Məhkəmə qərarları › İş №2(3-9)-858/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-858/2026

17.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-858/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulan maddi zərərə görə cavabdeh Cavabdeh 13.000 (on üç min) manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilən 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu 129 (yüz iyirmi doqquz) manat pulun alınaraq, iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2016-cı ildən yaşadığı Mollakənd kəndində həyətyanı sahədə quşçuluq təsərrüfatı ilə məşğul olur. Mütəmadi olaraq təsərrüfatı ilə bağlı baytar həkimə müraciətlər edir. 2025-ci ilin yanvar ayından təsərrüfatında 8000 ədəd cücə saxlamağa başlamışdır. 2025-ci ilin mart ayından cücələrin bir hissəsində xəstəlik başlamış və bu səbəbdən iddiaçı cavabdeh Cavabdeh işlətdiyi Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən baytarlıq aptekinə müraciət etmişdir. İddiaçı təsərrüfatında olan xəstəliklə bağlı cavabdehə danışmış, cavabdeh isə ona həmin cücələrin videogörüntüsünü ona göndərməsini söyləmişdir. Cavabdeh cücələrdə taun xəstəliyinin olmasını demiş və ona xəstəliklə bağlı müxtəlif preparatlar vermişdir. İddiaçı həmin dərman preparatlarını cücələrə vermiş, cücələr isə sağalmaq əvəzinə daha da pisləşmiş və tələf olmağa başlamışlar. İddiaçı bu barədə cavabdehə məlumat vermiş, o isə əvəzində cücələrin 5 gün ərzində sağalacağını demişdir. Cücələr sağalmadığından iddiaçı xəstə cücələrin birini Sabirabad şəhərində yerləşən "Qida təhlükəsizliyinə" aid olan labarotoriyaya təqdim etmişdir. Nəticədə məlum olmuşdur ki, cücələrdə taun xəstəliyi deyil, bağırsaq infeksiyası vardır. İddiaçı bununla bağlı cavabdehə məlumat versə də heç bir nəticə olmamışdır. Cavabdehin günahı ucbatından iddiaçının təsərrüfatında olan 8000 ədəd cücə tələf olmuşdur. İddiaçıya 13000 (on üç min) manat maddi ziyan dəymişdir. Belə ki, cücələrin ölüm səbəbi cavabdehin təyin etdiyi yanlış müalicə və təyinatı üzrə düzgün olmayan dərman preparatlarının iddiaçıya satması olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərkibi şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi ilk növbədə hazırkı mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd edir ki, apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmənin istifadəsində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə tərəflərin “vergi məlumatları” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı İddiaçı (VÖEN ********** – passivdir), cavabdeh Cavabdeh (VÖEN ********** – passivdir) vergi ödəyicisi olan fiziki statusuna malik olması müəyyən edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı uzun müddət ərzində quşçuluq təsərrüfatı ilə məşğul olmaqla əmtəəlik kənd təsərrüfatı məhsulunun istehsalı və realizəsi xarakterli fəaliyyət həyata keçirmiş, cavabdeh isə baytarlıq apteki işlətməklə baytarlıq preparatlarının satışı və bununla əlaqədar xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərmişdir. Beləliklə, tərəflərin münasibətləri şəxsi-məişət xarakterli olmayıb, onların həyata keçirdikləri təsərrüfat və sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Hazırkı mübahisənin predmetini də cavabdehin sahibkarlıq fəaliyyəti çərçivəsində iddiaçıya satdığı baytarlıq preparatlarının düzgün təyin edilməməsi və nəticədə iddiaçının quşçuluq təsərrüfatına maddi zərər vurulması ilə bağlı tələb təşkil edir. Başqa sözlə, iddiaçının tələb etdiyi zərərin yaranması onun quşçuluq təsərrüfatında apardığı təsərrüfat fəaliyyəti ilə, cavabdehin hərəkətləri isə baytarlıq apteki vasitəsilə həyata keçirdiyi peşəkar və kommersiya fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu nöqteyi-nəzərdən tərəflərin fiziki şəxs olmaları mübahisənin ümumi məhkəməyə aid olmasını şərtləndirmir. Aidiyyətin müəyyən edilməsində əsas məsələ tərəflərin prosessual statusu ilə yanaşı, mübahisənin onların sahibkarlıq fəaliyyəti ilə əlaqəsinin olub-olmamasıdır. Hazırkı işdə isə iddiaçının tələb etdiyi zərərin məhz quşçuluq təsərrüfatında apardığı fəaliyyət nəticəsində yarandığı, cavabdehin mübahisələndirilən hərəkətlərinin isə onun baytarlıq apteki vasitəsilə həyata keçirdiyi fəaliyyət çərçivəsində baş verdiyi nəzərə alınmaqla, mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar kommersiya xarakteri daşıdığı müəyyən edilir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçı İddiaçı şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(041)-2278/2025 saylı qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərkibi Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar