Məhkəmə qərarları › İş №2(3-9)-810/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-810/2026

03.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-810/2026 03.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Abdullayeva (Məmmədova) Zümrüd İsmayıl qızı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Abdullayeva (Məmmədova) Zümrüd İsmayıl qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsmayıl qızından 8000 manat məbləğdə əsas borc və dövlət rüsumuna görə ödədiyi 100 manat, cəmi 8100 manat məbləğdə pulun alınıb ona ödənilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Abdullayeva (Məmmədova) Zümrüd İsmayıl qızından 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat məbləğdə pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Abdullayeva (Məmmədova) Zümrüd İsmayıl qızı # #### 2026-cı il tarixdə şikayət verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 10-1.1-10.1.3-cü maddələrinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Habelə MPM-in 135.6-cı maddəsinə əsasən Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Beləliklə, məhkəmə tərkibi bildirir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən Çıxarışdan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi Abdullayeva (Məmmədova) Zümrüd İsmayıl qızının elektron kabinetinə # ### 2026-cı il tarixdə yerləşdirilmişdir (səh. 40). MPM-in 135.5-ci maddəsinin tələbləri baxımından prosessual müddətin hesablanması həmin gündən başlanıldığından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət # #### 2026-cı il tarixdə artıq başa çatmışdır. Bununla belə, apellyasiya şikayəti # #### 2026-cı il tarixdə verilmişdir. Göründüyü kimi, Abdullayeva (Məmmədova) Zümrüd İsmayıl qızı prosessual hüquqlarından vaxtında və lazımi qaydada istifadə etməmişdir. Bundan başqa, diqqətə çatdırılır ki, Abdullayeva (Məmmədova) Zümrüd İsmayıl qızı tərəfindən Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Qeyd edilməlidir ki, MPM-in 47.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Habelə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Qeyd edilməlidir ki, MPM-in 363.1.-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən Abdullayeva (Məmmədova) Zümrüd İsmayıl tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə tərkibi şərh edilənlərə əsasən və MPM-in 263-264, 366, 402.2.1-ci və 403cü maddələrinin tələblərini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin Apellyasiya şikayəti MPM-in 363.1.3-cü maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar