Məhkəmə qərarları › İş №2(5-157)-288/2026

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(5-157)-288/2026

04.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(5-157)-288/2026 04.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlu, İddiaçı cavabdeh BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “notariat icra sənədinin cərimə hissəsinin ləğvi-azaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: İddiaçı cavabdeh BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 8İ-7160 nömrəli notariat icra sənədi üzrə 534 manat məbləğində cərimə hissəsinin ləvğ edilməsi və ya məhkəmə məqsədəuyğun hesab edərsə, cərimə məbləğinin əhəmiyyətli dərəcədə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli, 81-7160 nömrəli notariat icra sənədi əsasında barəsində icra işi başlanmışdır. Həmin icra sənədinə əsasən, ümumi borc 1260 manat təşkil edir ki, bunun 600 manatı əsas borc, 126 manatı faiz, 534 manatı isə cərimə məbləğidir. Əsas borcu (600 manat) və hesablanmış faizi (126 manat) ödəməyə hazırdır və bunu mübahisələndirmir. Lakin, 534 manat məbləğində cərimə borcu məbləği ilə müqayisədə həddən artıq yüksəkdir və onun hazırkı maddi vəziyyəti nəzərə alınmaqla ədalətli hesab edilə bilməz. O, 2020-ci ildə Vətən müharibəsində Xocavənd, Cəbrayıl və Zəngilan istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak edib və "Müharibə iştirakçısı "statusuna malikdir. Hazırda ailəlidir, iki azyaşlı övladı var. Bakı şəhərində kirayədə yaşayır və maddi vəziyyəti ağırdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 77-ci maddəsinə əsasən, icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiası icra qeydində nəzərdə tutulmuş cərimə məbləğinin azaldılması və ya ləğv edilməsi ilə bağlıdır. İddiaçı tələbini cərimə məbləğini maddi vəziyyətinin aşağı olması ilə əlaqədar ödəyə bilməməsi ilə əsaslandırır. Mövcud qanunvericilikdə icra qeydinin ləğv edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ nəzərədə tutulsa da, icra qeydinin hissəvi ləğv edilməsi və cərimənin azaldılması ilə bağlı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması ilə əlaqədar müvafiq hüquq norması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “notariat icra sənədinin cərimə hissəsinin ləğvi-azaldılması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə ödənilmiş (qəbz nömrəsi: 4817, əməliyyat İD: **********) olan 33 manat rüsumu İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “notariat icra sənədinin cərimə hissəsinin ləğvi-azaldılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə ödənilmiş (qəbz nömrəsi: 4817, əməliyyat İD: **********) olan 33 manat rüsumu İddiaçı geri qaytarılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar