Məhkəmə qərarları › İş №2(5-144)-283/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(5-144)-283/2026

30.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(5-144)-283/2026 30.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı «zinət əşyaları və pul» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona saxlamaq üçün verdiyi brilyant sırğa-üzüy, yaxud 3000 (üç min) AZN və 1000 (min) AZN pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-in) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki iddia ərizəsinin xahiş edirəm hissəsində iddiaçının tələbi aydın deyildir. Belə ki, iddiaçı tələbində “brilyant sırğa-üzük” kimi göstərdiyi əşyaların eyniləşdirilməsi mümkün deyildir. Məhkəmə zinət əşyalarına münasibətdə qeyd edir ki, zinət əşyalarının istehsalçısı olan ölkə, zinət əşyasının əyyarı, çəkisi və.s kimi əlamətlər qeyd edilməmişdir. Bu isə gələcəkdə hazırki tələb üzrə yekun məhkəmə aktı qəbul olunacağı halda, yekun məhkəmə aktının nəticəsinin qeyri-müəyyən və icrasının mümkünsüz olması ilə nəticələnə bilər, ona görə ki, iddia ərizəsilə yaxud da ona əlavə olunmuş sənədlərlə sözügedən “brilyant sırğa-üzük” zinət əşyasının tam olaraq təsviri xüsusiyyətlərini, habelə onların dəst (komplekt) yoxsa ayrı-ayrı zinət əşyaları olmasını müəyyən edə bilmir. Halbuki, MPM-nin 149.2.3-cü maddəsində göstərilmişdir ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunan prosessual hüquq normasının tələbi baxımından hesab edirəm ki, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 70 manat iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.2, 152.3, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «zinət əşyaları və pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 70 manat İddiaçı yenidən məhkəməyə müraciət etmədiyi təqdirdə ona geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar