Məhkəmə qərarları › İş №2(3-9)-738/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-738/2026

14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-738/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X8 və X11 ibarət tərkibdə, katib X6, iddiaçının, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh borca verdiyi 3300 manat məbləğində pulun və ödənilmiş 57 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Sabirabad rayonu Güdəcühür köçkün qəsəbəsində qonşu olan cavabdeh 2024-cü ilin dekabr ayında oğluna avtomobil almaq üçün ondan 3700 manat nağd pul istəmiş, pulu qısa müddətdə qaytaracağına söz vermişdir. O, cavabdehin səmimiliyinə inanaraq ## ###### 2024-cü il tarixdə əri X3 yanında 3700 manat məbləğində ona borc vermişdir. Cavabdeh almış olduğu pulu 3 ay müddətində qaytarmağa söz vermişdir. Cavabdeh 3700 manat borcdan ## ###### 2025-ci il tarixdə cəmi 400 manat qaytarmışdır. Onun 3300 manat borcu qalıb. Müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina edir. Hər dəfə pulu ondan tələb edərkən əgər verdiyi puldan imtina etməsə, ondan polis şöbəsinə şikayət edəcəyini bildirərək onu şərləmək istəyir. Cavabdeh Cavabdeh ona borclu olduğu 3300 manat pulu könüllü olaraq geri qaytarmaq fikri yoxdur. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmiş, iddiaçı ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir Birinci instansiya məhkəməsində işə qiyabi icraat qaydasında baxılmışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) ## #### 2026-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsi üzrə ödənilməmiş qalıq 3300 (üç min üç yüz) manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi 57 (əlli yeddi) manat, ümumilikdə 3357 (üç min üç yüz əlli yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh şikayətində göstərmişdir ki, bacısı oğlu X2 maddi sıxıntısı olduğundan ona müraciət edərək borca pul tapmağa köməklik istəmiş, o, qonşusu olan İddiaçı faizlə pul verməsi barədə məlumatı olduğundan ona müraciət etmişdir. İddiaçı 2018-ci ilin iyul ayında 2000 manat (aylıq 200 manat faiz hesablamaqla) borca pul vermişdir. O 2000 manat pulun faizlə verilməsi şərtini Vidadi Babayevə bildirməklə razılıq əsasında ona vermişdi. Vidadi Babayev hər ay 200 manat pulu ona vermiş, o da 200 manatı hər ay İddiaçı ödəmişdir. X4 səhhəti ilə əlaqədar bacısı oğlu X2 onun qulluğunda dururdu. Müalicə xərclərinin artması səbəbindən maddi imkansızlıqdan məcburiyyətdən borcun əlavəsi olaraq 1700 manat əlavə pul götürmək zərurəti yaranmışdır. Bununla əlaqədar yenidən İddiaçı müraciət etmiş, Mənzurə 2020-ci ilin dekabr ayında əlavə 1700 manat (aylıq 170 manat faiz hesablamaqla) pulu ona verərək ümumilikdə 3700 manat borcun qarşılığında hər ay 370 manat faiz ödənilməsini tələb etmişdir. Bacısı oğlu X2 hər ay 370 manat olmaqla 2025-ci ilin noyyabr ayından etibarən 370 manat faizləri ödəmişdir. ##.##.2025-ci il tarixədək X2 iddiaçı İddiaçı ümumilikdə 27630 (iyirmi yeddi min altı yüz otuz) manat ödəniş etmişdir. 2025-ci ilin dekabr ayında ödəniş edə bilmədikdə İddiaçı pulun faizini, olmadıqda kötüyünü tələb emiş, bu səbəbdən bacısı oğlu X2 rayon Polis Şöbəsinə şikayət etmişdir. Daha sonra İddiaçı onlardan şikayətçi olmaqla iddia tələbi ilə Sabirabad rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasları barədə məlumatı olmamışdır. Bu səbəbdən qeyd edilən iş üzrə məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Qətnaməni əsassız hesab edir. Belə ki, iddiaçı iş üzrə ərini şahid gətirməklə ona borc pul verməsini və puldan qismən ödəniş edildiyini bildirmişdir. İddiaçının mötəbər sübutu yoxdur. Qeyd edilən hallar məhkəmə tərəfindən qərəzli olaraq qiymətləndirilmiş, nəricədə əsassız qətnamə qəbul edilmişdir. İzahatlar Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, məhkəmə baxışından cavabdehin məlumatı olmamışdır. Hesab edir ki, iddiaçı 3700 manat borcla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh iddiaçıdan 2018-ci ildə 2000 manat və sonra 1700 manat faizi ilə götürmüş və onları artıqlaması ilə qaytarmışdır. Pulun qaytarılması ilə bağlı səs yazısı vardır. Bunu məhkəməyə təqdim edə bilər. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini xahiş etmiş, iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, faiz söhbəti olmadan cavabdeh ondan borca pul almış və qaytarmamışdır. Əsaslandırma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı tələbində 2024-cü ilin dekabr ayında cavabdehə verdiyi 3700 manat borcdan qalan 3300 manat məbləğində pulun qaytarılmasını xahiş etmişdir. İşin hallarından görünür ki, tərəflər arasında yazılı müqavilə olmamışdır. İddiaçının tələbinə görə cavabdeh ondan pulu götürərkən aralarında şifahi razılaşma olmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətində və etirazında ayrı-ayrı vaxtlarda iddiaçıdan bacısı oğlu üçün 2000 manat və 1700 manat borca pul aldığını etiraf etmiş, lakin borcun qaytarıldığını da bildirmişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddiaçı izahatında 3700 manat məbləğində pul vəsaitini cavabdehə borca verdiyini bildirmişdir. İlk növbədə qeyd edilməlidir ki, Qanunun tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh tərəf iddiaçıdan ayrı-ayrı vaxtlarda 2000 manat və 1700 manat borca pul aldığını etiraf etmişdir. Kollgiya iddiaçının izahatını və cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə 2000 manat və 1700 manat borca pul verməsi faktı təsdiqini tapır. Belə ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh tərəf borcun qaytarıldığını bildirsə də bununla bağlı hər-hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi borcun qaytarılması ilə bağlı onda səs yazılarının olduğunu bildirmişdir. Kollegiya cavabdehin istinad etdiyi səs yazısının sübut olaraq qəbul edilməsini mümkün saymır. Belə ki, iş materiallarından görünür ki, cavabdehə birinci instansiya məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə etibarlı surətdə məlumat verilmiş, o, məhkəmə bildirişinə imza etmiş, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin birinci instansiya məhkəməsində sübut təqdim etmək imkanı olduğu halda belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində də belə sübut göstərməmiş və ya şikayətə əlavə etməmişdir. Halbuki, Qanunun tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Borcun qaytarıldığını sübuta yetirməklə bağlı sübutetmə yükü cavabdehin üzərindədir. Kollegiya hesab edir ki, cavabdeh tərəf etirazını, yəni borcun qaytarılmasını sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddianın təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə doğru nəticəyə gəlmişdir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar