Məhkəmə qərarları › İş №2(5-131)-116/2026

İmişli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(5-131)-116/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ İmişli rayonu İş № 2(5-131)-116/2026 05.03.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: əsassız varlanma, pul tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 7830,31 manat pul vəsaitinin alınıb iddiaçının xeyrinə verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçıya vurulan 7830,31 manat ziyanın və 100 manat dövlət rüsumunun, cəmi 7930,31 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 8 ildir "xxxx" MMC-də mühafizəçi işləyir. 2025-ci ilin axırlarında dayısı X2 nəvəsi X3 iddiaçıya müraciət edərək “Kontakt”dan kredit müqaviləsinə əsasən mobil telefon və notebook götürmək istədiyini, lakin rəsmi iş yeri olmadığından ona kredit vermədiklərini bilmişdir. İddiaçının rəsmi iş yeri olduğundan adına kredit müqaviləsinə əsasən “Kontakt”dan mobil telefon və notebook götürməsini və cavabdehə təqdim etməsini iddiaçıdan xahiş etmişdir. Aylıq kreditləri cavabdehin özünün ödəyəcəyini bildirmişdir. İddiaçı onunla razılaşmışdır. xx.xx.2025-ci il tarixli 367272 nömrəli kredit müqaviləsinə əsasən “Kontakt”ın Nərimanov filialında olan "xxxx" MMC ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən 6018,88 manat dəyəri olan “X6 G 16 GA605 WV- QR077” markalı komputer və 1821 manat dəyəri olan “İpone ** GB ***” markalı mobil telefonu götürərək mağazada cavabdehə təqdim etmişdir. Həmin malın ilkin ödənişi olan 1982,68 manat pulu cavabdeh ödəmiş, 5857,2 manat borcu qalmışdır. Bundan sonra cavabdeh kredit müqavisi üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cəmi 1993,80 manat pul ödəmişdir. Həmin müqavilə üzrə 3863,40 manat borcu qalmışdır. Bundan sonra kredit müqaviləsi üzrə ödəniş etməmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixli 01628/25 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı “Kontakt”ın Nərimanov filialında olan “X7 Olmayan Kredit Təşkilatı” MMC ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən 1347,63 manat dəyəri olan “Play Sation” markalı oyun komputeri götürərək mağazada cavabdehə təqdim etmişdir. Həmin malın ilkin ödənişi olan 69,72 manat pulu cavabdeh ödəmiş, 1247,91 manat borcu qalmışdır. Bundan sonra cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cəmi 269 manat pul ödəmiş, həmin müqavilə üzrə 978,91 manat borcu qalmışdır. Bundan sonra kredit müqaviləsi üzrə ödəniş etməmişdir. Bundan əlavə iddiaçı xx.xx.2025-ci il tarixli 28K6838540 nömrəli kredit müqaviləsinə əsasən 28 may filialında olan "xxxx" MMC (VÕEN **********) ilə müqavilə bağlamış, həmin müqaviləyə əsasən 4388 manat dəyəri olan “İpone 16 pro max” markalı mobil telefonu götürərək mağazada cavabdehə təqdim etmiş, həmin malın ilkin ödənişi olan 1400 manat pulu cavabdeh ödəmiş, 2988 manat borc qalmışdır. Bundan sonra kredit müqaviləsi üzrə ödəniş etməmişdir. Kreditlərlə bağlı iddiaçı dəfələrə mobil telefonda cavabdehlə danışmış, kreditləri ödəmək lazım olduğunu bildirmişdir. Bu barədə “Whatsap” vasitəsi ilə cavabdehlə danışmış, ona səslər göndərmiş, yazılı formada mətnlər yazaraq göndərmişdir. Bu barədə cavabdeh də iddiaçının mobil telefonuna Whatsap vasitəsi ilə yazı və səslər atmışdır. Cavabdeh kreditləri ödəyəcəyini və iddiaçının narahat olmamasını bildirmişdir. Həmin yazışmaları və səsləri məhkəməyə təqdim edəcəkdir. 2025-ci ilin noyabr ayının ortalarından cavabdeh iddiaçının telefon zənglərinə cavab verməmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə aldatma və etibardan sui-istifadə halına görə iddiaçı 4842,31 manat məbləğində pulunun X1 almaq üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, orada iddiaçıdan izahat alınmış, ona mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, qeyd edilən kreditləri o, öz adına rəsmiləşdirsə də, ödənişləri cavabdeh ödəmişdir. Belə ki, cavabdeh pul vəsaitini ona köçürmüş, o da ödənişləri etmişdir. Lakin təxminən dörd ay müddət ərzində cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdeh qeyd edilən malları almasını və borcu olduğunu səs yazılarında etiraf etmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Həmin Məcəllənin 238.1-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iclasında iddiaçı işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; - 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır; - 241.3-cü maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz; - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə; 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.3-cü maddəsinə əsasən müvafiq olaraq tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən 6018,88 manat dəyərində “X6 G16 GA605WV-QR077” və 1821 manat dəyərində “İphone 13 128 GB- Midnight” iddiaçıya satılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən həmin müqavilə üzrə iddiaçının 5804,35 manat məbləğində borcu qalmışdır. İddiaçı ilə “X7 Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1247,91 manat dəyərində mal iddiaçıya satılmış, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən həmin müqavilə üzrə iddiaçının 1039,91 manat məbləğində borcu qalmışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 4388 manat dəyərində “İphone 16 Pro Max 256 GB” mobil telefon iddiaçıya satılmış, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzinə əsasən həmin müqavilə üzrə iddiaçının 2988 manat məbləğində borcu qalmışdır. İddiaçının cavabdehlə razılaşmasına əsasən iddiaçı yuxarıda qeyd olunan müqavilələr üzrə əldə etdiklərini həmin müqavilələr üzrə ödənişləri cavabdehin ödəməsi şərtilə ona vermişdir. Lakin cavabdehlə iddiaçının arasında heç bir müqavilə olmamışdır. Cavabdeh müəyyən müddət ödənişləri etsə də, daha sonra ödənişləri ödəməkdən və əldə etdiyi əşyaları iddiaçıya geri qaytarmaqdan imtina etmiş, ödənişlərin vaxtında edilməməsinə görə iddiaçının tələb etdiyi məbləğdə borcu yaranmışdır. Nəticədə cavabdeh əsassız olaraq varlanmışdır.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

13. Qeyd olunmalıdır ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. İddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.

14. Qanunvericiliyin qeyd edilən normalarına əsasən, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Göründüyü kimi əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxs sayılır. Eyni zamanda, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Hər bir hüquqazidd hərəkət kimi əsassız varlanma da müəyyən hüquqi nəticələr yaradır. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququ isə bərpa edilməlidir. Əsassız varlanma nəticəsində şəxsin pozulmuş hüququ o, halda bərpa edilə bilər ki, o həqiqətən əmlak itkisinə məruz qalmış olsun.

15. Hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasındakı “whatsapp” səs yazıları olan “CD” disk məhkəmə iclasında tədqiq edilmiş, səs yazılarından cavabdehin iddiaçıdan dəyəri tələb olunan malları alması və iddiaçıya borclu olması, həmçinin borcu ödəməməsi təsdiq olunur. Cavabdeh tərəf bu səs yazılarının ona məxsus olmasını təkzib edən heç bir subutu məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə səs yazısının qəbuledilənlilik məsələsinə münasibətdə qeyd edir ki, səs qeydə alındığı şəraitdə tərəflərin aralarında olan mübahisədən kənar şəxsi və ailə həyatı sirrinə dair hər hansı məlumatlar əks olunmamışdır. Tədqiq olunan səs yazısı həqiqətin müəyyən olumasını təmin edən vasitə kimi çıxış edir. Belə ki, Konstitusiyanın 125-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

17. Məhkəmə iddiaçı tərəfindən iş materialına əlavə edilmiş səs yazısını mötəbər sübut kimi qiymətləndirir. Qeyd edilən səs yazısı iddiaçı tərəfindən dəyəri tələb olunan malların cavabdehdə olduğunu bir daha təsdiq edir.

18. Qeyd ediilməlidir ki, qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi.

19. Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmişdir. Bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir.

20. Məhkəmə qeyd edir ki, əmlakların cavabdeh tərəfindən əldə edilməsinin qanundan və ya müqavilədən irəli gələn hər hansı əsasının olması barədə tərəflərin heç biri məhkəməyə sübut təqdim etməmişdir.

21. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı alğı-satqı müqaviləsi bağlamış, hissə-hissə ödənilməsi şərtilə 13475,79 manat dəyərində əmlak əldə etmişdir. İddiaçı cavabdeh tərəfindən ödənişlərin edilməsi şərtilə, əldə olunan əmlakları cavabdehə təqdim etmişdir. Cavabdeh müəyyən müddət ödənişləri etsə də, sonradan ödənişlər etməmiş, nəticədə 9832,26 manat borc yaranmışdır. Cavabdeh tərəflər arasında şifahi razılaşmaya əsasən üzərinə düşən öhdəliyi icra etməməmiş, iddiaçının qanunla qorunan hüquq və maraqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməyərək, heç bir hüquqi əsas olmadan başqa şəxsin, yəni iddiaçının hesabına əmlak əldə edərək əsassız varlanmışdır.

22. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

23. Qərarda həmçinin göstərilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

24. Məhkəmə tələb edilən pul vəsaitinin məbləğinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının 13475,79 manat dəyərində əmlakını əldə etmiş, müəyyən müddət ödəniş etdikdən sonra öhdəliyi icra etməməmiş, əldə edilmiş əmlakın dəyərindən 9832,26 manat borc qalmışdır. Lakin iddiaçı 7830,31 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

25. Qeyd edilməlidir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu norma məhkəmə müdafiəsindən istifadə edib-etməməsinin şəxsin özünün ixtiyarında olduğunu və onun bu qərarı azad şəkildə qəbul etməli olduğunu bir daha təsdiq edir. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır.

26. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normaları, həmçinin tədqiq olunan sübutlara əsasən hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7830,31 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

27. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olubolmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

28. İş materialında olan xx.xx.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

29. Mülki iş üzrə iddia ərizəsinin surətinin cavabdehə göndərilməsi və cavabdehin xəbərdar edilməsi üçün cavabdеh Cavabdeh 2 ədəd sadə poçt göndərişi göndərilmişdir ki, həmin göndərişin dəyəri 1,8 manat təşkil edir.

30. Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir ki, hazırkı iş üzrə iddianın qiyməti 7830,31 manat, həmin hissəsiyə mütənasib olaraq ödənilməli olan dövlət rüsumu isə 98,3 manat təşkil edir.

31. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 98,3 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdehə iddia ərizəsinin surətinin verilməsi və məhkəməyə çağırılması ilə bağlı 1,8 manat məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.

VI. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 7830,31 manat məbləğində pul vəsaiti və ödənilmiş 98,3 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh 1,8 manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün İmişli Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar