Məhkəmə qərarları › İş №2(3-9)-817/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-817/2026

10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-817/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehdən 6500 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı cavabdehdən 6500 manat məbləğində pulun və ödənilmiş 85 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh onun yoldaşı Aqilə müəllim vasitəsilə tanımışdır. 2024-cü ilin aprel ayında cavabdehin yoldaşı iddiaçıya bildirmişdir ki, Cavabdeh problemi var və onlara təcili pul lazımdır. İddiaçıdan kömək etməyi xahiş etmişdir. İddiaçı da onları tanıdığı üçün ##.##.2024-cü il tarixdə Cavabdeh 6500 manat məbləğində borc pul vermişdir. O, borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Artıq borcu verdiyi vaxtdan iki ilə yaxın vaxt keçməsinə və dəfələrlə pulunu istəməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcu qaytarmamışdır. İddiaçı onkoloji xəstədir və müalicəsilə bağlı bankdan kredit götürmüşdür. Bundan başqa övladı təhsil alır. Onun ehtiyaclarını qarşılamaqda, kreditlərinin ödənişində çətinlik çəkir. Cavabdeh pulu qaytarmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi (hakim: Zaur Pirverdiyev) ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 6500 manat məbləğində borc və ödənilmiş 85 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı verilməsi və cavabdeh Cavabdeh 1,8 manat məhkəmə xərcinin tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Əlyazma vərəqəsindən görünür ki, cavabdeh iddiaçıdan ##.##.2024-cü il tarixdə 6500 manat məbləğində pulu borc almışdır. ##.##.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə ##.##.2024-cü il tarixdə 6500 manat məbləğində pulu qaytarmaq şərtilə borc vermişdir. Tərəflər arasında borcun məbləği və qaytarılmasını nəzərdə tutan məlumatlar cavabdehin əl yazısı ilə kağız vərəqə yazılmış və iddiaçıya təqdim edilmişdir. İddiaçı cavabdehdən pulun qaytarılmasını tələb etmiş, cavabdeh həmin pulu qaytarmaqdan imtina etmişdir. Göründüyü kimi tərəflər arasında borc münasibətinin olduğu iş materialına əlavə edilmiş əlyazma vərəqəsində öz təsdiqini tapmış, həmçinin cavabdeh iddianı etiraf etmişdir. Məhkəmə cavabdehin iddianı etiraf etməsini, iddianı etirafın qanuna zidd olmadığı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını, habelə iddiaçının tələbinin digər sübutlarla da təsdiq edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh 6500 manat məbləğində pul vəsaiti alınıb iddiaçı İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 742.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 106.3, 107, 115.0.3, 119.1, 220.5-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini qismən yəni onda 6500 manat pulun tutulub iddaçıya verilməsi hissəsində ləğv edilərək həmin hissədə ondan 570 manat pulun tutulub iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçıya iddia ərizəsində qeyd edilən qədər borcu yoxdur. Belə ki, o, iddiaçıya olan borcunun 5930 manat hissəsini ödəmişdir, onun hazırda iddiaçıya cəmi 570 manat borcu vardır. Məhkəmə işi düzgün araşdırmamış, qanunsuz qətnamə qəbul etmişdir. Bildirir ki, 2024-cü ilin mart ayında onun pula ehtiyacı olduğu üçün iddiaçıya müraciət etmişdir və iddiaçı ona 6500 manat pul vermişdir. İddiaçı pulu ona verəndən sonra demişdir ki, o bu pulu sələmə verir. Həmçinin ona dedi ki, hər ay ödənişi rayon ərazisində fəaliyət göstərən aptekdə satıcı işləyən Lamiyə adlı xanıma verərsən. O da hər ay həmin aptekdə işləyən İbrahimli Lamiyə Davud qızına ödənişlərini etmişdir. Həmçinin qeyd edir ki, o hər ay pulu Lamiyə xanıma verəndə o pulu ondan alması barədə ona qəbz yazıb vermişdir. Eyni zamanda həyat yoldaşının maaş kartıda iddaçıda idi, o həmin kartdan 2500 manat pulu özü götürmüşdür. Eyni zamanda qeyd edir ki, İbrahimli Lamiyə Davud qızı məhkəmədə şahid qismində dindirilərsə hər şey aydınlaşar. Hazırkı iş üzrə məhkəmə bütün bu halları nəzərə almamış, aydınlaşdırmamış yalnız iddiaçının verdiyi əsassız sübutlar əsasında qeyri-obyektiv qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh məhkəmə iclasında iştirakının mümkünsüzlüyünü təsdiq edən hər hansı bir əsaslı səbəb göstərməmiş, səhhətində problemlər olması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia tələbi təmin edilmiş, cavabdeh qətnamənin tam ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində-iddianın təmin edilmiş cavabdeh Cavabdeh 6500 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddia tələbindən müəyyən edilir ki, iddiaçı cavabdehdən 6500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 85 manat dövlət rüsumunun tutulmasını tələb etmiş, tələbini cavabdehə pul borc verməsi, cavabdehin həmin borcu qaytarmaq öhdəliyi götürməsi, lakin sonuncunun borc məbləğini qaytarmaması ilə əsaslandırmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş əlyazma vərəqəsindən cavabdehin 6500 manat məbləğində pulu borc aldığı müəyyən edilir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə nəticəyə gəlmişdir ki, tərəflər arasında 6500 manat məbləğində borc münasibəti yaranmış, cavabdeh həmin pul vəsaitini iddiaçıdan borc olaraq almış və borcun qaytarılmasını öz əl yazısı ilə təsdiq etmişdir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iddiaçı tərəfindən borcun qaytarılması tələb edilsə də, cavabdeh həmin öhdəliyi icra etməmişdir. Bununla yanaşı, cavabdehin məhkəmədə iddianı etiraf etməsi də digər sübutlarla birlikdə borc münasibətinin mövcudluğunu təsdiq edən hal kimi qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, onun iddiaçı qarşısında 6500 manat məbləğində borcu qalmamış, borcun 5930 manat hissəsini ödəmiş və hazırda yalnız 570 manat borcu vardır. Cavabdeh bildirmişdir ki, borc üzrə etdiyi ödənişləri iddiaçının göstərişi ilə aptekdə işləyən İbrahimli Lamiyə Davud qızına vermiş, həmin ödənişlərlə bağlı qəbzlər almış, habelə həyat yoldaşının maaş kartından 2500 manat məbləğində vəsaiti götürmüşdür. Bu halların məhkəmə tərəfindən araşdırılmadığını, xüsusilə İbrahimli Lamiyə Davud qızının şahid qismində dindirilmədiyini göstərərək qətnamənin mübahisələndirilən hissəsinin ləğv edilməsini və yalnız 570 manatın tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, cavabdeh aldığı pulu qaytarmadından, iddiaçı ona qarşı borcun qaytarılmasını tələb etmişdir. İddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740-cı maddələri təşkil edir. 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı mülki iş üzrə iş materiallarında olan əlyazma vərəqəsindən görünür ki, cavabdeh iddiaçıdan ##.##.2024-cü il tarixdə 6500 manat məbləğində pulu borc almışdır. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı-borcverən müəyyənləşdirilmiş borc pulu cavabdehə-borcalana vermiş, cavabdeh isə aldığı borc pulu müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüş olsa da, buna lazımınca əməl etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirərək şikayətin dəlillərinin əsassız olması qənaətinə gəlir. İş materiallarında olan (cild 1; səhifə 33) ## ### 2026-cı il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 6.500 manat məbləğində borc aldığını, maddi imkanının olmaması səbəbindən həmin borcu qaytara bilmədiyini, iddia ərizəsinə əlavə edilmiş qəbzin öz tərəfindən yazıldığını və borcun hər ay 500 manat olmaqla ödənilməsinə razı olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının 6.500 manat məbləğində borcun qaytarılması barədə tələbini etiraf etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər, nümayəndələr və vəkillər protokolla tanış olmaq və onun imzalandığı andan 3 gün ərzində protokolda yol verilmiş yanlışlıqları və ya natamamlıqları göstərməklə protokol barədə yazılı qeydlər təqdim etmək hüququna malikdirlər. Lakin cavabdeh tərəfindən məhkəmə iclas protokolunda əks olunmuş həmin izahatlara dair hər hansı yazılı qeyd və ya etiraz təqdim edilməyib. Eyni zamanda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində ifadə etdiyi mövqedən tamamilə fərqli mövqe irəli sürərək, 6.500 manat məbləğində borcu vaxtında ödədiyini, hazırda yalnız 570 manat borcunun qaldığını bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin apellyasiya mərhələsində irəli sürdüyü bu dəlillər iş materialları ilə sübut olunmadığından əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində borcun iddiaçı tərəfindən faizlə verildiyini, ödənişləri isə iddiaçının göstərişi əsasında İbrahimli Lamiyə Davud qızına etdiyini və hər bir ödənişə dair qəbz aldığını bildirsə də, birinci instansiya məhkəməsində işə baxılarkən bu halı mübahisənin müdafiəsi vasitəsi kimi irəli sürməmiş, həmin şəxsin şahid qismində məhkəməyə çağırılmasını xahiş etməmişdir. Həmçinin cavabdeh tərəfindən iddia etdiyi ödənişləri təsdiq edən qəbzlər nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Cavabdehin həyat yoldaşının bank kartından hər ay pul vəsaiti çıxarılaraq borcun ödənildiyini bildirməsi də müvafiq sübutlarla təsdiq olunmamışdır. Belə ki, həmin vəsaitlərin məhz iddiaçıya olan borcun qaytarılması məqsədilə çıxarılmasını təsdiq edən hər hansı ödəniş sənədi, bank çıxarışı və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsində İbrahimli Lamiyə Davud qızının şahid qismində dindirilməsinə dair vəsatətinə münasibətdə isə qeyd edilməlidir ki, belə bir vəsatətin (sübutun) birinci instansiya məhkəməsində təqdim edilməsinə mane olan səbəblər cavabdeh tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız işdə iştirak edən şəxslərin həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqları halda qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh sözügedən şəxsin birinci instansiya məhkəməsində şahid qismində dindirilməsini xahiş etməsinin və ya həmin şəxsdən aldığı bildirdiyi qəbzləri təqdim etməsinin hansı səbəbdən mümkün olmadığını göstərməmişdir. Beləliklə hazırkı iş üzrə əsas diqqət yetirilməli məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mübahisədə borc münasibətinin yaranması iddiaçı tərəfindən təqdim edilmiş yazılı sübutla, habelə cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatla təsdiq olunduğu halda, borc öhdəliyinin sonradan icra edildiyini, yəni 6.500 manat məbləğində borcun tam və ya qismən qaytarıldığını iddia edən cavabdeh bu halı təsdiq edən sübutları təqdim etməlidir. Başqa sözlə, iş üzrə mübahisələndirilməyən əsas hal tərəflər arasında 6.500 manat məbləğində borc münasibətinin yaranmasıdır. Mübahisənin predmeti isə həmin borcun cavabdeh tərəfindən sonradan qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Bu halda borcun qaytarılması faktına istinad edən tərəf kimi həmin faktın mötəbər və mümkün sübutlarla təsdiq edilməsi cavabdehin üzərinə düşür. İddiaçı borcun mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etdiyi halda, cavabdeh apellyasiya şikayətində göstərdiyi 5.930 manat məbləğində ödənişlərin həyata keçirilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilə bilməz. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar