Məhkəmə qərarları › İş №2(5-124)-255/2026

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(5-124)-255/2026

12.03.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(5-124)-255/2026 12.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Aşıqlı kəndində ona məxsus 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tikdiyi hovuzu (baseynin) çəkilməsinə maneə törədən cavabdehlər Cavabdeh1 İsrafil oğlu və Cavabdeh2 tərəfindən törədilmiş maneələrinin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi bir nüsxədə olmaqla şəxsən imzalanmamış, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə iddia ərizəsinin surəti qoşma kimi göstərilməsinə baxmayaraq iddia ərizəsinə tərəflərin sayına uyğun əlavə edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik və tələbin dəqiq olmaması mövcuddur. Belə ki, iddiaçı ərizədə maneənin nədən ibarət olması, kimin tərəfindən hansı hərəkətlərlə edilməsi və edilən hansı maneənin aradan qaldırılması dəqiq göstərməməklə qeyri-müəyyən xahiş etmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizəsi müəyyən olunmuş forma və məzmununa riayət edilmədən verilmiş, cavabdehlərə yönələn tələbi müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1.1.-ci maddəsinin tələbinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3.-ci maddəsinin tələbinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1–ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149–cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1–ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdirlər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(5-124)-255/2026 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2026-cı il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 16:40-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 16:50-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar