Məhkəmə qərarları › İş №2(5-103)-70/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-103)-70/2026

23.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-103)-70/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiаçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-2085/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 8(010)-162/2025, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunan alimentin indeksasiyasının dəyişdirilməsi, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,62 mislində alimentin və 60 manat mediasiya xərclərinin tutulub ona verilməsi barədə xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşmədirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının sonrakı artımlar nəzərə alınmaqla 0,70 misli miqdarında alimentin və 60 manat mediasiya xərclərinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin İş № 8(010)-162/2025, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2085/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 17 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 üçün borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah bağlandığı andan etibarsız sayılmış və akt qeydləri kitabında 1362 saylı nikah qeydi ləğv edilmişdir. Nikah pozulandan 8 ay sonra cavabdehlə faktiki nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. İşin hallarından göründüyü kimi məhkəmənin qətnaməsi ilə yalnız X1 üçün alimentin tutulması qət edilmiş, daha sonra alimentin indeksasiyası aparılmış, 2-ci uşaq üçün isə ümumiyyətlə alimentin tutulması müəyyən edilməmişdir. Hazırda isə məhkəmə qətnaməsi və qərardadı ilə tutulan alimentin məbləği uşaqları saxlanmasına kifayət etmir. Cavabdehlə aralarında alimentin artırılması barədə razılıq əldə edilməmiş, müvafiq saziş bağlanmamış və notariat qaydada təsdiq edilməmişdir. Dəfələrlə cavabdehə göstərilən məbləğin az olmasını, uşaqların saxlanmasına kifayət etmədiyini bildirsə də, ona əlavə heç bir köməklik göstərmək istəmir. Uşaqların müalicəsi, təlim-tərbiyyəsi, təhsili, sağlam böyüməsi və inkişafı ilə o, təkbaşına məşğul olur.

Tərəflərin izahatları.

4. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, özü işləmir, lakin ikinci övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 100 manat aliment tutulmasına etiraz etmir.

5. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o hər ay 100 manat məbləğində aliment ödəyə bilər. Belə ki, o yıxılmış və bel sümüyü əzildiyindən işləyə bilmirdi. Hazırda isə ayda 500-600 manat məbləğində əmək haqqı aldığını bildirir. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-162/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2085/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 17 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 üçün borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində aliment tutulması qərara alınmışdır.

7. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2085/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment tələbi hissəsində dərhal icra edilməsi qət olunmuşdur.

8. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X3 atası hesab edilmişdir.

9. xx.xx.2025-ci il tarixli ilkin Mediasiya Sessiyasından sonra sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2025-ci il tarixində saat 13:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.

10. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 166№ ilə qeyd edilmişdir.

11. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə doğulmuşdur, anası İddiaçı və atası Cavabdehdur.

12. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci ildə doğulmuşdur, anası İddiaçı və atası Cavabdehdur.

İşin faktiki halları.

13. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Hazırda tərəflər birlikdə yaşamır və iddiaçı xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının sonrakı artımlar nəzərə alınmaqla 0,70 misli miqdarında alimentin cavabdehdən tutulmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il № 15 Qərarı.

"8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuş və bu uşaqlar hazırda iddiaçının himayəsindədir. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.

20. İddia tələbindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşağın xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının sonrakı artımlar nəzərə alınmaqla 0,70 misli miqdarında alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf iddiaçının tələb etdiyi məbləği qismən qəbul etdiyini və iddianın qismən təmin olunmasını bildirmişdir.

21. Bundan başqa məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından iki övladları vardır və hazırda cavabdehin işləməsi, yüksək əmək haqqı alması, həmçinin zəruri vəsaitə malik olması iş materiallarından müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və onun xərclərinin qarşılanması məqsədilə uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulmalı olması qənaətinə gəlir.

22. Bundan əlavə məhkəmə qeyd edir ki, 2026-ci il üçün ölkə üzrə 400 manat minimum əmək haqqı müəyyən edilmiş və həmin ilə münasibətdə bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin həddi (100:400)=0.25 misli miqdarında müəyyən edilməli və minimum əmək haqqının dəyişməsi ilə bağlı olaraq sonrakı artımlar da nəzərə alınmalıdır.

23. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının hər ay hər bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

24. Məhkəmə alimentin hansı tarixdən tutulmağa başlanması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına ərizə ilə müraciət edildiyi tarixdən – xx.xx.2026-cı il tarixdən başlanmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalı və məhkəmə xərcləri – 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. 25.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Alimentin tutulmasının əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Məhkəmə xərcləri – 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar