Məhkəmə qərarları › İş №2(5-104)-1400/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(5-104)-1400/2026

17.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-104)-1400/2026 17.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul” tələbinə dair birgə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 750 000 (yeddi yüz əlli min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Birgə iddiaçıların məhkəməyə təqdim etdikləri iddia ərizəsini və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Birgə iddiaçıların məhkəməyə təqdim etdikləri iddia ərizəsi qanunvericliklə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Məhkəmə bildirir ki, qanunvericilik iddia ərizəsinin forma və məzmununu digər ərizələrdən fərqləndirmişdir. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən təqdim olunmuş iddia ərizəsində iddiaçı olaraq İddiaçı2 da göstərilsə və iddia ərizəsi onun tərəfindən də imzalansa da, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən onun cavabdehlərə qarşı tələbinin nədən ibarət olunması göstərilməmişdir. Belə ki, iddia ərizəsinin xahiş edirəm hissəsində “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 750 000 (yeddi yüz əlli min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa diqqət yetirdikdə, İddiaçı2 digər İddiaçı1 ilə birgə iddiaçı qismində iddia ərizəsinin verilməsi əsasları göstərilməmiş, ümumiyyətlə İddiaçı2 münasibətdə iddia tələbinin əsası kimi istinad etdiyi fakt və hallar qeyd edilməmişdir. Belə olan halda hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 1040 (bir min qırx) manat məbləğində pul İddiaçı1 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçı1 tərəfindən 16 mart 2026-cı il tarixli, ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 1040 (bir min qırx) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı1 qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar