanlardan 7 il ərzində doğulmuş qoyun və keçinin geri qaytarılması. Göründüyü kimi iddiaçı ilk hissəyə münasibətdə mülkiyyət hüququnun bərpasını, digər hissədə isə əldən çıxmış faydanı cavabdehdən tələb edir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının hazırda cavabdehdən konkret sayda heyvanın naturada qaytarılmasını və ya onların dəyərinin ödənilməsini tələb etməsi üçün yalnız ilkin heyvanların cavabdehə verilməsi faktının müəyyən edilməsi kifayət etməməklə, bununla yanaşı, həmin razılaşmanın icrası nəticəsində iddiaçıya məxsus olduğu iddia edilən konkret heyvanların faktiki olaraq mövcudluğu, onların sayının nə qədər olması, cavabdehin sahibliyində qalması və iddiaçı tərəfindən artıq alınmış heyvan və pul vəsaitlərinin nəzərə alınmasından sonra hansı hissənin cavabdehin üzərində qalması da sübuta yetirilməlidir. Belə ki, sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Birinci instansiya məhkəməsi Masallı Rayon Statistika İdarəsinin ##.##.2026-cı il tarixli məktubunda göstərilən göstəriciləri əsas götürərək 62 baş dişi qoyun və 29 baş dişi keçinin yeddi il ərzində minimum əmsalla bala verməsi nəticəsində 610 baş qoyun və 280 baş keçinin əmələ gəldiyini, daha sonra onların yarısının iddiaçıya aid olduğunu müəyyən etmişdir. Lakin həmin məktub yalnız heyvanların müəyyən dövr ərzində bala artımına dair orta statistik göstəricini əks etdirmiş və konkret olaraq hazırkı iş üzrə iddiaçıya məxsus, cavabdehin sahibliyində olan heyvanların faktiki artımını, doğulan balaların sayını, onların hansı hissəsinin sağ qalmasını, hansı heyvanların satılmasını, tələf olmasını və ya digər səbəblərlə təsərrüfatdan çıxmasını müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, statistik göstəricidən konkret fərdi təsərrüfatda faktiki mövcud olmuş heyvanların sayının müəyyən edilməsi üçün birbaşa sübut kimi istifadə olunması yolverilməzdir. Əks halda ehtimal xarakterli orta göstərici faktiki hal kimi qəbul edilmiş olur. Eyni zamanda, iddiaçının özünün bildirdiyi kimi, cavabdeh tərəfindən ona 10750 manat pul, 35 baş qoyun, 17 baş quzu və 25 baş keçi qaytarılmışdır. Cavabdeh də həmin heyvanların satıldığını və iddiaçının payına düşən vəsaitin verildiyini bildirmişdir. Belə olan halda, iddiaçının hazırda tələb etdiyi qalan heyvanların sayının müəyyən edilməsi yalnız ilkin heyvan sayı və statistik artım göstəricisi əsasında deyil, tərəflər arasında faktiki aparılmış hesablaşmalar, verilmiş və qaytarılmış heyvanlar, satılmış heyvanlar, tələf olmuş heyvanlar və razılaşmanın digər şərtləri nəzərə alınmaqla müəyyən edilməli idi. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, iddiaçının özünün bildirdiyi hallara əsasən, 2018-ci ildə cavabdehə verilmiş 62 baş qoyundan 35 baş qoyun və 17 baş quzu, habelə 25 baş keçi sonradan iddiaçıya qaytarılmış, əlavə olaraq cavabdeh tərəfindən 10.750 manat pul ödənilmişdir. İddiaçının məhkəmə iclasında bir baş qoyunun dəyərini 200 manat müəyyən etməsi nəzərə alındıqda, 10.750 manat məbləğ 53-54 baş qoyunun dəyərinə bərabərdir. Beləliklə, qaytarılmış 35 baş qoyun və 17 baş quzu ilə yanaşı, ödənilmiş pul vəsaiti də qoyunun həmin qiyməti əsasında hesablandıqda, iddiaçının ilkin olaraq verdiyini bildirdiyi 62 baş qoyun və 29 baş keçinin sayını aşan həcmdə əmlak və pul vəsaitinin ona qaytarıldığı müəyyən edilir. Nəticə etibarilə iş materiallarında cavabdehin hazırda konkret olaraq iddianın təmin edilmiş 200 baş qoyun və 115 baş keçiyə görə məsuliyyət daşıdığını göstərən mötəbər sübutlar müəyyən edilmir. Daha mühüm olan isə ondan ibarətdir ki, iddiaçının tələb etdiyi heyvanların sayının hesablanması öz-özlüyündə həmin heyvanların faktiki mövcudluğunu sübut edə bilməz. Belə ki, müəyyən sayda ilkin heyvanın mövcudluğundan çıxış edilərək onların orta statistik göstəricilər əsasında neçə bala verməsinin hesablanması yalnız nəzəri riyazi hesablama yaradır. Həmin hesablama doğulan bütün balaların faktiki olaraq sağ qalmasını, sonrakı illərdə onların da bala verməsini, təsərrüfatda qalmasını və cavabdeh tərəfindən iddiaçıya verilməməsini müəyyən etməmişdir. Bu hal xüsusilə ona görə əhəmiyyətlidir ki, iddiaçının tələbi heyvanların sonrakı illərdə artımı nəticəsində konkret sayda əmlakın yaranmasına və həmin əmlakın cavabdehin sahibliyində qalmasına əsaslanır. Lakin iş materiallarında 2018-ci ildə verilmiş ilkin heyvanlardan sonrakı dövrdə faktiki olaraq neçə baş heyvanın doğulduğunu, onlardan neçəsinin tələf olduğunu, neçəsinin satıldığını, neçəsinin tərəflər arasında bölüşdürüldüyünü və hazırda cavabdehin sahibliyində neçə baş heyvanın qaldığını müəyyən etməyə imkan verən sübutlar mövcud deyildir. Bu hallar müəyyən edilmədən yalnız statistik göstəricilərə əsaslanmaqla cavabdehin konkret əmlakı qaytarmaq öhdəliyinin müəyyən edilməsi sübutetmə predmetinə daxil olan halların ehtimal əsasında müəyyən edilməsi deməkdir. Beləliklə, cavabdehin 2018-ci ildə iddiaçıdan müəyyən sayda qoyun və keçi qəbul etməsi və tərəflər arasında həmin heyvanlardan doğulan balaların bölüşdürülməsi barədə razılaşmanın olması mübahisələndirilməsə də, bu hallar cavabdehin hazırda iddiaçının tələb etdiyi sayda heyvanı özündə saxlamasını müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi isə ilkin heyvanların sayı ilə statistik artım göstəricisini birbaşa əlaqələndirərək faktiki mövcudluğu sübuta yetirilməmiş heyvan sayını müəyyən etmiş və həmin hesablama əsasında cavabdehin üzərinə 200 baş qoyun və 115 baş keçinin, onlar olmadıqda isə 51350 manat pulun qaytarılması öhdəliyini qoymuşdur. Buna görə də hüquqi əsası və faktiki əsasları sübuta yetirilməyən tələb üzrə cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar