Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-9/2026 05.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: pulun tutulması, məhkəmə aidiyyəti) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi, məhkəmə icraat iştirakçılarının izahatları
1. İddiaçı cavabdehə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 20000 manat pulun və hazırkı iddianın verilməsi üçün ödənilmiş 150.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2025-ci il tarixdə yazılmış qəbzdən də göründüyü kimi Cavabdeh ona 20000 manat borcu var. Cavabdeh borcunu yazıdığı qəbzlə etiraf etmişdir. Həmin borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh həmin borcu bugünə kimi qaytarmamışdır. Ona görə də həmin borcun alınması ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. Qeyd etdi ki, cavabdeh onun qonşusu olmuşdur. Həmin şəxs ət biznesi ilə məşğul olurdu. O, həmin fəaliyyətlə məşğul olmaq üçün cavabdehə 20000 manat pul vermişdir. Belə ki, onlar şərik olub əldə etdikləri gəliri aralarında böləcəkdilər. Cavabdeh əldə etdiyi hər qazancdan ona 50% ödəniş verməli idi. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh onu aldatmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh həmin puldan heç bir ödəniş etməmişdir. Cavabdehin də, onun da VÖEN-i var, lakin cavabdehin VÖEN-i dayandırıldığından ümumi məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Maddə 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “10. ... Belə ki, MPM-nin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.”
Məhkəmənin mövqeyi
8. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə göndərilməlidir.
9. İşdən görünür ki, tərəflərdən İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdirlər. İddiaçıya məxsus VÖEN-nin təyinatı mediasiya sahəsində fəaliyyət, cavabdehə məxsus VÖEN-nin təyinatı ət, ev quşlarının ətinin topdan satışı ilə əlaqədardır.
10. Mübahisənin predmeti iddiaçının əmlak xarakterli mənafeyidir.
11. Hüquq münasibəti xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. O baxımdan ki, tərəflər arasındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, tərəflər arasında ət satışından gəlir əldə etməklə bağlı şifahi razılaşmalar olmuş, bu razılaşmalar əsasında iddiaçı cavabdehə pul vermiş, cavabdeh isə ona satışdan qazanc verməli olmuşdur.
12. Göründüyü kimi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri baxımından hazırkı mübahisə kommersiya xarakterli mübahisədir. Tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. İddiaçının izahatında qeyd etdiyi hallar (cavabdehin VÖEN-nin dayandırılması) işin kommersiya məhkəməsində baxılmasını istisna etmir.
13. Beləliklə, məkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, kommersiya subyektlərinin tərəf olduğu kommersiya mübahisələri ilə bağlı ərizələrə kommersiya məhkəmələrində baxılmalı olduğundan, hazırkı ərizə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə Sumqayıt Şəhər Məhkəməsinə verildiyindən, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 32, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin.
Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva