Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-958/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: X1 Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin pedaqoji şurasının 2024-2025-ci tədris ilində həmin məktəbin 11-ci sinif şagirdi olmuş X1 tam orta təhsili bitirməsi barədə attestatın verilməsindən imtina edilməsi haqqında qərarın əsassız hesab edilərək ləğv edilməsini, X1 Cavabdeh pedaqoji şurası tərəfindən müvafiq attestatın verilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun (qəbz nömrəsi, 2018343012, ##.##.2026-cı il tarixli) X1 geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə mülki hüquq münasibətlərindən deyil, publik hüquq münasibətlərindən irəli gəldiyindən ona mülki məhkəmə icraatı qaydasında baxılması istisna olunur. İddia tələbinin predmetindən göründüyü kimi, mübahisə tərəflər arasında yaranmış xüsusi hüquq münasibətindən, müqavilədən, əqddən və ya əmlak xarakterli öhdəlikdən deyil, dövlət tərəfindən təhsil sahəsində həyata keçirilən idarəçilik funksiyasının icrası zamanı qəbul edilmiş qərarın qanuniliyinin məhkəmə qaydasında yoxlanılmasına yönəlmişdir. Hazırkı halda məktəbin pedaqoji şurası attestatın verilməsi məsələsini həll edərkən iddiaçı ilə hüquqi cəhətdən bərabər tərəf kimi deyil, dövlətin ona həvalə etdiyi publik səlahiyyətləri həyata keçirən subyekt kimi çıxış etmişdir. Pedaqoji şuranın qərarı konkret şəxsin tam orta təhsil haqqında dövlət sənədini əldə etmək hüququna, bununla da ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq imkanına birbaşa təsir göstərdiyindən həmin qərar hüquqi təbiətinə görə fərdi inzibati akt hesab edilir. Hazırkı mübahisədə isə məktəb hər hansı müqavilənin tərəfi, əmlak dövriyyəsinin iştirakçısı və ya xüsusi hüququn bərabər subyekti kimi deyil, dövlətin təhsil sahəsində idarəçilik funksiyasını həyata keçirən publik hakimiyyət subyekti kimi fəaliyyət göstərmişdir. Attestatın verilməsi və ya verilməsindən imtina edilməsi məktəbin sərbəst iradəsinə əsaslanan mülki-hüquqi davranışı deyil, normativ hüquqi aktlarla tənzimlənən inzibati fəaliyyətin nəticəsidir. Beləliklə, hazırkı mübahisənin predmeti tərəflər arasında yaranmış mülki hüquq və öhdəliklərin müəyyən edilməsi deyil, inzibati orqan tərəfindən publik hüquq sahəsində qəbul edilmiş fərdi qərarın qanuniliyinin yoxlanılması və inzibati orqanın qanunla üzərinə düşən vəzifəni icra etməyə məcbur edilməsidir. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini, işin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məktəbin pedaqoji şurası tərəfindən şagirdə attestatın verilməməsi birtərəfli qaydada inzibati-hakimiyyət səlahiyyətlərinin icrası deyil, təhsil sahəsində yaranan mülki-hüquqi (və ya xidmət) münasibətlərin pozulması kimi qiymətləndirilməlidir. Məktəb publik hüquqi funksiyalar yerinə yetirsə də, pedaqoji şura tərəfindən attestatın verilməsi şagirdin qanunla müəyyən edilmiş təhsil hüququnun təsdiqi və xidmətin yekunu olmaqla, fərd ilə müəssisə arasındakı spesifik münasibətdən irəli gəlir. Mülki Prosessual Məcəllənin tələblərinə görə, hüquq barəsində mübahisələrə ümumi (mülki) məhkəmələrdə baxılmalıdır. Ali Məhkəmənin Plenumunun formalaşdırdığı mövqeyə əsasən hər hansı bir mübahisənin inzibati məhkəməyə aid olması üçün cavabdeh qismində çıxış edən orqanın hərəkətlərinin subyektiv tərkibi ilə yanaşı, həm də mübahisəli münasibətin xarakteri (yəni onun publik hüquqi xarakter daşıması) mütləq şəkildə nəzərə alınmalıdır. Konkret halda, təhsil sənədinin (attestatın) verilməsi texniki-təşkilati və qanundan irəli gələn bir öhdəlikdir, idarəetmə funksiyasının həyata keçirilməsi forması (inzibati akt) deyildir. Cavabdehin (məktəbin) statusundan asılı olmayaraq, tərəflər arasındakı hüquqi münasibətin mahiyyəti mülki dövriyyə və fərdin şəxsi hüquqları ilə bağlı olduğundan işə mülki qaydada baxılmalıdır. Şirvan Şəhər Məhkəməsi işin inzibati qaydada baxılmalı olduğu qənaətinə gələrkən formal yanaşmış, yalnız cavabdehin (məktəbin) statusunu əsas götürmüşdür. Lakin ümumitəhsil məktəbi tərəfindən şagirdə attestatın verilməməsi birtərəfli qaydada imperativ hakimiyyət səlahiyyətinin icrası (inzibati akt) deyil, qanunla müəyyən olunmuş təhsil xidmətinin yekununda vətəndaşın fundamental hüququnun təsdiq edilməsi ilə bağlı texnikitəşkilati öhdəlikdir. Tərəflər arasında publik-hakimiyyət (tabelilik) münasibəti yoxdur, bu səbəbdən mübahisə mülki məhkəmə aidiyyətinə aiddir. Şirvan Şəhər Məhkəməsinin 2# #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci-2.0.2-ci maddələrinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ##### 2015ci il tarixli 4№-li Qərarının 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qərarın 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Adıçəkilən Qərarın 5.1-5.2-ci bəndlərinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi iş materiallarını və şikayəti hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi yekun hüquqi nəticəyə gələrkən qanunvericiliyin tələblərinə düzgün əməl etmişdir və məhkəmənin gəldiyi hazırkı nəticə ilə razılaşır. Habelə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə (“Təhsil hüququ”) hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. “Təhsil haqqında” Qanunun 3-cü maddəsinə görə aşağıdakılar təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindəndir: bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu. Buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263-264, 397, 398. və 400-402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-958/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-958/2026
10.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver