Məhkəmə qərarları › İş №2(5-107)-656/2026

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(5-107)-656/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(5-107)-656/2026 02.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsinə 02 mart 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 85500 (səksən beş min beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 346 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərdən ilkin ödəniş etməklə 15 avtomobili avto-kredit müqaviləsi ilə nisyə olaraq almış, lakin daha sonra avtomobillərin aylıq ödənişlərini vaxtında ödədiyinə baxmayaraq, cavabdehlər əsassız olaraq avtomobilləri iddiaçıdan geri almış və iddiaçının etdiyi 85500 manat ödənişi geri qaytarmamışlar. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı və Cavabdeh1 adlarına VÖEN mövcuddur və onlar sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Belə olan halda iddia ərizəsi Ağdam Rayon Məhkəməsinə deyil, müvafiq kommersiya məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçının hazırki iddia tələbini irəli sürmək üçün ödədiyi 346 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hazırki iddia tələbini irəli sürmək üçün İddiaçı ödədiyi 346 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar