Məhkəmə qərarları › İş №2(5-115)-333/2026

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(5-115)-333/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(5-115)-333/2026 13.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aytəkin Güləli qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “alqısatqı müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “alqısatqı müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5300 (beş min üç yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 və başqalarından alınıb, avtomobilinin özünə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2 - ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarı: 13-cü bəndinə əsasən iddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh1 ilə yanaşı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da göstərilmişdir. Lakin tələb hissəsində 5300 manat pulun “Cavabdeh1 və başqalarından” tutulması qeyd olunsa da, “başqaları” dedikdə konkret olaraq hansı şəxslərin nəzərdə tutulduğu göstərilməmişdir. Bununla yanaşı, iddia ərizəsində adı qeyd olunan digər cavabdehlərin hər birinə qarşı ayrıca hansı tələbin irəli sürüldüyü də müəyyən edilmir. Başqa sözlə, ərizədən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə iddiaçının konkret tələb və iradəsinin nədən ibarət olduğu aydın görünmür. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, bir neçə cavabdehə qarşı iddia verildikdə onların hər birinə münasibətdə yönələn tələb konkret və aydın şəkildə göstərilməlidir. Hazırkı iddia ərizəsində isə bu tələbə əməl olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi prosessual qanunvericiliyin forma və məzmunla bağlı tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “alqısatqı müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətində ondan Biləsuvar rayon məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. HAKİM: Aytəkin Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar