Məhkəmə qərarları › İş №2(5-107)-99/2026

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(5-107)-99/2026

19.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(5-107)-99/2026 19.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Babakişi oğlunun Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmənin binasında mülki işin materiallarını məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı Babakişi oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, qeyd olunan ərizəyə heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçı Babakişi oğlunun Cavabdeh qarşı cavabdehlə iddiaçı arasında Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar