Məhkəmə qərarları › İş №2(5-145)-312/2026

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(5-145)-312/2026

03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(5-145)-312/2026 03.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təqsiri nəticəsində ona dəymiş maddi ziyanın sığorta şirkəti tərəfindən ödənilməyən hissəsinin, yəni 1061 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən göründüyü kimi ərizədə mü cavabdehin soyadı və adı qeyd olunsa da, atasının adı, onun eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), o cümlədən yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı göstərilməmişdir. Cavabdehin eyniləşdirmə məlumatları olmadığı halda onun barədə digər məlumatları əldə etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İş materiallarından görünür ki, iddiaçı dəymiş maddi ziyanın sığorta şirkəti tərəfindən ödənilməyən hissəsinin ödənilməsini tələb etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Halbuki ərizədən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş vermiş və bu hadisə nəticəsində sığorta şirkəti tərəfindən ona ödəniş olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi elektron formada verilmədiyi halda ərizəyə cavabdehin sayına görə iddia ərizəsinin surəti əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İddiaçı müharibə veteranı olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci bəndinə görə dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar