Məhkəmə qərarları › İş №2(3-9)-928/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-928/2026

27.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-928/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh İlham oğlu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı İbrahimova İradə Ramiz qızı cavabdeh Cavabdeh İlham oğluna qarşı «müqavilənin etibarsız hesab edilməsi və pul tələbi» barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında ##.##.2023-cü il tarixdə ** saylı Notariat Ofisində bağlanmış Kredit Müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Cavabdeh İlham oğlundan 24000 manat pulun və ödədiyi 162 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Cavabdeh Cavabdeh İlham oğlu qətnamədən apellyasiya şikayəti vermiş, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti (müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən) geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət vermişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Cavabdeh Cavabdeh İlham oğlu ##.##.2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini belə əsaslandırmışdır ki, qətnamə ona rəsmi qaydada verilməmiş, bununla bağlı məhkəməyə müraciət etmiş, ona bildirilmişdir ki, qətnamə elektron qaydada şəxsi kabinetə yerləşdirilmişdir. Halbuki o elektron kabinet istifadəçisi deyildir, həmin sistemdən istifadə imkanı və bu prosedur barədə kifayət qədər məlumatı olmamışdır. Bunun nəticəsində apellyasiya şikayəti vermək hüququnu həyata keçirə bilməmiş və faktiki olaraq məhkəmə müdafiəsi hüququndan məhrum olmuşdur. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə (hakim Nurəddin Bağırov) apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə iş üzrə cavabdeh Cavabdeh İlham oğlunun ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsini və işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu konstitusiya müddəası hər kəsin hüquq və azadlıqlarının yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyaları məhkəmələrində də müdafiəsinə təminat verir. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Hesab edir ki, çıxarılan qərardad ona münasibətdə əsassız və ədalətsiz olmuşdur. Bu səbəbdən də ləğv edilməlidir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh İlham oğlunun Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsindən şikayət etmək hüququ onun konstitusion hüququdur və o bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Cavabdeh Cavabdeh İlham oğlu Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsindən üzrlü səbəblərdən vaxtında şikayət verməməsinə dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Barəsində apellyasiya şikayəti verilən qətnamə ##.##.2024-cü il tarixdə cavabdehin“ Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetində yerləşdirilmişdir. Belə ki, Cavabdeh İlham oğluna məxsus EMS-də olan şəxsi kabinetə müvafiq nəzarətin edilməsi bilavasitə Cavabdeh İlham oğlunun vəzifəsidir və o tərəf olduğu mülki işdə maraqlı olmalı idi. İşdə maraqlı olmaq o deməkdir ki, məhkəmənin qəbul edəcəyi qətnamə və ya qərardad həmin şəxsin hüquq və vəzifələrinə birbaşa təsir göstərir. Yəni tərəf məhkəmə işində iştirak etməklə öz subyektiv hüququnu müdafiə etməkdə maraqlıdır. Cavabdeh İlham oğlu işdə maraqlı olmalı, yəni: -Öz hüquqlarını qorumaq üçün prosesi diqqətlə izləməli, -Prosessual müddətləri qaçırmamalı, -Zamanında şikayət, vəsatətlər verməli, -Sübutları təqdim etməli idi. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh İlham oğlu tərəfindən şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə şikayətlərin verilməsi müddəti və şikayətin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Həmçinin icra işi materiallarından görünür ki, icra sənədi üzrə borclu Cavabdeh icraata başlama haqqında ##.##.2025-ci il tarixli qərar və tələbin könüllü icrası haqqında bildiriş təqdim olunmuş, lakin onun icra sənədinin icrasından yayındığı üçün ##.##.2025-ci il tarixdə izahatı alınaraq tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında məhkəmənin ##.##.2025-ci il tarixli qərarı ilə barəsində 8 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə də yuxarıda istinad edilən işin araşdırılmış halları borclu Cavabdeh ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnamədən hələ bir ildən çox əvvəl məlumatlı olması fikrinə gəlməyə əsas verir. Bundan başqa, şikayətdə göstərilən hallar prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi çıxış edə biləcək konkret, mötəbər və təsdiqləyici sübutlarla əsaslandırılmamışdır. Eyni zamanda hüquqi savadsızlıq-cavabdehin şəxsi kabinetə daxil olub sənədləri nə vaxt və hansı tarixdə gəlməsini izləmək bacarığının olmaması üzrlü səbəb hesab edilə bilməz. Prosessual müddətlərin buraxılması üzrlü səbəblərlə əsaslandırılmalıdır. Üzrlü səbəblərə xəstəlik, təbii fəlakət, şəxsin iradəsindən asılı olmayan hallar aiddir. Şəxsin öz səhlənkarlığı, hüquqi savadsızlığı və ya texniki imkanlardan istifadə etməməsi üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, «X4rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» ## #### 2003cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qərara aldı:

Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh İlham oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar