Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-882/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 6200 manat pulun, həmçinin ödədiyi dövlət rüsumuna görə 82 manat olmaqla ümumilikdə 6282 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin * saylı Əlavəsində göstərilən formanın tələbləri pozularaq verilmişdir. Belə ki, həmin Əlavənin 5-ci bəndində işin halları göstərilməli olmasına baxmayaraq, həmin hissədə yenidən Əlavənin 1-4-cü bəndləri təkrar göstərilmişdir. Həmçinin, həmin hissədə şikayət edilən məhkəmə qətnaməsini qəbul etmiş məhkəmə qismində İmişli Rayon Məhkəməsi əvəzinə Nəsimi Rayon Məhkəməsi göstərilmişdir. Qərardaddan Cavabdeh şikayət verərək onun ləğv edilməsini, iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd etdiyi hal texniki səhvdir və əsas olan şikayətin “xahiş edirəm” hissəsidir. Bu hissə də əlavənin 12-ci bəndinə tam uyğun tərtib edilmişdir. Əlavənin qalan bütün bəndlərində İmişli Rayon Məhkəməsi qeyd edilmiş, lakin yalnız bir bənddə “İmişli Rayon Məhkəməsi” əvəzinə “Nəsimi Rayon Məhkəməsi” yazılmışıdr ki, bu da kobud prosessual pozuntu hesab edilə bilməz. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə düzgün deyil və ##.##.2026-cı il tarixli qərardad qanunsuz və əsassızdır. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir. Məhkəmə tərkibi qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən MPM ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxs tərəfindən onun tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərkən MPM-in 361-ci maddəsi ilə müəyyən edilmiş və yuxarıda sadalanan apellyasiya şikayətinin məzmununa dair göstərişlərə əməl etmişdir. Digər tərəfdən apellyasiya şikayətinin 4.1-ci bəndində qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin adı kimi “Nəsimi Rayon Məhkəməsi”nin göstərilməsi açıq-aşkar texniki xarakterli yanlışlıqdır. Belə ki, apellyasiya şikayətinin həm əsaslandırma, həm də nəticə hissəsində birmənalı şəkildə İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli qətnaməsindən şikayət verildiyi göstərilmişdir. Şikayətin məzmunu bütövlükdə qiymətləndirildikdə onun hansı məhkəmə aktına qarşı verildiyi barədə heç bir qeyri-müəyyənlik mövcud deyildir. Məhkəmə tərkibi həmçinin diqqətə çatdırır ki, yol verilmiş səhvlər formal və texniki xarakterlidir və bu da məhkəmə aktından şikayət vermək hüququnun həyata keçirilməsinə mane olan hal kimi qiymətləndirilməməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, qərardad ləğv edilməli, ərizə təmin olunaraq qətnamədən verilmiş apellyasiya şikayəti 361-ci maddəsinin tələbləri baxımından prosessual qanunvericiliyin uyğun hesab edilərək, baxılmasından ötrü sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilsin. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ləğv olunsun. İmişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 361-ci maddəsinin tələbləri baxımından prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin və sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və onda şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-882/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-882/2026
31.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver