Məhkəmə qərarları › İş №2(5-147)-10/2026

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-147)-10/2026

05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(5-147)-10/2026 05.03.2026 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 875 (səkkiz yüz yetmiş beş) manat miqdarında pulun, yaxud dəmir boruların onun payına düşən hissəsinin və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh həmkəndlisidir və qonşuluqlarında yaşayır. 1992-ci ildə mərhum atası Rəşid Əmirxanov, əmiləri və iki nəfər qonşusu ilə birlikdə Naftalan şəhər Su İdarəsindən icazəsini alaraq həyətlərinə öz vəsaitləri hesabına 280 metr uzunluğunda, diametri 160 mm, metal hissəsinin qalınlığı 1 sm olan dəmir boru vasitəsilə içməli su xətti çəkdirmişlər. 30 ildən artıq bir müddət həmin su xəttindən istifadə etmişlər. Su xəttinin çəkilməsi üçün 7000 (yeddi min) manat vəsait xərclənmişdir. 2025-ci ilin avqust ayında Naftalan Su İdarəsinin əməkdaşları tərəfindən dövlət vəsaiti hesabına Qasımbəyli kəndinə yeni su xətti çəkilmiş, bu səbəbdən əvvəlki su xətti istifadəsiz qalmışdır. Keçmiş su xəttindən istifadə etmiş cavabdeh onlara bildirmədən, xəbərsiz həmin boruları gecənin qaranlıq vaxtlarında kəsib çıxararaq öz həyətinə yığmışdır. Halbuki həmin borular ona, əmilərinə və iki nəfər digər qonşulara məxsus olmuşdur. Onlar həmin boruları istifadə etmək istəyirlər. Cavabdehə bu barədə iradlarını bildirdikdə, cavabdeh cavab olaraq “yaxşı etmişəm götürmüşəm, borular mənimdir, heç kiminlə bölüşmək fikrim yoxdur” demişdir. Baş vermiş hadisə ilə bağlı Naftalan ŞPŞ-ə ərizə ilə müraciət edilmişdir. Naftalan ŞPŞ-in Təhqiqat qrupunun təhqiqatçısı Rüfət Məmmədov tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsində cavabdehin hərəkətlərində cinayət tərkibi olmadığı və tələblə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bu barədə 18 noyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”-ın surəti ərizəyə əlavə edilmişdir. Cavabdehin hərəkətlərinin nəticəsində konkret olaraq ona 875 manat ziyan dəymişdir. Çünki yuxarıda qeyd etdiyi su xətti 30 il əvvəl atası, əmiləri və digər qonşuları ilə birlikdə, ümumilikdə 8 nəfərin birgə vəsaiti hesabına 7000 manatdan artıq pul xərclənilməklə çəkilmişdir. Hazırda tələb edir ki, cavabdeh qanunsuz olaraq götürdüyü su borusunun ona çatası olan hissəsini, yaxud da borunun dəyəri olan 875 (səkkiz yüz yetmiş beş) manat pulu ona versin. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, sözü gedən su xətti 1992-ci ildə babaları Əmirxanov Mayıl tərəfindən çəkilmişdir. Həmin su xəttinin çəkilməsinə sərf edilmiş pulları onun atası, əmiləri və iki nəfər digər qonşuları çəkmişlər. Təxminən borunun çəkilməsinə 7000 manat pul xərclənmişdir. Cavabdeh isə yalnız həmin pulun özünə düşən hissəsinin pulunu ödəmişdir. 2025-ci ildə dövlət tərəfindən kəndə yeni su xətti çəkildiyi üçün köhnə xətt istifadəsiz qalmışdır. Cavabdeh isə istifadəsiz qalan ümumi su xəttinin kəndin girişində yerləşən qazan hissəsindən Firdovsi adlı kənd sakininin evinin yaxınlığına kimi olan borularını çıxararaq götürmüşdür. Əslində isə həmin borular səkkiz nəfər kənd sakini arasında bölünməlidir. X1 öldüyü üçün və o da, atasının vərəsəsi olduğu üçün mərhum atasına düşən boru hissəsinin və ya boruların dəyərinin ona çatmalı olduğunu hesab edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan 18 noyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsinə əsasən toplanmış HK 1-248 nömrəli material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qəbul olunmuş qərarın surəti İddiaçı göndərilməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət elmək hüququnun olması izah edilmiş, həmçinin mübahisə ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Məhkəmə iddianın həlli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsasları yoxlayaraq qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur və s. Məhkəmə işin araşdırılan faktiki hallarına əsasən qeyd edir ki, Naftalan şəhəri, Qasımbəyli kəndi ərazisinə çəkilmiş su xəttinin müəyyən hissəsinin cavabdeh tərəfindən sökülmüş olması işin mübahisəsiz halıdır. İddiaçı isə boruların vaxtı ilə öz atasının və digər şəxslərin vəsaiti hesabına alınaraq çəkildiyini, bu səbəbdən də sökülmüş hissənin istifadəçilər arasında bərabər bölünməli, atasına düşən payın isə vərəsə kimi ona çatmalı olduğunu iddia edir. Qeyd edilməlidir ki, çəkişmə prinsipi onun əsasını təşkil edən tərəflərin hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Məhz bərabər hüquq və vəzifələr tərəflərə məhkəmə qarşısında çəkişmək imkanı verir və onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən istifadə etmək imkanına malik olurlar. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsində qeyd edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Odur ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından hazırda İddiaçı Cavabdeh tərəfindən sökülərək götürmüş boruların dəyərinin atası tərəfindən ödənilmiş olmasını sübut etməlidir. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə formal həqiqə prinsipi baxımından hazırda iddiaçı cavabdehin əsassız varlanmış şəxs olduğunu sübut edə bilmir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 29.60 manat məbləğində dövlət rüsumu ödəilmişdir. Odur ki, iddia rədd edildiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 29.60 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar