Məhkəmə qərarları › İş №2(5-157)-234/2026

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(5-157)-234/2026

23.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(5-157)-234/2026 23.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin sabit pul məbləğində artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin qərarı ilə müəyyən edilmiş 130 manat aliment məbləğinin artırılması və cavabdehdən Qətərdəki yüksək gəliri, uşağın 4-cü sinif üzrə təhsil xərcləri və 2026-cı il üçün müəyyən edilmiş 260 manatlıq yaşayış minimumu nəzərə alınaraq, hər ay 350 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin qərarı ilə övladı X1 üçün cavabdehdən hər ay 130 manat məbləğində aliment tutulur. Bildirir ki, hazırda bu məbləğ uşağın tələbatlarını və minimal ehtiyaclarını qarşılamır. Övladı hazırda 4-cü sinif şagirdidir. Onun təhsili üçün hazırda 3 fənn üzrə repetitor yanına getməsi və “Qalan” onlayn təhsil platformasından istifadə etməsi uşağın gələcək inkişafı üçün zəruridir. Bu təhsil xərcləri tərəfindən təkbaşına qarşılanır. Digər tərəfdən, uşağın atası Cavabdeh hal-hazırda xaricdə - Qətər dövlətində yüksək gəlirli işdə çalışır. Onun maddi imkanları uşağın daha yaxşı şəraitdə böyüməsinə və təhsil almasına tam imkan verir. Həmçinin, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən uşaqlar üçün minimumu 260 manat müəyyən edilmişdir. Hazırda aldığım 130 manat aliment bu rəsmi həddən iki dəfə aşağıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 20 dekabr 2024-cü il, 15 nömrəli qərarının 8.4-3-cü bəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsini aliment müəyyən olunduğu vaxtdan kifayət qədər vaxt keçməsi, bu müddət ərzində uşaqların böyüməsi və onların ehtiyaclarının və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumunun artması ilə əsaslandırmışdır. Eyni zamanda, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından və bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPMin 232-ci maddələri) həll edilməli olduğundan hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin sabit pul məbləğində artırılması” tələbinə dair mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya Ailə Məcəlləsinin 110-cu və Mülki Prosessual Məcəllənin 232-ci maddələrinə əsasən icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin sabit pul məbləğində artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçı Ailə Məcəlləsinin 110-cu və Mülki Prosessual Məcəllənin 232-ci maddələrinə əsasən icra icraatı qaydasında (aliment məbləğinin indeksasiya olunması barədə) məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar