Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-155)-62/2026 03.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 4000 manat borcun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 60.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, o, Veyisov X1 Şahin Zabit oğlu ilə xx.xx.2022ci il tarixində Bakı şəhəri, 27 saylı notariat ofisində borc müqaviləsi bağlayaraq cavabdehə 7700 manat məbləğində borc pul vermişdir. Borc müqaviləsinin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2024-cü il tarixində ona geri qaytarmalı idi. xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri, 1 saylı notariat ofisində müqavilənin dəyişdirilməsinə dair müqavilə bağlamışlar. Həmin müqavilədə qeyd olunur ki, “borc verən” İddiaçı ilə “borc alan” Cavabdeh arasında 7700 manat pula dair Bakı şəhəri, 27 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-571 reyestr nömrəli müqavilənin 2-ci bəndinə dəyişiklik edərək aşağıdakı qaydada redaksiya edilməsi barədə razılaşdılar. 1.1 “Borc alan” borcu xx.xx.2025-ci il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. 2. Hazırki müqavilə xx.xx.2022-ci il tarixli, 3M-571 reyestrli müqavilənin tərkib hissəsidir. 3. Qalan müddəalar dəyişdirilmədən saxlanılır. Lakin cavabdeh indiyə kimi ona borclu olduğu 7700 manat məbləğin 4000 manatını geri qaytarmamışdır. Həmin borcun geri alınması ilə bağlı cavabdehə pretenziya məktubu ünvanlayaraq pretenziya məktubunda xahiş etmişdir ki, pretenziya məktubunu qəbul etdiyi andan 5 gün müddətində onun pretenziya məktubuna rəsmi cavab verərək həmin 4000 manat borcu tam şəkildə ona ödəsin. Əks təqdirdə həmin borcun ondan geri alınması ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalacaqdır. İddia ərizəsinə əlavə olunmuş poçt zərfindən də göründüyü kimi cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığına görə həmin pretenziya məktubunu ona çatdırmaq mümkün olmamışdır. Ona görə də cavabdehin ona borclu olduğu 4000 manat pulun geri alınması ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 4000 manat məbləğində pulunu tələb edir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. 12 fevral 2026-cı il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, kredit müqaviləsindən məlumatlıdır. Onlar öz aralarında razılıq əldə etmişlər. İlqar zamin durmuş və bunun nəticəsində maddi zərər görmüşdür. Zamin durduğu şəxs onun tanıdığı adam olduğuna görə də o, bu ödənişi etməyi üzərinə götürmüş və müqavilə bağlamışlar. O, bir neçə ay 200 manat ödəniş etmişdir. Sonradan anasının vəfatı ilə əlaqədar olaraq bir müddət ödənişləri edə bilməmişdir. Bu barədə o, iddiaçıya məlumat vermişdir. O da onu məhkəməyə verəcəyini bildirmişdir. Ona icra xərclərinin də əlavə olaraq ona yüklənəcəyini demişdir. O, iddiaçının təkidinə görə bu hala etiraz etməmişdir. 4000 manat ödənişi qəbul edir. Həmçinin, aybaay bu ödənişləri edəcəkdir.
Tədqiq olunan sübutlar:
6. Cavabdeh (borc alan) ilə İddiaçı (borc verən) arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu E.H.Qurbanov tərəfindən təsdiq edilmiş borc müqaviləsindən görünür ki, “borc verən” “borc alana” 7700 manat 00 qəpik (yeddi min yeddi yüz manat sıfır qəpik) məbləğində pulu notariusun bankında açılan depozit hesabı vasitəsi ilə borc verir. “Borc alan” krediti xx.xx.2024-cü il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər.
7. Cavabdeh (borc alan) ilə İddiaçı (borc verən) arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış Sumqayıt şəhəri, 1 saylı notariat ofisinin xüsusi notariusu F.R.Haqverdiyev tərəfindən təsdiq edilmiş müqavilənin dəyişdirilməsinə dair müqavilədən görünür ki, “borc verən” İddiaçı ilə “borc alan” Cavabdeh arasında 7700 manat (yeddi min yeddi yüz manat) pula dair Bakı şəhəri, 27 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-571 reyestr nömrəli müqavilənin 2-ci bəndinə dəyişiklik edərək aşağıdakı qaydada redaksiya edilməsi barədə razılaşdılar. “Borc alan” borcu xx.xx.2025-ci il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Hazırki müqavilə xx.xx.2022-ci il tarixli, 3M-571 reyestrli müqavilənin tərkib hissəsidir. Qalan müddəalar dəyişdirilmədən saxlanılır. Müqavilə üzrə xərclər Cavabdeh tərəfindən ödənilir.
8. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, pretenziya məktubunu qəbul etdiyi andan 5 gün müddətində onun pretenziya məktubuna rəsmi cavab verərək həmin 4000 manat borcu tam şəkildə ona ödəsin, əks təqdirdə həmin borcun ondan geri alınması ilə əlaqədar Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalacaqdır.
9. 07 yanvar 2026-cı il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı; “Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşur” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.”
12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı: “Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir.”
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsində (köhnə redaksiyada) göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, borc müqaviləsinə əsasən borcun qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
16. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
17. Borcun əsası olan xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Veyisov X1 Şahin Zabit oğluna xx.xx.2024-cü il tarixədək qaytarılmaq şərti ilə 7700 manat pul vermiş, 12 dekabr 2024-cü il tarixli müqavilə ilə borcun qaytarılma müddəti xx.xx.2025ci il tarixədək uzadılmışdır.
18. Cavabdeh borcun qaytarılması ilə bağlı öhdəliyini pozmuş, iddiaçı isə 4000 manat borcu tələb etmişdir.
19. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, cavabdeh borc müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə borc müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə 4000 manat borc tutulmalıdır.
20. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçı ilə arasında borc münasibətləri olduğunu etiraf etmiş və borcun məbləği ilə də razılaşmışdır.
21. İşdə olan sənədlərdən görünür ki, müqavilə notarial bağlanmışdır. Notarius müqavilə bağlayarkən tərəflərin şəxsiyyətini, onların fəaliyyət qabiliyyətini və əqdin bağlanmasına dair həqiqi iradəsini yoxlamışdır. Sözügedən məbləğ notariusun depozit hesabına qoyulmuş, cavabdehə verilməsi nəzərdə tutulmuşdur. Bu, borc münasibətlərinin rəsmiləşdirilməsi üçün standart və şəffaf bir prosedurdur.
22. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı iddia ərizəsində ödəmiş olduğu 60,4 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona ödənilməsini xahiş etsə də sonradan məhkəmə iclasında ödənilmiş dövlət rüsumunun ona aid edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh də onunla razılaşmışdır. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən hesab edir ki, tərəflərin razılığına əsasən ödənilmiş 60,4 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində olan pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir.
Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsal Məhərrəmov