Məhkəmə qərarları › İş №2(5-155)-160/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(5-155)-160/2026

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-160/2026 14.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər «X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin notariusu X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

3. «Dövlət rüsumu haqqında» Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin MPM-in 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli Qərarı: “... Notariusun apardığı icra qeydi ilə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan məhkəmə əmri də müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydası olaraq oxşar münasibətləri tənzimlədiyindən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin həlli məqsədilə notariusun icra qeydinin mübahisələndirilməsinə münasibətdə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsinin tətbiqi məqsədəmüvafiqdir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin, göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin, qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin.”

Məhkəmənin mövqeyi

5. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

6. Belə ki, MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

7. İş materiallarından görünür ki, mübahisələndirilən icra qeydi 02 dekabr 2025-ci il tarixdə verilmişdir. Lakin iddiaçı tərəfindən icra qeydini nə zaman əldə etdiyi barədə sübutlar əlavə edilməmişdir. Bununla da iddiaçı tərəfin iddia ərizəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət keçdikdən sonra məhkəməyə müraciət edibetməməsini müəyyən etmək mümkün olmamışdır.

8. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddia ərizəsi dəftərxana vasitəsilə məhkəməyə daxil olsa da ona cavabdehlərin sayına uyğun olaraq iki ədəd iddia ərizəsinin surəti, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilməmişdir.

9. Bundan əlavə dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməmişdir.

10. Göründüyü kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarının tələblərinə riayət edilməmiş və yuxarıda göstərilən nöqsanla məhkəməyə təqdim edilmişdir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır.

11. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər «X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Vüsal Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar