Məhkəmə qərarları › İş №2(5-150)-122/2026

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-150)-122/2026

12.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(5-150)-122/2026 12.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək cinayət nəticəsində vurulmuş zərərin əvəzi olaraq 2500 manat məbləğində pulun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ona məxsus pul kisəsindən ümumi dəyəri 2500 manat olan qızıl-zinət əşyasını və 120 manat nəğd pulunu gizli olaraq talayaraq ona cəmi 2620 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, bununla əlaqədar Cavabdeh barəsində cinayət işi açılmış və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən məhkəmə istintaqı aparılmış İddiaçı cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışdır. Verilmiş ittihama əsasən Cavabdeh 27 aprel 2025-ci il tarixdə, saat 17 radələrində paketçi kimi işlədiyi ünvan 1 ünvanında fəaliyyət göstərən “Qızıl Əllər” qutab evinin mətbəxindən ona məxsus pul kisəsindən ümumi dəyəri 2500 manat təşkil edən qızıl zinyət əşyalarını və 120 manat nağd pulu gizli olaraq talayıb hadisə yerindən gedərək ona maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə hökmü ilə tam sübuta yetirilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 1(004)-411/2025 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçı məhkəməyə ərizə göndərərək İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 1(004)- 411/2025 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm 27 noyabr 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Mədaxil qəbzindən görünür ki, İddiaçı Saatlı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək üçün 51 (əlli bir) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh özgə əmlakını gizli olaraq talamaqla yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə iddiaçıya 2600 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmiş və Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 1(004)-411/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini almışdır. Hökmün əsaslandırıcı hissəsindən müəyyən olunur ki, Cavabdeh 2600 manatdan barəsində hökm çıxarılanadək iddiaçıya 200 manat məbləğində ödəniş etmiş və bu məhkəmə tərəfindən işin yüngülləşdirici halı kimi nəzərə alınmışdır. Həmçinin hökmdən zərərçəkmiş İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti də ona vurulmuş ziyandan cəmi 200 manat ödənildiyi, qalan 2420 manatın isə ödənilməməsi ilə əsaslandırılmışdır. Göründüyü kimi qeyd edilən cinayət əməlinin törədilməsi ilə əlaqədar iddaçıya ödənilməmiş qalan maddi ziyanın məbləği 2500 manat deyil, 2420 manat təşkil edir. Məhkəmə, iddiaçının iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən vurulmuş maddi zərərə görə cavabdehdən pul tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2420 manat və ödənilmiş dövlət rüsumu olaraq 51 manat, cəmi 2471 (iki min dörd yüz yetmiş bir) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar