Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-102)-372/2026 24.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Vüsalə Məmmədovanın Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Vüsalə Məmmədova Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia əriəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı iddia ərizəsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddia ərizəsində ad, soyadını göstərsə də, ata adını göstərməmişdir. AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilir. Hakim həmçinin qeyd edir ki, iddia ərizəsinin xahiş etdim hissəsində iddiaçı tələbini də konkret ifadə etməmişdir. Alimentin artırılaraq hansı məbləğdə olmasını konkret tələbində göstərməmişdir. Halbuki ərizədə tələb konkret ifadə edilməlidir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. X1 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Hakim Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən Qərarına əsasən bildiririk, məhkəmə qətnamə ilə iddiaçın azyaşlı uşağının saxlanılması üçün 2020-ci ildə tutulması müəyyən edilən sabit pul şəklində aliment məbləği 235 manat təşkil etdiyindən, həmin alimentin indeksasiyası ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,94 misli həddində olacaqdır ki, həmin indeksasiya əsasında tutulmalı olan aliment məbləği 376 manat təşkil edəcəkdir. Başqa sözlə iddiaçı icra icraatı qaydasında tutulması müəyyən edilən alimentin indeksləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edəcəyi təqdirdə aliment yuxarıda qeyd edilən həddə indeksləşdirilmiş olacaqdır. Lakin iddiaçı ərizəsində aliment məbləğinin uşağın təminatına uyğun artırılmasını xahiş edir ki, bu ərizəyə iddia icraatı qaydasında baxılmalıdır və iddiaçı ailə münasibətlərindən irəli gələn mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən ilkin olaraq Mediasiya təşkilatına müraciət etməli idi. AR Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl medasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatlar iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası “Mediasiya haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə mediasiya tədbiq edilir. Həmin Qanununun 26.1.5-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələr bu qanuna uyğun olaraq Mediasiya vasitəsilə həll oluna bilər. Hakim qeyd edir ki, ailə münasibətlərindən irəli gələn mübahisələrə dair işlərə məhkəmə qaydasında baxılmamışdan əvvəl tərəfin həmin mübahisənin məhkəmədənkənar mediasiya prosesində həll edilmə qaydasında riayət edilmədən, yəni mediasiya prosesində iştirakı tələb olduğu halda həmin tələbə riayət edilmədən məhkəməyə müraciət edildiyi üçün hazırki iddia ərizəsinin məhkəmə icraatı həmçinin bu əsasla da mümkün deyildir. Göstərilənləri nəzərə alaraq hakim hesab hesab edir ki, iddia ərizəsində tələb konkret ifadə edilmədiyindən və iddiaçı mübahisənin məhkəməyəqədər həlli qaydasına riayət etmədiyindən ərizənin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-150,152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Vüsalə Məmmədovanın Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsidə göstərilənlər nəzərə alınmaqla sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(5-102)-372/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(5-102)-372/2026
24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver