Məhkəmə qərarları › İş №2(3-9)-735/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-735/2026

02.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-735/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 ona dəymiş 4000 manat ziyanın, vəkil xidmət haqqı olaraq ödənilən 300 manatın və ödənilən 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən ona məxsus ərazidə “xxxx” ASC-nin nəzdində uzun illər inşa edilmiş tikilinin divarlarının, şiferlərinin, dəmir hissələrinin sökülərək cavabdehlər tərəfindən aparılması nəticəsində dəymiş 4000 manat maddi ziyanın cavabdehlərdən alınıb onun xeyrinə ödənilməsi tələbinə dair *(*-***)-***/**** saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qərardadı ilə razılaşmayan iddiaçı İddiaçı Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadının ləğv edilməsinə və baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmasına dair şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilmədiyindən geri qaytarılmışdır. İddiaçı İddiaçı Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadından ## ### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi tərəflərin sahibkar olmaları əsası ilə icraata qəbul edilməmiş, iddiaya Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması barədə qərardad qəbul edilmişdir. Şikayət verən şəxs hesab etmişdir ki, həmin qərardad əsassız olduğundan ləğv edilməli, iş baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Bununla bağlı göstərilmişdir ki, 1997-ci ildə hərracdan 91.000 manata aldığı “xxxx” ASC-nin nəzdində 1992-ci ildə “xxxx” kiçik müəssisəsinə 0,30 ha torpaq sahəsi ayrılmış, sonradan müəyyən etmişdir ki, həmin ərazidə mövcud olmuş eni 6 metr, uzunluğu 22 metr olan tikili cavabdeh2 göstərişi və cavabdeh1 iştirakı ilə sökülmüş, tikinti materialları daşınmış və nəticədə ona 4.000 manatdan artıq maddi ziyan dəymişdir. Bununla əlaqədar polis şöbəsinə müraciət edərək təqsirli şəxslər barəsində cinayət işi başlanılmasını xahiş etmiş, lakin cinayət işi başlanılmamış, ona məhkəməyə müraciət etməsinin tövsiyə edildiyi bildirilmişdir. Şikayətdə daha sonra qeyd edilmişdir ki, məhkəməyə müraciət edərək ona məxsus ərazidə uzun illər əvvəl inşa edilmiş tikilinin divarlarının, talvar adlanan şiferlərin və dəmir parçalarının sökülərək naməlum şəxslər tərəfindən aparıldığını, hazırda isə həmin tikilinin cavabdeh2 göstərişi və cavabdeh1 iştirakı ilə söküldüyünün məlum olduğunu, bunun nəticəsində isə ona 4.000 manatdan artıq maddi ziyan dəydiyini bildirmişdir. Həmçinin göstərilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə cinayət işi başlanılmasının rədd edilməsi barədə təhqiqatçının qərarı qanuni hesab edilmiş, bundan sonra həmin tələblə ona dəymiş 4.000 manat ziyanın ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı cavabdeh2 tikilinin onun sabiq əri Məmi Məmmədova məxsus olduğunu bildirsə də, “xxxx” kiçik müəssisəsinin ona məxsus olmasını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdə cavabdeh2 Məmi Məmmədovla nikahının 1989-cu ildə pozulması, “xxxx” kiçik müəssisəsinin isə 1992-ci ildən fəaliyyət göstərməsi barədə sənədlər mövcud olsa da, cavabdeh2 məhkəmədə ərindən boşanmadığını, onun varisi olduğunu və “xxxx” kiçik müəssisəsinin özünə məxsus olduğunu bildirmiş, lakin bu halı təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən şikayət verən şəxs hesab etmişdir ki, ona məxsus ərazidə yerləşən tikilinin sökülməsinə göstəriş verməklə və söküntünü təşkil edib bunda iştirak etməklə cavabdeh2 və cavabdeh1 ona ziyan vurmuşlar, onlar fiziki şəxs olduqlarından dəymiş ziyanın ödənilməsi barədə mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Bu əsasla Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək işin baxılması üçün həmin məhkəməyə qaytarılması xahiş edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan sübutları, tətbiq edilməli maddi və prosessual hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı ona məxsus olduğunu iddia etdiyi ərazidə yerləşən tikilinin cavabdehlərin göstərişi və iştirakı ilə sökülməsi nəticəsində dəymiş 4000 manat maddi ziyanın, habelə vəkil xidmət haqqı və dövlət rüsumunun tutulmasını tələb etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının özü də Azərbaycan Respublikası Vergilər Nazirliyində fiziki şəxs kimi vergi uçotunda olduğunu etiraf etmiş, iş materiallarına əlavə olunmuş elektron sorğu məlumatları ilə həm iddiaçının, həm də hər iki cavabdehin VÖEN-ə malik olmaqla vergi ödəyicisi kimi qeydiyyatda olduqları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi məhz həmin rəsmi məlumatları qiymətləndirərək mübahisənin subyekt tərkibini və hüquq münasibətinin xarakterini araşdırmış, mübahisənin kommersiya məhkəməsinin aidiyyətinə aid olması nəticəsinə gəlmişdir. İddiaçı şikayətində göstərmişdir ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, ona məxsus tikilinin sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə əlaqədardır, cavabdehlər fiziki şəxslərdir, cinayət işi başlanılmasından imtina edildikdən sonra mülki qaydada məhkəməyə müraciət etmişdir və buna görə də işə Cəlilabad Rayon Məhkəməsində baxılmalı idi. O, həmçinin polis araşdırması zamanı cavabdeh2 “xxxx” kiçik müəssisəsinin ona məxsus olmasını təsdiq edən sənəd təqdim etmədiyini, tikilinin sökülməsində cavabdehlərin iştirak etdiyini, mübahisənin daşınmaz əmlakın yerləşdiyi yer üzrə həll edilməli olduğunu göstərərək İPM-in 8.1.1 və 8.4-cü maddələrinə istinad etmişdir. Kollegiya həmin dəlilləri əsaslı hesab etmir. Əvvəla, hazırkı mərhələdə həll edilən məsələ mübahisənin mahiyyəti, tikilinin kimə məxsus olması, cavabdehlərin həqiqətən ziyan vurub-vurmaması və ya ziyanın məbləği deyil, yalnız mübahisəyə hansı məhkəmənin baxmalı olmasıdır. Buna görə də şikayətdə göstərilən cinayət təhqiqatı, tikilinin sökülməsinin halları, “xxxx” kiçik müəssisəsinin hüquqi statusu və cavabdehlərin məsuliyyətinə dair dəlillər aidiyyət məsələsinin həlli baxımından həlledici əhəmiyyət kəsb etmir. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu mərhələdə yalnız mübahisənin subyekt tərkibini və hüquq münasibətinin xarakterini qiymətləndirmişdir. Bundan əlavə, mübahisənin predmeti sadəcə mülki hüquq pozuntusundan irəli gələn ziyanın əvəzinin ödənilməsi deyil, sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə edilən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən obyektin taleyi ilə bağlı yaranmış hüquq münasibətlərindən irəli gəlmişdir. Belə ki, şikayətdə zahirən yalnız ziyanın ödənilməsi tələbi irəli sürülsə də, mübahisənin faktiki əsası 1992-ci ildə “xxxx” kiçik müəssisəsinə ayrılmış 0,30 hektar torpaq sahəsi, həmin torpaq sahəsindən istifadə hüququ, ərazidə yerləşən tikilinin aidiyyəti və onun sökülməsi ilə əlaqədar tərəflər arasında yaranmış münasibətlərdən ibarətdir. İddiaçının özü də şikayətində tikilinin yerləşdiyi torpaq sahəsinin “xxxx” kiçik müəssisəsinə ayrıldığını, həmin ərazinin onun tərəfindən hərrac yolu ilə əldə edildiyini, cavabdehin isə həmin müəssisəyə və torpaq sahəsinə hüququ olduğunu iddia etdiyini göstərmişdir. Deməli, mübahisənin həlli üçün ilk növbədə torpaq sahəsinə və həmin sahədə sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edilən tikililərə dair hüquqi münasibətlərin, eləcə də tərəflərin həmin obyektlər üzərində hüquqlarının araşdırılması zəruridir. Bu isə mübahisənin sadəcə maddi ziyan tələbindən deyil, sahibkarlıq fəaliyyəti ilə əlaqədar əmlak münasibətlərindən irəli gəldiyini göstərir. Məhkəmə tərəfindən tətbiq edilmiş MPM-in 25.1 və 26.1-ci maddələrinin məzmunundan görünür ki, ümumi məhkəmələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə baxdığı halda, sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mübahisələr kommersiya məhkəmələrinin aidiyyətinə daxildir. Hazırkı iş üzrə məhkəmə elektron vergi sorğuları əsasında tərəflərin hər üçünün vergi uçotunda olduqlarını, sahibkarlıq fəaliyyəti subyekti kimi qeydiyyata alındıqlarını müəyyən etmiş və bunun əsasında MPM-in 32.3 və 32.4-cü maddələrinin tələblərinə uyğun olaraq aidiyyət məsələsini öz təşəbbüsü ilə həll etmişdir. MPM-in 32.6-cı maddəsinə əsasən də aidiyyət haqqında qərardad qəbul edildikdən sonra işin aidiyyəti üzrə göndərilməsi qanunvericiliyin müəyyən etdiyi qaydada həyata keçirilir. Bu baxımdan birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qanunun tələblərinə uyğundur. Şikayətçinin İPM-in 8.1.1 və 8.4-cü maddələrinə istinad etməsi də qərardadın ləğvi üçün əsas ola bilməz. Çünki həmin normalar inzibati məhkəmə icraatına aid olmaqla hazırkı mülki mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsini tənzimləmir. Hazırkı iş üzrə aidiyyət məsələsi Mülki Prosessual Məcəllənin 25, 26 və 32-ci maddələri əsasında həll edilməli idi və birinci instansiya məhkəməsi də məhz həmin normaları tətbiq etmişdir. Eyni zamanda, iddiaçının tərəflərin aidiyyəti mübahisələndirmədiyini göstərməsi də məhkəmənin aidiyyət məsələsini araşdırmaq səlahiyyətini aradan qaldırmır. MPM-in 32.3-cü maddəsinə əsasən hakim mübahisənin aidiyyətini öz təşəbbüsü ilə də müəyyən edə bilər və işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmək hüququna malikdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin aidiyyət məsələsini öz təşəbbüsü ilə həll etməsi prosessual qanunvericiliyin tələblərinə tam uyğundur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar