Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(5-105)-251/2026 27.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: aliment) X4 Muxtar oğlunun sədrliyi, Hacılı Jalə Nüsrət qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1807/2024 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 06 may 2008-ci ildə anadan olmuş X5 və 18 yanvar 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, Abşeron Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(012)-1807/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(012)-2587/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, 06 may 2008-ci ildə anadan olmuş X5 və 18 yanvar 2010cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 210 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların minimum tələbatının ödənilməsinə yetmir. Uşaqlar böyüyüb, oğlu ADNSU-də İ kursda təhsil alır. Qızı isə 10-cu sinifdə oxumaqla, hazırlıqlara gedir. Özü isə heç yerdə işləmir. Hazırda uşaqları ilə birgə Abşeron rayonu, Masazır kəndində atasına məxsus evdə yaşayırlar. Uşaqların məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2026-cı ildə hər uşaq üçün 250 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, özü çəkir. Uşağı həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh hərbiçi olmaqla Müdafiə Nazirliyinin N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçudur. Onun əmək haqqısı kifayət qədərdir. Buna görə də alimentin məbləğinin dəyişdirilməsi zərurəti yaranmışdır.
b) iddiaya qarşı etiraz
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək iddianın təmin edilməsini Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1807/2024 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilməsini xahiş etmişdir. Bildirib ki, cavabdeh N saylı hərbi hissədə işləyir. Cavabdehin qazancı yüksək olduğuna görə alimenti sabit pul məbləğində yox, əmək haqqı(gəlirlərinin) üçdə bir hissəsinin tutularaq ona ödənilməsini və məhkəmədən ədalətli qərar verilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Aliment məbləğinin əmək haqqının üçdə bir hissəsi məbləğində təyin edilməsinə etiraz etmədiyini eyd etmişdir.
İşin halları
6. Abşeron Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(012)-1807/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(012)-2587/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, 06 may 2008-ci ildə anadan olmuş X5 və 18 yanvar 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 210 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğdə aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin xx.xx.2026-cı il tarixində N saylı hərbi hissəyə ünvanladığı sorğuya əsasən Cavabdeh əmək haqqı və digər gəlir məlumatlarını verilməsi xahiş olunmuşdur. xx.xx.2026-cı il verilən sorğuya cavab olaraq N saylı hərbi hissədən bildirilmişdir ki, Cavabdeh əmək haqqısı qanunvericilikdə nəzərədə tutulmuş bütün növ vergilər və sosial ödənişlər tutulduqdan sonra aylıq pul təminatı 1207,69 (bir min iki yüz yeddi manat) 69 qəpik təşkil edir. Göstərilən məbləğdən yəni 1207,69 (bir min iki yüz yeddi manat) 69 qəpikdən hər ay 420,00 (dörd yüz iyirmi manat) 00 qəpik məbləğində aliment ödənişi İddiaçı kart hesabına köçürülür. 7.---------------------------------
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir; Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır.”
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
12. İşin faktiki hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 20 may 2024cü il tarixli, 2(012)-1807/2024 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(012)-2587/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, 06 may 2008-ci ildə anadan olmuş X5 və 18 yanvar 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 210 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğdə aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
13. Hazırda isə iddiaçı cavabdehdən uşağın saxlanması üçün hər ay tutulan alimentin məbləğinin dəyişdirilərək cavabdehin qazancının və digər gəlirlərinin 1/3 hissəsində aliment tutulmasını xahiş etmişdir.
14. Məhkəmə iddia tələbi ilə razılaşaraq qeyd edir ki, uşaqların saxlanılması üçün qeyd edilən məbləğdə aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Alimentin aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması qanunvericiliyin verdiyi hüquqdur və iddiaçının bu hüquqdan istifadə etməsi digər şəxslərin mənafeyinə toxunmur.
16. Eyni zamanda, nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi məhkəmədə çıxışı zamanı onu da qeyd etmişdir ki, alimentin 1/3 hissədə tələb olunmasına heç bir etirazları yoxdur.
17. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 06 may 2008-ci ildə anadan olmuş X5 və 18 yanvar 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməli,
18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1807/2024 nömrəli qətnaməsi ilə Cavabdeh X5 və X1 üçün İddiaçı xeyrinə tutulan aliment məbləği dəyişdirilsin. 06 may 2008-ci ildə anadan olmuş X5 və 18 yanvar 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Məhəmməd Eminbəyli