Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(5-157)-196/2026 19.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, İddiaçı cavabdeh BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “notariat icra sənədinin cərimə hissəsinin ləğvi-azaldılması” tələbi barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 81-7160 nömrəli notariat icra sənədi üzrə 534 manat məbləğində cərimə hissəsinin ləğv edilməsi və ya məhkəmə məqsədəuyğun hesab edərsə, cərimə məbləğinin əhəmiyyətli dərəcədə azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyindən, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçı iddia ərizəsinin forma və məzmununa riayət etməmiş, cavabdehin yaşayış yeri, fəaliyyət ünvanı göstərilməmişdir. Ünvan müəyyən olunmadığından cavabdehə məhkəmə bildirişinin çatdırılması mümkün deyildir. Poçt ünvanı elə bir şəkildə göstərilməlidir ki, xüsusi vasitələrdən istifadə edilmədən tərəflərin yaşadığı yeri və ya fəaliyyət göstərdiyi yeri müəyyən etmək, məhkəmə sənədlərini onlara çatdırmaq mümkün olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl edilmədiyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 267-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “notariat icra sənədinin cərimə hissəsinin ləğvi-azaldılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №2(5-157)-196/2026
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(5-157)-196/2026
19.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver