Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-93/2026 19.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(3-9)-93/2026 Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan şəhəri, 19 fevral 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, e-2(057)-2715/2025 saylı qətnaməsindən (hakim R.Alıyev) iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı X1 Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC və ya iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdeh) qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 6103.74 (altı min bir yüz üç manat yetmiş dörd qəpik) manat - bundan 6044.54 (altı min qırx dörd manat əlli dörd qəpik) manat əsas, 59.20 (əlli doqquz manat iyirmi qəpik) faiz və iş üzrə ödənilmiş 81.03 (səksən bir manat üç qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “AGBank" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 120.LN.1676.281219.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 6832.61 (altı min səkkiz yüz otuz iki manat altmış bir qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh Abdullayev Karam Oruc oğluna kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixl Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə şifahi müraciət olunmasına, habelə **********740 saylı, xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi ücün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlin`ə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 6103,74 (altı min yüz üç manat yetmiş dörd qəpik) manat təşkil edir. Bundan 6044,54 (altı min qırx dörd manat əlli dörd qəpik) manat əsas, 59,20 (əlli doqquz manat iyirmi qəpik) manat faiz borcu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq işin iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrəyə AZEMİS vasitəsi ilə SMS bildiriş təkrar göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Buna görə də onun mövqeyini öyrənmək mümkün olmamışdır. Salyan Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, e-2(057)-2715/2025 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiqi barədə verdiyi ərizə həqiqəti əks etdirmir. Belə ki xx.xx.2019-ci ildən 60 (altmış) ay müddətinə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü ildə bitdiyindən, bu müqavilədən gələn öhdəliklər üzrə iddia müddəti xx.xx.2027-ci ildə bitmiş olacaqdı. İddia isə xx.xx.2025-ci il tarixdə qaldırılmışdır. Digər tərəfdən, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə göndərilən xx.xx.2022-ci il tarixli bildirişdə bank cavabdehdən bütün kredit borcunun ödənilməsini tələb etmiş və bununla da kredit borcunun hissə-hissə icrasından birtərəfli imtina etmişdir. Bank tərəfdən göndərilən xx.xx.2022-ci il tarixli bildirişdə bank Cavabdeh1 xx.xx.2022-ci il tarixə ödəniş cədvəlinə əsasən ödənilməmiş 2419,95 manat vaxtı keçmiş əsas borcun və 103,61 manat faiz borcunun ödənilməsini tələb edilmişdir. Həmçinin qeyd edilən bildirişdə cavabdehin həmin dövrə olan cəmi kredit borcu barədə də məlumat verilmişdir. Həmin bildirişdən də göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə bütün kredit borcunun ödənilməsini deyil, ödəniş qrafikinə görə yalnız həmin dövrə olan gecikdirilmiş kredit borcunun ödənilməsinin təmin edilməsini tələb etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinin məzmununa uyğun izahat vermiş və şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Bank tərəfdən göndərilən xx.xx.2022-ci il tarixli bildirişdə bank cavabdehdən xx.xx.2022-ci il tarixə ödəniş cədvəlinə əsasən ödənilməmiş 2419,95 manat vaxtı keçmiş əsas borcun və 103,61 manat faiz borcunun ödənilməsini tələb edilmişdir. Bildirişdə cavabdehin həmin dövrə olan cəmi kredit borcu barədə də məlumat verilmişdir. Həmin bildirişdən də göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə bütün kredit borcunun ödənilməsini deyil, ödəniş qrafikinə görə yalnız həmin dövrə olan gecikdirilmiş kredit borcunun ödənilməsinin təmin edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə diqqət etməmiş və nəticə də düzgün hüquqi nəticəyə gəlməmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və müqavilədə göstərilən faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və tətbiq edilməli maddi və prosessual hüquq normalarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, eləcə də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 122.LN.1676.281219.0001 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 6832.61 (altı min səkkiz yüz otuz iki manat altmış bir qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu tarixli, 122.CL.1676.281219.00001/a saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 kreditor bank qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti üzərinə götürmüş və kredit müqaviləsinə əsasən Cavabdeh1 götürdüyü kredit borcu və faizlərin vaxtında qaytarılmasına təminat vermişdir. İş materiallarında olan **********740 saylı, xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, "Azərbaycan Respublikasında fizıkı şəxslərın problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlərlə və restrukturizasiya ilə bağlı müraciətiniz əsasında, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 28 dekabr 2019-cu il tarixli 122.LN.1676.281219.00001 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən 6832.61 (altı min səkkiz yüz otuz iki manat, 61 qəpik) manat məbləğində kredit borcunuz 60 ay müddətinə illik 1% dərəcəsi ilə restrukturizasiya edilmişdir. Restrukturizasiya olunmuş kreditin təminatı olaraq Cavabdeh2 ilə 28 dekabr 2019-cu il tarixli 122.CL.281219.00001/a saylı zaminlik müqaviləsi bağlanılmışdır. Lakın qeyd olunan restrukturizasiya muqaviləsinin tələbləri Sizin tərəfinızdən pozulmuş, kredit ödənişləri müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. - Nəzərinizə çatdırırıq ki, Sizin 10 iyun 2022-ci il tarixinə ödəniş cədvəlinə əsasən ödənilməmiş 2523.56 (iki min beş yüz iyirmi üç manat 56 qəpik) manat vaxtı keçmiş borcunuz mövcuddur, bundan 2419 95 (iki min dörd yüz on doqquz manat 95 qəpik) manat vaxtı keçmiş asas, 103 61 (bir yuz uç manat 61 qəpik) manat vaxtı keçmış faiz borcudur. - Qeyd olunanları nəzərə alaraq, 2523 56 (iki min beş yüz iyirmi uç manat 56 qəpik) manat gecikdırılmış borc məbləğinin 5 (beş) iş günu ərzində ödənilməsini təmin etməyiniz Sizdən tələb olunur. Əks təqdirdə, Restrukturizasiya müqaviləsi ilə üzərinizə götürdüyünüz öhdəlikləri vaxtında və lazımınca icra etməməyinizi nəzərə alaraq ümumi kredit borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. - Bildirilmişdir ki, 10 iyun 2022-ci il tarixinə olan ümumi borc qalığınız 6937.31 (altı min doqquz yuz otuz yeddi manat 31 qəpik) manat təşkil edir, bundan 6832.61 (altı min səkkiz yüz otuz iki manat 61 qəpik) manat əsas, 104.70 (bir yüz dörd manat 70 qəpik) manat faiz borcudur. İş materiallarında olan SS ********* AZ ştrix kodlu Xəbərnamədən görünür ki, Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 tərəfindən **********740 saylı, xx.xx.2022-ci il tarixli Bildiriş şəxsən imza edilməklə alınmışdır. İş materiallarında olan SS ********* AZ ştrix kodlu Xəbərnamədən görünür ki, Zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 tərəfindən **********740 saylı, xx.xx.2022-ci il tarixli Bildiriş şəxsən imza edilməklə alınmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 81.03 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə ünvanlanmış “İddia müddətinin tətbiqi barədə Ərizədən” görünür ki, icraatda olan 2(057)- 2715/2025 nömrəli mülki iş üzrə cavabdehdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv Prosesindədir) ona qarşı qaldırdığı "kredit müqaviləsi üzrə yaranmış borcun" tələbinə dair iddia ərizəsi ilə razılaşmır. Bank tərəfindən ona qarşı qaldırılmış borc tələbi tamamilə əsassızdır. Həmçinin Mülki Məcəllənin 372-ci maddəsinə əsasən iddia müddətinin tətbiqi barədə ərizəmin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, iddia ərizəsində qeyd edildiyi kimi, ona göndərilmiş son bildiriş - xəbərdarlıq tarixi xx.xx.2022-ci il tarix göstərilib və onun tərəfindən qəbul edilmişdir. İddiaçı “AGBank" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv Prosesindədir) tərəfindən iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir. Bununla da iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan 3 illik iddia müddəti ötürülmüşdür. Xəstəliyi ilə bağlı olaraq məhkəmə iclas zalında üzrlü səbəbdən iştirak edə bilmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. İddia müddəti həmin tarixdən hesablanmalı və xx.xx.2027-ci ildə başa çatmalı idi. xx.xx.2022-ci il tarixli bildirişdə yalnız gecikdirilmiş məbləğin ödənilməsi tələb olunmuş, kredit müqaviləsi üzrə tam məbləğin tutulması tələb edilməmiş, bununla da tam kredit müqaviləsi üzrə cavabdehlərə iradə ifadəsi bildirilməklə tərəflər arasındakı müqavilənin ləğv edilməsi istənilməmişdir. Buna görə hesab etmişlər ki, iddia müddəti ötürülməmiş və iddiaları təmin edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İşin faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi sonradan xx.xx.2019-cu il tarixdə restrukturizasiya edilmiş və yeni ödəniş qrafiki müəyyən olunmuşdur. Həmin restrukturizasiya müqaviləsinə əsasən kredit 60 ay müddətinə verilmiş və öhdəliyin son icra müddəti xx.xx.2024-cü il tarix kimi razılaşdırılmışdır. İddiaçı müqavilə üzrə ödənilməmiş qalan 6044.54 manat əsas, 59.20 faiz borcunu cavabdehlərdən tələb etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə borcluya bildiriş göndərərək cavabdehlərdən sözügedən müqavilə üzrə olan əsas borcunu və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etmiş, əks təqdirdə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. İddiaçı tərəfindən borclulara xx.xx.2022-ci il tarixində bildiriş göndərililmiş və borclular tərəfindən bildirişlər müvafiq xəbərnaməyə imza edilməklə xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. İddiaçı “kredit borcunun tutulması” ilə bağlı iddia tələbi ilə məhkəməyə isə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında formalaşan hüquqi mövqedən çıxış edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixində cavabdehə bildiriş göndərərək bütün ümumi borcu tələb etməklə müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini cavabdehə bəyan etdiyindən iddia müddətinin axımının başlanması da məhz xx.xx.2022-ci il tarixdən, yəni müqavilənin birtərəfli qaydada ləğv edilməsindən hesablanmalıdır. Hesab etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən həmin müddət axımının başlanmasından 03 il 01 ay keçmiş olmuşdur. Buna görə də cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsas götürərək iddianı rədd etmişdir. Lakin iş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən açıq şəkildə görünür ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2022-ci il tarixə ödəniş qrafikinə əsasən ödənilməmiş 2419,95 manat əsas borc və 103,61 manat faiz borcunun, yəni cəmi 2523,56 manat gecikdirilmiş məbləğin ödənilməsi tələb olunmuşdur. Bildirişdə həmçinin həmin tarixə olan ümumi borc qalığı barədə məlumat verilsə də, restrukturizasiya olunmuş kredit müqaviləsi üzrə bütün əsas borcun dərhal və tam məbləğdə qaytarılması barədə qəti tələb irəli sürülməmişdir. Yəni, iddiaçı 10 iyun 2022-ci il tarixinə olan ümumi borc qalığı olan 6832.61 manat əsas, 104.70 manat faiz borcunun tam ödənilməsini bildirişlə cavabdehdən tələb etməmiş, bununla da həmin tarixə olan bütöv borca münasibətdə iradə ifadəsini cavabdehlərə bəyan etməmişdir. Beləliklə, həmin xx.xx.2022-ci il tarixli bildiriş müqavilənin icrasından birtərəfli qaydada imtina kimi qiymətləndirilə bilməz və kredit müqaviləsinin vaxtından əvvəl ləğvi barədə aydın və konkret iradə ifadəsini ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada ləğvi üçün tərəfin iradə ifadəsi qarşı tərəfə aydın və konkret şəkildə bildirilməlidir və həmin iradə ifadəsinin çatdırıldığı andan müqavilə ləğv edilmiş hesab olunur. Hazırkı işdə isə xx.xx.2022-ci il tarixli bildirişdə müqavilənin tam ləğv edilməsi və ya bütün kredit borcunun dərhal ödənilməsinin tələb edilməsi barədə iradə ifadəsi mövcud deyildir. Eyni zamanda, həmin qərarda vurğulanmışdır ki, müqavilənin ləğvindən əvvəl yaranmış gecikdirilmiş öhdəliklər üzrə tələb hüququ müqavilə ləğv edildikdən sonra da qüvvədə qalır. Bu hüquqi mövqe onu göstərir ki, yalnız gecikdirilmiş məbləğin tələb edilməsi müqavilənin bütövlükdə ləğvi kimi şərh oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında isə kredit müqavilələrindən irəli gələn öhdəliklər üzrə iddia müddətinin başlanması ilə bağlı hüquqi mövqe ifadə edilmişdir. Qərara əsasən, kredit müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, iddia müddətinin axımı müqavilədə müəyyən edilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Belə olan halda, Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına uyğun olaraq iddia müddətinin axımı kredit müqaviləsinin icra müddəti başa çatdığı tarixdən – xx.xx.2024-cü ildən başlanmalıdır. İddia isə xx.xx.2025-ci il tarixdə qaldırılmışdır. Belə olduğu halda zaminə görə 1 illik (7 ay 25 gün keçmiş olmuşdur) və əsas borcluya görə isə üç illik iddia müddəti ötürülməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarında iddia müddətinin hüquqi müəyyənlik prinsipi ilə əlaqəsi vurğulanmış və göstərilmişdir ki, iddia müddətinin başlanması qanunla müəyyən edilmiş obyektiv meyarlara əsaslanmalıdır. Müqavilə üzrə son icra müddəti mövcud olduğu halda, yalnız aralıq gecikmə ilə bağlı bildiriş iddia müddətinin başlanması üçün əsas ola bilməz. Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi əsaslı olmamış, iddia təmin edilməli olduğu halda əsassız olaraq rədd edilmişdir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 117.03 (81.03+36) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, nəticədə iddia əsassız olaraq rədd edilmişdir. Buna görə də iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, e-2(057)-2715/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6044,54 (altı min qırx dörd manat əlli dörd qəpik) manat əsas borc, 59,20 (əlli doqquz manat iyirmi qəpik) manat faiz borcu, ödənilmiş cəmi 117,03 (yüz on yeddi manat üç qəpik) manat dövlət rüsumu iddiaçının xeyrinə tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, e-2(057)-2715/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6044,54 (altı min qırx dörd manat əlli dörd qəpik) manat əsas borc, 59,20 (əlli doqquz manat iyirmi qəpik) manat faiz borcu, ödənilmiş cəmi 117,03 (yüz on yeddi manat üç qəpik) manat dövlət rüsumu iddiaçının xeyrinə tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-93/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-93/2026
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver