Məhkəmə qərarları › İş №2(5-104)-1405/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(5-104)-1405/2026

18.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-104)-1405/2026 18.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh - iddiaçıya məxsus “BMW X-5" Minik markalı 2004-cü il buraxılışlı **- CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyana görə 5070 manat məbləğində pulun, 100 manat qüsur aktına verilmiş rüsumun və ödənilmiş 72 manat dövlət rüsumunun alınaraq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərini qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı ona məxsus olan "BMW X-5" Minik markalı 2004-cü il buraxılışlı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomaşınını xx.xx.2025-ci il tarixindən 18 ay müddətində hər ay 855 manat olmaqla vətəndaş Cavabdeh X1 Haqqında İltizamı əsasında icarəyə vermişdir. Beləliklə, cavabdehlə aralarında bağlanmış X1 Haqqında İltizamına əsasən icarəyə götürdüyü avtomaşına görə 18 ay ərzində hər ay 855 manat ödəməyi öhdəsinə götürsə də, 7 ay ödəniş etmişdir. Noyabr ayından bu günə qədər heç bir ödəniş etməmiş və maşını 313 CARS MMC-ə geri təhvil vermişdir. Müqavilədə nəzərdə tutulan normaları pozmuş, müqavilənin mahiyyətinə zidd olaraq avtomaşın Cavabdeh istifadəsində olduğu müddətdə yararsız vəziyyətə salınmış və təhvil vermişdir. Maşın təhvil verilən zaman, maşının qəzalı vəziyyətdə olması aşkar olundu və vurulmuş ziyan avtomaşının təmir olunması üçün lazım olan vəsait barədə “EKSPRESS SERVİSE” tərəfindən qüsur aktı tərtib edilmişdir. Qüsur aktı müstəqil qiymətləndirici X3 (VÖEN: **********) tərəfindən tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. Qüsur aktında göstərilir ki, avtomobilin təmiri üçün lazım olan ehtiyyat hissələri 4420 (dörd min dörd yüz iyirmi) manat, zəhmət haqqı 1300 (min üç yüz) manat, cəmi 5070 (beş min yetmiş) manat vəsait lazımdır. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** VÖEN nömrəsi verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, Cavabdeh xx.xx.2015ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** VÖEN nömrəsi verilmişdir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Hazırki iş üzrə iddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, yaranmış mübahisə qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasındadır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı cavabdehə icarəyə verdiyi "BMW X-5" Minik markalı 2004-cü il buraxılışlı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyanı, yəni 5070 manat məbləğində pulu cavabdehdən tələb edir. Göründüyü kimi, mübahisə məhz sahibkarlıq fəaliyyətinin həyata keçirməsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddiaçı hazırkı ərizəsini aiddiyyət qaydalarının pozulması ilə verdiyinə görə, məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə həmçinin hesab edir ki, xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 72 (yetmiş iki) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Maliyyə İdarəsi tərəfindən İddiaçı (SWİFT: AİİBAZ2X; MÜXBİR HESAB: AZ37NABZ********************; BENEFİSİARİN HESABİ: AZ60AİİB********************) qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 35.2, 151.1, 152, 152.1.1, 263-264-cü maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 72 (yetmiş iki) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Maliyyə İdarəsi tərəfindən İddiaçı (SWİFT: AİİBAZ2X; MÜXBİR HESAB: AZ37NABZ********************; BENEFİSİARİN HESABİ: AZ60AİİB********************) qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar