Məhkəmə qərarları › İş №2(5-132)-68/2026

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-132)-68/2026

16.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(5-132)-68/2026 16.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 16 mart 2026-cı il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təqsiri üzündən təsərrüfatında olan bir baş erkək camış heyvanının tələf olması nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 4200 manat və 63 manat dövlət rüsumu olmaqla, cəmi 4263 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 noyabr 2025-ci il tarixdə İsmayıllı rayonu Talıstan kəndində ona məxsus 1 baş erkək camış heyvanı qonşusu Cavabdeh tərəfindən aralarında olan çəpərə qoşduğu elektrik cərəyanına toxunaraq tələf olmuşdur. Nəticədə ona maddi ziyan dəymişdir. Bununla bağlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında rayon polis şöbəsində araşdırma aparılmışdır. Polis şöbəsinin əməkdaşları heyvanın tələf olduğu əraziyə baxış keçirmiş, hər ikisinin izahatı alınmış və müəyyən olunmuşdur ki, heyvanın tələf olması Cavabdeh çəpərə elektrik cərəyanı qoşması səbəbindən olmuşdur. X2 qərarı ilə Cavabdeh barəsində AR İXM-nin 274.4-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar qəbul edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat araşdırması zamanı Cavabdeh heyvanın tələf olmasında təqsirli bilinərək, barəsində 22 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli qərarı ilə Cavabdeh təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Bir neçə gün öncə həmin erkək camış heyvanına alverçi gəlib baxmış və 5000 manat pul vermişdir. Lakin həmin məbləğlə razı olmadığı üçün heyvanı satmamışdır. İsmayıllı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən həmin camış heyvanının orta bazar qiymətinin 4000-4200 manat civarında olması ila bağlı arayış vermişdir. Göründüyü kimi cavabdehin təqsiri üzündən ona 4200 manat məbləğində ziyan dəymişdir. Həmin dəymiş ziyan məbləğini cavabdeh ona ödəməkdən imtina etmiş, tələb etməyinə baxmayaraq ziyanı ödəməkdən boyun qaçırmışdır. Cavabdeh ona dəymiş ziyanı ödəmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 63 manat dövlət rüsumu ödəmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Talıstan kəndində yaşayır. İddiaçı onun qonşusudur. O, üç ildən artıqdır ki, iddiaçının 7-8 baş saxladığı itlərə görə həyətində heç bir işlə məşğul ola bilmir. İddiaçıya məxsus itlər onun həyətini, həyətyanı otlaq sahəsini, yığdığı almanı və bostanı məhv etmiş və nəticədə ona maddi və mənəvi ziyan vurmuşdur. Həmin itlər bir neçə dəfə kənd sakinlərinə də hücum çəkmişdir. İddiaçının iddiasına görə elektrik xətti çəpərə çəkilmiş və camış heyvanı elektrik cərəyanına toxunaraq ölmüşdür. Lakin elektrik xətti çəpərdən aralı öz tərəfinə çəkilmişdir. Onun heyvanı iddiaçıya məxsus həyətə keçmədiyi halda nə üçün iddiaçıya məxsus heyvan onun həyətinə keçməlidir. Əgər camış çatıdan açılıbsa tövlənin qapısını kim açıbdır. Belə çıxır ki, iddiaçı gündüz deyil, gecə vaxtı heyvanı açıb onun həyətinə buraxmışdır. İddiaçı bilib ki, onun həyətində alma var və heyvan keçib ona ziyan vuracaqdır. Ona görə iddiaçı bu əmələ əl atıbdır. Hesablansa indiyə qədər ona təxminən 6500 manat məbləğində maddi ziyan dəymiş və dəyməkdə də davam edir. O, öz həyətində iddiaçının it sürüsündən rahat yaşaya bilmir. Aralarında olan çəpər alçaq olduğundan həmin itlər tez-tez onun həyətinə keçmişdir. Sözügedən çəpəri iddiaçı bərpa etməmişdir. İtlərin bağlanması üçün bir neçə dəfə iddiaçıya xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır.Çarəsiz qalaraq çəpərə elektrik cərəyanı qoşmuşdur. Həmin itlər ona da, maddi və mənəvi ziyan vurmuşdur. Bütün bunları nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi İsmayıllı Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 12 noyabr 2025-ci il tarixli, № 3-22-1-2-28/113/2025 saylı sorğuya cavab məktubundan görünür ki, İsmayıllı rayon Talıstan kənd sakini İddiaçı məxsus olan 1 baş camışın naməlum səbəbdən xəsarət alaraq tələf olduğu barədə Rayon Polis Şöbəsinə müraciət edilmiş, xx.xx.2025-ci il tarixdə heyvanın ölüm səbəbini araşdırmaq üçün İsmayıllı rayon HSBX idarəsinin əməkdaşı X1 həmin əraziyə getmiş, ölmüş heyvana baxış keçirən zaman və heyvanın sahibindən alınmış məlumatları topladıqdan sonra belə qənaətə gəlinmişdir ki, heyvan elektrik cərayanına toxunaraq ölmüşdür. 15 noyabr 2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı İlkin Məmmədov tərəfindən xx.xx.2025-ci il tarixli, HK-1/1594 nömrəli material əsasında araşdırılma aparılmış, araşdırma zamanı xx.xx.2025-ci il tarixli, HK-1/1594 nömrəli materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, Cavabdeh barəsində İXM-nin 274.4-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin İTB-nə verilməsi və İddiaçı dəymiş maddi ziyanlıqla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi İsmayıllı Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 15 dekabr 2025-ci il tarixli, № 3-22-1-2-28/130/2025 saylı sorğuya cavab məktubundan görünür ki, diri çəkisi 600 kq olan 3 yaşında 1 baş erkək camış heyvanının xx.xx.2025-ci il tarixinə orta bazar qiyməti 4000-4200 manat təşkil edir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(037)-443/2025 nömrəli qanuni qüvvəyə minmiş qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə olunmuş və İddiaçı dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılmışdır. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 14221103 büdcə təsnifat kodu vasitəsilə 63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması,zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması,zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya Cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh bir baş erkək camış heyvanının tələf olması nəticəsində dəymiş maddi ziyana görə 4200 manat pul alınaraq İddiaçı ödənilməlidir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh İsmayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən yaşadığı evin qonşuluğunda olan iddiaçıya məxsus həyətin sərhəd hissəsində inşa olunmuş çəpərə iddiaçıya məxsus itlərin həyətinə keçməsinin qarşısını almaq üçün sözügedən çəpərə elektrik cərəyanı qoşmuş və nəticədə iddiaçının təsərrüfatında olan bir baş camış malı həmin cərəyana toxunaraq tələf olmuşdur. İddiaçıya məxsus bir baş camış heyvanın cavabdehin təqsiri üzündən tələf olması, cavabdehin özünün izahatı və iş materialları ilə öz təsdiqini tapmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs,o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddia tələbi təmin edildiyindən ödənilmiş 63 manat dövlət rüsumu məbləği də Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki,onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4200 manat bir baş erkək camış heyvanının tələf olması nəticəsində dəymiş maddi ziyan və 63 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4263 manat pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar