Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-785/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında şifahi bağlanmış ##.##.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya cəmi 300 manat dəyərində məhsulu 6 ay müddətinə satılmışdır. Borclu aldığı malın dəyərindən heç bir ödəniş etməmiş, borclu qaldığı 300 manatı bu günədək ödəməmişdir. Borcun könüllü məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Füzuli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi (hakim: Elmir İsmayılov) ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında şifahi bağlanmış ##.##.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya cəmi 300 manat dəyərində məhsulu 6 ay müddətinə satıldığını və pulun ödənilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. İddiaçı tərəfindən iddia ərizəsində istinad edilən ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən sübutun təqdim edilməməsini nəzərə almaqla məhkəmə hesab etmişdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələbin əsaslandığı hallara dair sübutların təqdim edilməməsi iddianın əsassızlığı nəticəsinə gəlmək üçün əsasdır. İddiaçı tərəfindən üzərinə düşən sübutetmə vəzifəsi icra edilmədiyindən, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1-ci maddələri, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 77.1, 14.2 106.1, 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Füzuli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 300 manat borcun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi və dövlət rüsumu və digər məhkəmə xərclərinin cavabdehə aid edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən əsas olaraq iddiaçı tərəfindən sübut təqdim edilmədiyini göstərmişdir. Lakin məhkəmə iş üzrə mövcud halları, tərəflər arasında yaranmış nisyə alqı-satqı münasibətini, cavabdehin aldığı məhsulun dəyərini ödəməməsini və cavabdehin məhkəməyə gəlməməsini tam və düzgün qiymətləndirməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmiş və borcu ödədiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən borcun ödənilməsi, borcun olmaması və ya iddia tələbinə əsaslı etiraz edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyi halda, məhkəmə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Halbuki, borcun ödənildiyini sübut etmək vəzifəsi də borclunun üzərinə düşür. Cavabdeh aldığı məhsulun dəyərini ödəməmiş, öhdəliyini icra etməmişdir. Apellyasiya instansiyasına təqdim ediləcək əlavə sübutlar cavabdehlə aralarında borc münasibətinin mövcudluğunu, məhsulun verildiyini və borcun bu günədək ödənilmədiyini təsdiq edir. Həmin sübutların araşdırılması iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia tələbi rədd edilmiş, iddiaçı qətnamənin tam ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində-iddianın təmin edilməmiş cavabdeh Cavabdeh 300 manat borcun tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddia tələbindən müəyyən edilir ki, iddiaçı tələbinin əsası kimi tərəflər arasında ##.##.2021-ci il tarixdə şifahi nisyə alqı-satqı müqaviləsinin bağlanmasına, həmin müqaviləyə əsasən cavabdehə 300 manat dəyərində məhsulun verilməsinə və məhsulun dəyərinin cavabdeh tərəfindən ödənilməməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən istinad edilən ##.##.2021-ci il tarixli nisyə alqı-satqı münasibətinin mövcudluğunu, məhsulun cavabdehə verilməsini və bunun nəticəsində sonuncunun 300 manat məbləğində borclu qalmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, iddiaçının tələbini əsaslandırdığı halları sübuta yetirmək vəzifəsini yerinə yetirmədiyi qənaətinə gəlinərək iddia tələbinin təmin edilməsi üçün əsasların olmadığı qəbul edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Hazırkı mülki işdə iddiaçı borcun yaranmasına əsas kimi tərəflər arasında ##.##.2021-ci il tarixdə şifahi nisyə alqı-satqı müqaviləsinin bağlandığını, həmin müqavilə əsasında cavabdehə 300 manat dəyərində məhsul verildiyini və sonuncunun məhsulun dəyərini ödəmədiyini bildirsə də, bu halları təsdiq edən mötəbər və yetərli sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddiaçının istinad etdiyi hüquqi münasibətin mövcudluğunu və həmin münasibətdən irəli gələn borcun yaranmasını ilkin olaraq sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. İddiaçının apellyasiya şikayətində məhkəmənin iş üzrə halları araşdırmadığına dair dəlili əsaslı hesab edilə bilməz. Çünki məhkəmə mübahisənin faktiki hallarını tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən edir və sübutetmə yükünü tərəflərdən birinin əvəzinə həyata keçirməklə onun prosessual vəzifəsini öz üzərinə götürə bilməz. Eyni zamanda, cavabdehin məhkəmə iclasında iştirak etməməsi və borcun ödənilməsini təsdiq edən sübut təqdim etməməsi də iddiaçının üzərinə düşən ilkin sübutetmə vəzifəsini aradan qaldırmamışdır. Cavabdehin prosesdə iştirak etməməsi iddiaçının istinad etdiyi borc münasibətinin və borcun mövcudluğunun etirafı kimi qəbul edilə bilməz. Belə ki, cavabdehin borcu ödədiyini sübut etməsi məsələsi yalnız borcun mövcudluğu və onun cavabdehin üzərinə düşməsi ilkin olaraq müəyyən edildiyi halda əhəmiyyət kəsb edə bilər. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən tərəflər arasında nisyə alqı-satqı münasibətinin yarandığı, məhsulun cavabdehə verildiyi və bunun nəticəsində 300 manat məbləğində borcun əmələ gəldiyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi iddiaçının birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonra apellyasiya mərhələsində təqdim etdiyi ## ###### 2021-ci il tarixli alqı-satqı müqaviləsinin sübut qismində qəbul edilməsinin yolverilməzliyi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda Konstitusiya Məhkəməsinin bir çox qərarlarında apellyasiya mərhələsində sübutların təqdim edilməsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi, yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin. Göründüyü kimi qanunverici sübutların yalnız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun. Halbuki iddiaçı tərəf həmin sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin ondan asılı olmayan səbəblərə aydınlıq gətirməmişdir. «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında-birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Məlum olur ki, iddiaçı birinci instansiya məhkəməsində işə baxılması, irəli sürdüyü iddia tələbinin əsasları və həmin tələbin sübut edilməsi zərurəti barədə məlumatlı olmuşdur. iddiaçı birinci instansiya məhkəməsində işə baxılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsinin şifahi formada bağlandığını bildirmiş və iddia tələbini də məhz həmin hala əsaslandırmışdır. Buna baxmayaraq, apellyasiya icraatı zamanı iddiaçı əvvəlki mövqeyindən fərqli olaraq, tərəflər arasında bağlandığını bildirdiyi alqı-satqı münasibətini təsdiq edən ## ###### 2021-ci il tarixli yazılı alqı-satqı müqaviləsini təqdim etmişdir. Beləliklə, birinci instansiya məhkəməsində mübahisənin əsasını şifahi alqı-satqı müqaviləsinin təşkil etdiyini irəli sürən iddiaçının həmin münasibətə dair sonradan yazılı müqavilə təqdim etməsi yeni sübutun apellyasiya mərhələsində təqdim edilməsini əsaslandıran halların açıqlanmasını tələb edir. Belə olan halda, birinci instansiya məhkəməsində şifahi alqısatqı münasibətinin mövcudluğuna istinad edən iddiaçının apellyasiya mərhələsində həmin münasibəti təsdiq edən yazılı müqaviləni təqdim etməsi yeni sübutun vaxtında təqdim edilməməsinin səbəblərinə dair əsaslandırılmış izahın verilməsini zəruri etsə də, iddiaçı tərəfindən belə izah təqdim edilməmişdir. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-785/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-785/2026
10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver