Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-103)-943/2026 06.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı Notariat Ofisi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı Notariat Ofisi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 8İ-4699 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi notariat orqanı tərəfindən verilən icra qeydinin ləğvindən ibarətdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində xüsusi olaraq qeyd edilmişdir ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Notarius tərəfindən notariat hərəkətlərinin aparılması və ya notariat hərəkətlərinin aparılmasından imtina edilməsi sonuncunun ümumi (publik) hüquq sahəsində həyata keçirdiyi inzibati səlahiyyətlərlə bağlı olsa da, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün verilən icra qeydlərinin maddi hüquqi əsasını tərəflərin mülki hüquq münasibətlərindən irəli gələn tələbləri təşkil etdiyi üçün həmin icra qeydlərinin ləğvinə dair mübahisələr də mülki-hüquqi mübahisələr hesab edilir və həmin mübahisələrə ümumi məhkəmələr tərəfindən baxılır. Yuxarıda qeyd edilən mövqeləri “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarı bir daha təsdiq edir. Həmin qərarda qeyd edilir ki, borcların mübahisəsiz qaydada alınmasını təmin edən notariusun icra qeydi də kreditorun xeyrinə pul məbləğinin tutulması və ya əmlakın tələb edilib alınmasına dair notarius tərəfindən verilən sərəncam olmaqla hüquqların müdafiəsinin sadələşdirilmiş üsullarından biri kimi məhkəmələrin iş yükünün azaldılmasında, mülki dövriyyənin inkişafında xüsusi əhəmiyyətə malikdir. Göstərildiyi kimi, “Notariat haqqında” Qanunun 41-ci maddəsində aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi imkanı nəzərdə tutulsa da, belə mübahisələr üzrə icraat qaydası və məhkəmə aidiyyəti məsələsi qanunvericilikdə qeyri-müəyyən qalmışdır. Oxşar hüquqi mövqe Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarında da əks olunmuşdur. Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, notariat fəaliyyətinin tabe olduğu hüquqi rejim baxımından notariusun vəzifə səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulması ilə əlaqədar yaranan mübahisələr mahiyyət etibarı ilə mülki-hüquqi xarakterli olmayıb, mülkihüquq normalarının tətbiq dairəsindən kənardır. Müraciətdən, müraciət ilə əlaqədar toplanmış rəylərdən, o cümlədən Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarının 8-ci bəndindən aydın olduğu kimi aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayətlər üzrə işlərin aidiyyət məsələsi ilə əlaqədar qanunvericilikdə qeyri-müəyyənlik 2011-ci il 10 iyun tarixli Qanunla Mülki Prosessual Məcəllədən 38-ci fəslin çıxarılmasından sonra yaranmışdır. Qanunverici tərəfindən belə biri dəyişiklik edilməsində hüquqi niyyətin notariusun hərəkət və qərarlarından şikayətlərə inzibati icraat qaydasında həmin dövrdə yeni yaradılmış inzibati məhkəmələr tərəfindən baxılmalı olduğu qənaətini yaratsa da, qanunvericilikdə saxlanılmış bir sıra normaların yaratmış olduğu qeyri-müəyyənlik, habelə Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı ilə əlaqədar məhkəmə təcrübəsi fərqli məzmunda formalaşmış oldu. Lakin Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə təcrübəsinin sabitliyini və davamlılığını təmin etmək məqsədilə, habelə mübahisələrin sırf notariusun hərəkətinin və ya qərarının özü ilə deyil, bir qayda olaraq, həmin hərəkət və ya qərarın əsasını təşkil edən mülki hüquq münasibətləri (mülki hüquq və öhdəliklərlə) ilə bağlı olduğunu, tam və ədalətli tədqiq ediləcəyini nəzərə alaraq notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılması təcrübəsinin davam etdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında həmçinin qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki Qərarlarında ifadə etdiyi hüquqi mövqelərə əsasən qanunvericilikdə hər hansı hüquqi məsələni tənzimləyən normativ mətnin olmaması və ya natamam olması tənzimetmədə boşluğa səbəb ola bilər ki, bu da özlüyündə, Konstitusiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların həyata keçirilməsində müəyyən çətinliklər yarada bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi üzrə aidiyyət məsələsi və müvafiq olaraq şikayət vermə müddəti ilə bağlı qanunvericilikdə mövcud boşluğun aradan qaldırılması üçün təkmilləşmənin aparılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, qanunvericilikdəki boşluq mahiyyətcə qeyrikonstitusion norma ilə eyni hüquqi nəticəyə malik olduğundan onun aradan qaldırılması ümumi qaydada qanunvericinin səlahiyyətinə aid olsa da, bu boşluğun aradan qaldırılması konstitusiya məhkəmə icraatı vasitəsi ilə də mümkündür (Konstitusiya Məhkəməsi Plenumunun E.Axundovun şikayətinə dair 2023-cü il 6 oktyabr, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 2024-cü il 27 fevral və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci il 19 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən məsələnin həll edilməsi məqsədilə prosessual qanunvericilikdə təkmilləşdirilmə həyata keçirilənədək mövcud boşluğun qanunun analogiyasından istifadə etməklə aradan qaldırılmasını mümkün hesab edir. Odur ki, notariusun apardığı icra qeydi ilə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan məhkəmə əmri də müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydası olaraq oxşar münasibətləri tənzimlədiyindən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin həlli məqsədilə notariusun icra qeydinin mübahisələndirilməsinə münasibətdə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsinin tətbiqi məqsədəmüvafiqdir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu notarius tərəfindən verilmiş icra qeydinin mübahisələndirilməsi hüququnu müəyyən müddətlə məhdudlaşdırmış, bu müddət notariat fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında birbaşa təsbit edilmədiyi üçün analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarının tətbiqini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Analoji prosessual hüquq normasının məcburi göstərişlərindən çıxış edərək məhkəmə qeyd edir ki, icra qeydinin borclu tərəfindən mübahisələndirilməsi həmin qeydin borcluya rəsmi təqdim etmə anından etibarən 10 gün müddətində həyata keçirilməlidir. Həmin müddətin ötürülüb-ötürülməməsini müəyyənləşdirmək üçün borclu tərəfindən bu barədə mötəbər sübutlar iddia ərizəsinə əlavə edilməli və icra qeydinin vaxtında mübahisələndirilməsi məsələsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən, tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Göründüyü kimi, icra qeydinin “Elektron notariat” informasiya sistemində saxlanılan nüsxəsi bu barədə rəsmi müraciət əsasında icra sənədi üzrə borcluya təqdim edilə bilər. Lakin, hazırkı iddia ərizəsinə icra qeydinin borclu tərəfindən rəsmi qaydada alınma vaxtını təsdiq edən sənədlər əlavə edilməmiş, bununla da icra qeydinin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılıb-buraxılmaması barədə hüquqi dəyərləndirmə aparılması imkanı itirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra qeydinin mülki mühakimə icraatı qaydasında mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş məcburi müddət buraxıldığı təqdirdə, ilk növbədə buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edilməli, bu barədə ərizəyə zəruri sənədlər – iddia ərizəsi, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi fakt və halların təsdiqinə dair sübutlar və s. əlavə edilməli və yalnız buraxılmış prosessual müddət məhkəmə tərəfindən üzrlü hesab edilərək bərpa edildikdən sonra iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməklə, işin məhkəmədə baxılmağa hazırlanması barədə növbəti prosessual hərəkətlər həyata keçirilməlidir. Məhkəmə onu da qeyd edir ki, müvafiq iddia ərizəsi üzrə məhkəmə icraatının mümkün hesab edilib-edilməməsi məsələsinə digər mülki iş üzrə icraat çərçivəsində də baxılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(5-103)-477/2026 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı Notariat Ofisi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatı mümkün hesab edilməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardadda ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmadan, iddiaçı tərəfindən yol verilmiş prosessual pozuntular aradan qaldırılmadan yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir ki, bu da pozulmuş və barəsində mübahisə edilən hüquqların səmərəli müdafiəsi məqsədini daşımır. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən bu və ya digər sənəd də əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə əlavə edilməli olan sənədlərdən biri kimi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd çıxış edir və həmin məcəllənin 152.1.5ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün müstəqil (həlledici) əsasdır. Həmçinin, iddiaçı özünün qanunla dövlət rüsumu ödəməkdən azad edilən şəxslər siyahısına aid olması barədə mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yol verilən prosessual pozuntuların hər biri iddia ərizəsinin geri qaytarılması üçün müstəqil əsas qismində çıxış edir, lakin iddia ərizəsinin geri qaytarılması pozuntuların aradan qaldırılaraq mülki prosessual qanunvericiliyin tələblərinə uyğun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Məhkəmə son olaraq nəzərə çatdırır ki, hazırkı qərardad iddiaçı tərəfindən yol verilmiş pozuntuları sonuncunun diqqətinə çatdıran məhkəmə aktı olmaqla, həmin pozuntuların qısa müddətdə aradan qaldırılaraq pozulmuş və ya barəsində mübahisə edilən hüquqların çevik və operativ müdafiəsi məqsədini daşıyır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı Notariat Ofisi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatı mümkün hesab edilməsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(5-103)-943/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(5-103)-943/2026
06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver