Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-155)-394/2026 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1650 manat və dövlət rüsumu kimi ödədiyi 37 manat da olmaqla, cəmi 1687 (bir min altı yüz səksən yeddi) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 etibarından suiistifadə edərək onu aldadaraq ləğv edilmiş əlillik dərəcəsinin bərpa etdirəcəyinə dair yalan vəd vərərək 3050 (üç min əlli) manat pulunu ələ keçirmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq dövründə ona dəymiş ziyandan 1400 manat pul qaytarılmışdır. Qalan pulun qaytarılması ilə bağlı dəfələrlə Cavabdeh etidiyi müraciətləri nəticəsiz qalmışdır. Buna görə onun barəsində olan cinayət işi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 592/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmçinin, tərəfindən verilmiş mülki iddiası baxılmamış saxlanılmış və Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması ona izah olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh 1650 manat və dövlət rüsumu kimi ödədiyi 37 manat da olmaqla, cəmi 1687 (bir min altı yüz səksən yeddi) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmalıdır.
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, cavabdehə ümumilikdə 3050 manat pul vermiş və cavabdeh həmin puldan istintaq dövründə 1400 manatını qaytarmışdır. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir və iddia tələbinin təmin edilməsinə etiraz etmir. Lakin borcu birdəfəyə ödəmək imkanı yoxdur. Borcun təminatı kimi evinin sənədi iddiaçıdadır.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-592/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-592/2025 saylı, xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 592/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı xx.xx.2026-cı il tarixdə qanuni qüvvəsini almışdır.
b) tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarı: “Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
c) məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-592/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı İddiaçı özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə sonuncunun ləğv edilmiş əlillik dərəcəsini bərpa etdirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə ... zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 3050 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq dövründə həmin puldan 1400 manat qaytarmışdır.
14. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, zərərçəkmiş şəxs və mülki İddiaçı mülki iddiası baxılmamış saxlanılmış və ona hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
15. Göründüyü kimi cavabdehin iddiaçıya yalan vəd vərərək 3050 manat pulunu ələ keçirməsi, məbləğin bir hissəsinin qaytarılması və cari günə 1650 manat ödənilməmiş pulun qalması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmış, hazırkı məhkəmə iclasında da cavabdeh tərəfindən bir daha etiraf edilmişdir.
16. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
17. Odur ki, hazırkı halda da cavabdeh tərəfindən heç bir qanuni və müqavilə əsası olmadan əldə edilmiş pul iddiaçıya qaytarılmalıdır.
18. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 37 manat məbləğdə dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə hissəsi:
20. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 1650 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat olmaqla, cəmi 1687 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva