Məhkəmə qərarları › İş №2(3-9)-796/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-796/2026

22.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-796/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh nar məhsuluna görə aralarında olan şifahi nisyə alğı-satqı müqaviləsinə əsasən borclu qaldığı 1050 manat, vəkilin xidmətindən istifadəyə görə 50 manat və dövlət rüsumuna görə ödədiyi 31 manat olmaqla, ümumilikdə 1131 manat məbləğdə pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Beyi kəndində yaşayır. Yaşadığı evin yerləşdiyi həyətyanı torpaq sahəsində əkib becərdiyi nar ağaclarından əldə etdiyi nar məhsulunu satıb əldə etdiyi pulla ailəsinin təminatını ödəyir. ## ###### 2025-ci il tarixdə öz həyətyanı torpaq sahəsində becərdiyi 2500 kiloqram nar məhsulunu satmaq üçün Sabirabad rayonunun Qaratəpə kəndindən olan Railin idarə etdiyi “Qazel” markalı yük maşını ilə Bakı şəhəri Qaradağ rayonu ərazisindəki “Meyvəli” adlanan bazara aparmışdır. Həmin vaxt Cavabdeh ona zəng edərək “Əcəmi” metrostansiyasının yanında alver etdiyini və ona təcili nar lazım olduğunu bildirmişdir. O, satmaq üçün “Meyvəli” bazarına apardığı 2500 kiloqram narı cavabdehin alver etdiyi “Əcəmi” metro stansiyasına aparıb, narın hər kiloqramını 60 qəpikdən olmaqla, 1500 manata razılaşmışdır, həmin vaxt cavabdehin yanında olar arvadı və oğlunun iştirakı ilə cavabdehə vermişdir. O, narı cavabdehə verəndən sonra narın pulundan 450 manat ona vermiş və qalan 1050 manatı isə bir həftədən sonra verəcəyini bildirmişdir. Cavabdeh borclu qaldığı 1050 manat pulu ödəyəcəyi müddət bitəndən sonra ondan xahiş etsə də, 3 aya yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh ödəməkdən yayınmışdır. Cavabdehə satdığı narın pulundan borclu qaldığı 1050 manatı ödəmədiyinə görə 2026-cı ilin əvvəllərində ərizə ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Cavabdeh ondan əvvəlcədən 450 manat ödəmiş, nisyə aldığı narın pulundan borclu qaldığı 1050 manat pulu ödəmədiyinə görə maddi vəziyyəti ağırlaşmış və ailənin maddi təminatını ödəməkdə maddi çətinlik çəkmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırlıq və baxış iclası təkrar olaraq təxirə salınaraq iddiaçıya əlavə sübutlar, həmçinin özünün bildirdiyi şahidi məhkəmə iclasına gətirməsi təklifi verilsə də, iddiaçı sübutlarını təqdim etməmişdir. Bundan əlavə, iddiaçı tələbində cavabdehin polis şöbəsində verdiyi izahatında borcu etiraf etməsini göstərmiş, lakin polis şöbəsində İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı da iddiaçının göstədikləri öz təsdiqini tapmamış, cavabdeh polis şöbəsində və məhkəmə iclasında verdiyi izahatlarında qəti olaraq onun iddiaçıya borcu olmadığını bildirmişdir. Tərəflər arasında nə alğı-satqı müqaviləsi, nə də borc münasibəti mövcud olmuşdur. Əksinə, cavabdeh narı “Meyvəli” bazarında sata bilmədiyi üçün iddiaçının yanına gəlmiş, narın bir hissəsini onun yanında saxlamış, lakin narları götürməmiş və nəticədə məhsul çürümüşdür. İddiaçı tərəfindən tələbinin əsaslandırılması üçün kifayət qədər etibarlı və obyektiv sübut təqdim edilməmişdir. Mövcud sübutlar iddia tələbini təsdiq etmir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 14.1-ci, 14.2-ci, 385.1-ci, 386.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə irəli sürülmüş sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən araşdırılmalı olan hallar araşdırılmamış, sübutlarımım təqdim olunmasına cəhd göstərilməmişdir. Cavabdeh iddianı qismən qəbul etsə də, həmin xüsusatlara hüquqi qiymət verilməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, “Meyvəli” bazarına öz həyətindən yığdığı narı satmağa aparmışdır. Cavabdeh ona telefonla zəng edərək malın şəklini istəmişdir. Malın şəklini çəkərək ona göndərmişdir. İlkin olaraq 3 qutu mal aparmağını, daha sonra isə malın hamısını gətirməsini bildirmişdir. Ümumilikdə mal 97 qutu təşkil edirdi və təxminən 3 ton ağırlığında idi. Cavabdehi əvvəldən tanıyırdı və həmin vaxtadək aralarında münasibətlər normal olmuşdur. Malı ona apardıqdan sonra cavabdeh malın 1 kiloqramını 80 qəpik deyil, 60 qəpikdən götürə biləcəyini bildirdi. O da bununla razılaşmışdır. Təxminən 2 ton yarım, ümumi dəyəri 1500 manat olan malı ona vermişdir. Malı gətirən nəqliyyat vasitəsinin pulunu ödəməli olduğu üçün cavabdehdən malın pulunu ödəməsini xahiş etmişdir. O, 250 manat pul vermiş və qalan məbləği 3 gün ərzində ödəyəcəyini bildirmişdir. Lakin 3 gün sonra yalnız 200 manat məbləğdə pulu bank kartına köçürmüşdür. Bundan sonra qalan məbləği ödəməmişdir. Qalan borcun ödənilməsi üçün uzun müddət gözlədikdən sonra məsələ ilə bağlı polisə müraciət etmişdir. Məhkəmədən xahiş etmişdir ki, cavabdehlə aralarında baş vermiş telefon danışıqları müvafiq sorğu əsasında əldə edilərək iş materiallarına əlavə edilsin. Lakin bu vəsatət qəbul edilməmişdir. Həmçinin cavabdehin yanına getdiyi zaman malın miqdarı 700 kiloqramdan çox olmuşdur. Hazırda malın dəqiq miqdarı və cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ##.##.2026-cı il tarixdə Kürdəmir RPŞ-yə verdiyi izahatın surətindən görünür ki, o, İddiaçı tanıyır, həmin vaxtı Bakı şəhərində “Memar Əcəmi” metrostansiyasının yaxınlığında meyvə alveri ilə məşğul olduğunu və İddiaçı də Qaradağ rayonu ərazisinə “Meyvəli” bazarına satmaq üçün nar gətirdiyini və nar ucuz olduğundan sata bilmədiyindən ona zəng edib, narları satmağa köməklik etməsini bildirmişdir. Nəbidən nar almamış və ona hər hansı borcu yoxdur. Kürdəmir RPŞ-nin ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** saylı İddiaçı ünvanlanmış məktubundan görünür ki, onun ##.##.2026-cı il tarixdə Kürdəmir RPŞ-yə müraciətinə baxılmış, araşdırma zamanı məlum olmuşdur ki, toplanmış material üzrə inzibati xəta tərkibi yoxdur və müraciət mülki xarakterlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış və mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar