Məhkəmə qərarları › İş №2(5-145)-655/2026

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(5-145)-655/2026

11.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(5-145)-655/2026 11.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X3, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 avqust 2025-ci il tarixli, MŞM/MT036/2025-00757 nömrəli mediasiya barışıq sazişi ilə müəyyən edilmiş və Masallı Rayon Məhkəməsinin 2(050)-4377/2025 saylı, 07 yanvar 2025-ci il tarixli təsdiq olunmuş, xx.xx.2020-ci il təvəllüdlü qızı X2 və xx.xx.2023-cü il təvəllüdlü qızı X1 yetkinlik yaşına çatmasınadək, onların saxlanmasından ötrü hər uşaq üçün ayrılıqda 125 manat, iki uşağa görə ümumilikdə 250 manat aliment miqdarının dəyişdirilməsi, aimentin bir uşağa görə 260 manat olmaqla, iki uşağa görə 520 manat miqdarında müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikah münasibətlərindədir, nikahları 14 oktyabr 2008-ci il tarixində qeydiyyatdan keçmişdir. Sözügedən nikahdan iki övladları xx.xx.2020-ci il təvəllüdlü qızı X5 və xx.xx.2023-cü il təvəllüdlü qızı X4 vardır. Cavabdehin uşaqların saxlanmasında iştirak etməkdən yayınması ilə əlaqədar, o, uşaqlarının yetkinlik yaşına çatmasınadək onların saxlanmasından ötrü cavabdehdən aliment alınması üçün mediasiyaya müraciət etmişdir. Mediasiya sessiyasında cavabdeh uşaqların saxlanması üçün alimentdən savayı kommunal xərcləri öhdəsinə götürdüyündən, hər uşağa görə 125 manat olmaqla, iki uşağa görə 250 manat aliment barədə cavabdehlə mediasiya sazişi bağlamışlar. Lakin cavabdeh vədinə və sazişə əməl etmədi. O nəinki kommunal xərcləri ödəmədi, eyni zamanda alimenti hissə-hissəyə ödədi və onun 800 manat aliment borcu yığıldı. Bununla əlaqədar o, alimentə dair mediasiya sazişinin məhkəmə qaydasında təsdiqlənməsi üçün ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Alimentin bir uşağa görə 125 manat olmaqla, iki uşağa görə ümumilikdə 250 manat məbləğində müəyyən edilməsi haqqında mediasiya prosesi nəticəsində bağlanılmış 15 avqust 2025-ci il tarixli, MŞM/MT036/2025-00757 nömrəli barışıq sazişi Masallı Rayon Məhkəməsinin 2(050)-4377/2025 saylı, 07 yanvar 2025-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2026ci il üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. Bir uşağa görə aldığı alimentin miqdarı isə yuxarıda qeyd olunduğu kimi 125 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı: 1.2.1. 8.4-cü bəndə əsasən aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Ərizənin məzmunundan aydın olur ki, İddiaçı Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmasını xahiş edir. Tələbini minimum əmək haqqının artması ilə əlaqələndirir və tələb indeksasiya xarakteri daşıyır. Məhkəmə hesab edir ki, hazırki tələb qətnamənin icrası qaydasında baxılmalıdır. Bu səbəbdən, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir və iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı aliment məbləğinin indeksasiyası olunması barədə ərizə ilə qətnamənin icrası qaydasında icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar