Məhkəmə qərarları › İş №2(5-104)-869/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(5-104)-869/2026

19.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-104)-869/2026 19.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin və 3 yaşınadək uşağa baxış pulunun artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin və 3 yaşınadək uşağa baxış pulunun artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün aylıq 260 (iki yüz altmış) manat məbləğində sabit pul məbləği şəklində alimentin müəyyən edilməsi, minimum əmək haqqının artımına uyğun olaraq indeksasiya olunmaqla hər ay ona ödənilməsi, uşağın üç yaşına çatmasına qədər onun xeyrinə, uşağa faktiki qulluq edən ana kimi aylıq 300 (üç yüz) manat məbləğində anaya baxış pulunun tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından göründüyü kimi iddiaçı cavabdehdən tutulan aliment məbləğinin dəyişdirilərək 2026-cı il üzrə minimum əmək haqqı əsas götürülməklə sonrakı artımlar nəzərə alınmaqla tutulmasını xahiş etməklə, iddia tələbinin əsasını 2026-cı il üçün minimum əmək haqqının dəyişdirilməsi (indeksasiya) təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə bağlı iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-3-cü maddəsinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Belə ki, iddiaçı aliment miqdarının dəyişdirilməsini xahiş etdiyindən, iddiasında minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tələb etdiyindən, iddia ərizəsi indeksasiya mahiyyəti daşıdığından məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) ərizə ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etməli idi. Bundan başqa iş materiallarında olan İmişli Rayon Məhkəməsinin 8(036)-58/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)-2168/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 180 manat sabit pul məbləğində aliment və onun saxlanılması üçün 50 manat aliment məbləğlərini sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli və 0,14 misli həddində indeksasiya olunması qərara alınmışdır. Göründüyü kimi hazırda İddiaçı Cavabdeh qarşı cavabdehdən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün aylıq 260 (iki yüz altmış) manat məbləğində sabit pul məbləği şəklində alimentin müəyyən edilməsini, minimum əmək haqqının artımına uyğun olaraq indeksasiya olunmaqla hər ay ona ödənilməsini, uşağın üç yaşına çatmasına qədər onun xeyrinə, uşağa faktiki qulluq edən ana kimi aylıq 300 (üç yüz) manat məbləğində anaya baxış pulunun tutulmasını və ödənilməsini xahiş etsə də, İmişli Rayon Məhkəməsinin 8(036)-58/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə “aliment məbləğinin və 3 yaşınadək uşağa baxış pulunun artırılması” tələbinə baxılmış, ərizə təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin və 3 yaşınadək uşağa baxış pulunun artırılması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar