Məhkəmə qərarları › İş №2(5-150)-113/2026

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-150)-113/2026

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(5-150)-113/2026 16.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4900 manat pulun və ödədiyi 69 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon X2 qərarına əsasən Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətinə 7.6448 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və xx.xx.2024-cü il tarixdə Cavabdeh həmin torpağı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********41 nömrə ilə qeydə aldırmış və bu barədə ona çıxarış verilmişdir. Təxminən 2008-ci ildə Cavabdeh ailə üzvləri ilə razılaşaraq birgə mülkiyyətlərinə verilmiş 7.6448 hekatar torpaq sahələrini 11000 ABŞ dollarına ona satmışdır. Həmin torpaq sahəsindən 2024-cü ilin noyabr ayına qədər öz mülkiyyəti kimi istifadə etmişdir. Belə ki, 2024-cü ilin sentyabr ayında Cavabdeh ona qarşı 7.6448 hekatar torpaq sahəsindən qanunsuz istifadənin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmışdır. O, da Cavabdeh qarşı həmin torpağa görə verdiyi pul tələbinə dair iddia qaldırmışdır. Cavabdeh məhkəmədə iddia qaldırmamışdan əvvəl bu barədə Saatlı RPŞ-nə şikayət etmiş, bu barədə RPŞ-nə izahat vermiş və izahatında qeyd etmişdir ki, 7.6448 hekatar torpaq sahəsini 4900 manata ona satmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh bildirmişdir ki, əgər torpaq sahəsindən çıxarsa 4900 manatı ona verəcəkdir. Vasib Latipoviçin dediklərinə inanaraq mübahisəli ərazidən çıxmış və məhkəmədə mülki iş baxılmamış saxlanılmışdır. Lakin Cavabdeh onu aldadaraq ona heç bir pul ödəməmişdir. Ona görə də hazırkı iddia ilə yenidən məhkəməyə müraciət etmək macburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiklərini təsdiq edəcək sənədlər Saatlı rayon məhkəməsində baxılmamış saxlanılan 2(055)-1255/2024 saylı mülki işin materiallarına əlavə edilmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 4900 manat pulu iddiaçıya geri qaytarmışdır. Onun iddiaçı ilə münasibəti olmadığı üçün pulu, bələdiyyə sədri Dursuna vermiş, sonuncu da pulu iddiaçıya maşında verdiyini ona bildirmişdir. Həmin pulun iddiaçıya verilməsini o, görməmişdir. Lakin Dursun ona bildirmişdir ki, pulu Miləzə verdi. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, tərəflərin arasında problem olduğu üçün o, vasitəçi olmuşdur. Vasib onun evinə gələrək ona 4900 manat pul vermişdir. Onlar da, torpaq sahəsinə gedərək həmin 4900 manat pulu sayıb Miləzə vermişdir. Miləzlə 10 gün olar 4-5 nəfərin içində söhbət eləyəndə Miləz ona bildirmişdir ki, “bəli səndən pulu almışam, amma sən məhkəməyə getsən pulu aldığımı deməyəcəm”. Bunu təsdiq edəcək kamera çəkilişi də vardır. Məhkəmə iddiaçını və cavabdehin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən hdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İşin araşdırılan halları və iddiaçının və cavabdehin izahatı ilə müəyyən olundu ki, iddiaçı cavabdehə məxsus torpaq sahəsini istifadə etmişdir. Tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi olmuşdur. Həmin məhkəmə prosesində razılaşmışlar ki, iddiaçı cavabdehə məxsus torpaq sahəsindən çıxacaq, əvəzində iddiaçının cavabdehə ödədiyi 4900 manat pulu cavabdeh iddiaçıya qaytaracaqdıq. Bu işin mübahisəsiz halıdır. Çünki cavabdeh də, bu halı təsdiq etmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cabadehlə razılaşdıqları kimi cavabdehə məxsus torpaq sahəsində çıxsa da, cavabdeh ona söz verdiyi 4900 manat pulu ona qaytarmamışdır. Cavabdeh isə öz növbəsində həmin 4900 manat pulu iddiaçıya qaytardığını bildirmişdir. Lakin məhkəmə araşdırması dövründə cavabdeh, pulun iddiaçıya qaytarılmasını təsdiq edəcək hər hansı sübutu məhkəmə təqdim etməmişdir. Məhkəmə şahid qismində dindirilmiş X1 ifadəsini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, şahidin ifadəsində göstərdiyi faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, şahid ifadəsində iddiaçıya pulu torpaq sahəsinin yanında verdiyi bildirsə də, cavabdeh şahidin pulu iddiaçıya avtomobildə verdiyini bildirmişdir. Bundan başqa, şahid marketin qarşısında iddiaçının ona pulu aldığını etiraf etdiyi və bununla bağlı marketin kamera çəkilişi də olduğunu bildirmişdir. Cavabdehə qeyd edilən videoçəkilin məhkəmə təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh həmin videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, Cavabdeh İddiaçı ilə iddaçının ona məxsus torpaq sahəsindən çıxacağı halda iddiaçıya 4900 manat pul verəcəyi barədə razılaşsalar da, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 4900 manat məbləğində pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4900 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 69 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 4900 manat məbləğində pul və ödənilmiş 69 manat dövlət rüsumu, cəmi 4969 (dörd min doqquz yüz altımış doqquz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar