Məhkəmə qərarları › İş №2(5-144)-5/2026

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-144)-5/2026

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(5-144)-5/2026 04.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı «yaranmış borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: TƏSVİR HİSSƏ İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, xx.xx.2023-ci il tarixli №01300-0750-01 saylı kredit müqaviləsi üzrə 208,29 AZN əsas, 122,10 AZN faiz, 177,44 AZN cərimə borcu olmaqla ümumilikdə 833,61 AZN manatı və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Lombard Fəaliyyati ilə məşğul olan fərdi sahibkar vöen ********** İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 fevral 2023-ci il tarixli №01300-0750-01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətində, illik 40% faiz dərəcəsi ilə hesablanmaqla 943 manat məbləğində kredit verilmişdir. Borclu tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsaitvə ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcun hesablanmamışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün kreditor səy göstərsə də borclu öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Həmin kredit müqaviləsinə əsasən 19 noyabr 2025-cü il tarixinə Cavabdeh əsas vaxtı keçmiş borc üzrə 208.29 manat, gecikdirilmiş faiz üzrə 120.10 manat, cərimə borcu 177.44 manat olmaqla cəmi 833.61 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. xx.xx.2026-cı il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh göndərilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləki, İş materiallarında olan ərizədən görünür ki, Lənkəran rayon, Şağlaser kəndində yaşayan Cavabdeh fiziki şəxs İddiaçı ərizə ilə müraciət edrək ona məxsus olan qızıl və zinət əşyalarını girov qoymaqla ona illik 40 faiz dərəcəsi ilə 12 ay müddətinə 943 manat məbləğində kredit verilməsi üçün müraciət etmişdir. xx.xx.2023-ci il tarixli № 01300-0750-01 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə 12 ay müddətinə, illik 40% faiz dərəcəsi ilə hesablanmaqla 943 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2023-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 96.32 manat, sonuncu ay 100.81 manat olmaqla 1160.33 manatı iddiaçıya geri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə xx.xx.2025-cü il tarixli edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Belə ki, MPM-nin 218.3-cü maddəsində əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-nin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Beləki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, işin hallarına görə 177.44 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir və həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 50 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən cavabdehdən əsas borc üzrə 208.29 manat, faiz borcu üzrə 122.10 manat və cərimə borcu 50 manat olmaqla cəmi 380.39 manat alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2023-ci il tarixli №01300-0750-01 saylı müqavilə üzrə 208.29 AZN əsas, 122.10 AZN faiz, 50 AZN cərimə borcu olmaqla ümumilikdə 380.39 AZN və 30 AZN məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar