Məhkəmə qərarları › İş №2(5-166)-36/2026

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(5-166)-36/2026

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(5-166)-36/2026 10.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1100 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun əvəzinin cəmi 1131 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh təxminən 3-4 aydır ki, tanıyır. Belə ki, o, Bosniya və Hersoqovina Respublikasında işləyir. Cavabdeh da orda işlədiyi üçün orada tanış olmuş, münasibətləri yaranmışdır. Həmçinin onların ikisi bir otaqda da yaşamışlar. Cavabdehin maddi vəziyyəti yaxşı olmadığı üçün ona borc pul vermiş, həm də ki, təyyarə üçün bilet alaraq Azərbaycan Respublikasına yola salmışdır. Belə ki, Cavabdeh 500 manat məbləğində nəğd pul (borc) vermiş, bundan əlavə də 600 manata onun üçün təyyarə bileti almışdır. Aralarında olan razılığa əsasən, cavabdeh Azərbaycana qayıtdıqdan sonra onun pulu qaytarmalı idi. Lakin o, sözünə əməl etməyərək pulu ona qaytarmaqdan imtina etdi. Hazırda cavabdeh onun zənglərinə cavab vermir, onunla əlaqə saxlamır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu hallarla bağlı onun bir neçə şahidi vardır ki, onlar da məhkəmədə bu olanları təsdiq edə bilərlər. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, o, əvvəldən Bosniya və Herseqovina Respublikasında tikinti şirkətində işləyir və orada yaşayırdı. Sonradan Azərbaycandan gələn 3 şəxs-Rəmzi, Mayis və Elvin də onunla bir otaqda yaşayıb həmin tikinti şirkətində işləməyə başladılar. Həmin tikinti şirkəti işə və işlədikləri vaxta görə onlara əmək haqqı ödəyirdi. Amma işçi içkili olanda və ya inzibati xəta törədəndə əmək haqqısından tutulurdu. O, əvvəldən işlədiyi və əmək haqqı aldığı üçün onun pulu var idi. Cavabdeh Rəmzi və digər iki şəxs –Mayis və Elvin Azərbaycandan 2025-ci ilin sonları gəlmişdilər. Onların pulu olmadığından ondan xahiş etmişdilər ki, gündəlik dolanışıq tələbatlarını o ödəsin, sonra borclarını əmək haqqlarını alanda qaytaracaqlar. O da razılaşmış və gündəlik bütün tələbatlarının xərcini çəkmişdir. İşlədikləri dövrün sonunda rəhbərlik tərəfindən ona 2600 euro pul verilmişdir. O da həmin pulu götürüb evə gəlmiş, evd qaldıqları şəxslərin hamısı –Elvin, Mayis və Rəmzi ilə birlikdə hesablamışlar. İşlədikləri şirkət həm faktiki işlədikləri dövrə, həmçinin işin keyfiyyətinə görə əmək haqqını müəyyənləşdirirdi. O, həm usta idi, digərləri fəhlə idi. Həmçinin o, digər 3 şəxsdən saat baxımından da çox işləmişdi. Özləri birlikdə hesab edəndə müəyyən olundu ki, Rəmzi və Mayisə ümumiyyətlə pul çatmır. Sonra, o, rəhbərliklər danışmış və ona bildirilmişdir ki, həmin şəxslər yaxşı işləmədiklərindən və müəyyən xətalara yol verdiklərindən onlara pul çatmır. O, özü Rəmzi və Mayisə də bildirmişdir ki, nəsə narazılıqları varsa, ona deyil, rəhbərliyə bildirsinlər. Nəticədə cavabdeh orda yaşadıqları dövrdə yığılmış borcu ödəyə bilməmişdir. Həmçinin Azərbaycana geri qayıtmaq üçün belə pulu olmamış, ondan xahişe tmişlər ki, bileti, o, alsın. Hətta orda olarkən cavabdeh ona minnətdarlıq edir, o, olmasa ölkəyə qayıda bilməyəcəyini, borc pul istəyə biləcəyi heç kiminin olmadığını deyirdi. O, Azərbaycanda yaşayan dostu Elnurdan onlara bilet almasını xahiş etmiş, Elnur da 4 bilet almışdır. Bilet pulu da daxil olmaqla, cavabdehin ümumilikdə ona 1100 manat borcu vardır. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, işləmək üçün getmiş, lakin heç bir şey qazana bilməmişdir. 2025-ci ilin oktyabr ayında fəhlə kimi işləmək üçün Bosniya şəhərinə getmişdir. İlkin, Mayis, Elvin və o birlikdə qalmışdır. İddiaçı onun pulunun olmadığını deyir. Yalandır, əksinə onun pulu olmuşdur. Tikinti şirkəti hər həftə onlara avans verirdi və ayın sonu həmin avansı əmək haqqıdan tuturdular. Bu göstərir ki, onun pulu olmuşdur. Həmçinin 2600 Euro 4 nəfərə bölünəndə görünür ki, onun borcu qalmır. İddiaçı həmin pul 2600 euro puldan ona heç bir şey ödəniş etməmiş, həmişə də demişdir ki, rəhbərliyə gedib nə deyəcəksiz. İddiaçı gedib rəhbərliklə danışmağa da qoymamışdır. Həmçinin, o, gəliş biletini saxlamışdır. Şahid düz ifadə vermir. Biletdən də görünür ki, o, 26 dekabr 2025-ci il tarixdə gəlmişdir. İddiaçı əmək haqqısını və işlədiyi dövrlərin pulunu vermədiyindən iddiaçıya heç bir borcu yoxdur. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, iddiaçı onun həmkəndlisdir. 2025-ci ilin sonu İlkinin ona zəng edərək,işlədiyi yerdən 3 şəxslə birlikdə ölkəyə qayıdacaqlarını, həmin şəxslərin pulu olmadığı üçün borc olaraq biletin alınmasını ondan xahiş etdiklərini lakin kart vasitəsi ilə ödəniş tələb edildiyindən ala bilmədiyini bildirərək özü və Rəmiz, Mayis, Elvin adlı şəxlərə Azərbaycana gəliş bileti almağı xahiş etmiş, o da həmin şəxslərə bilet almışdır. Telefonunu da məhkəmə araşdırmasına təqdim etmişdir. Görünür ki, 4 bilet onun tərəfindən ümumilikdə 2228.4 manat ödəniş edilməklə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, Rəmiz ilə birlikdə tikintidə fəhlə kimi işləmək üçün Bosniya və Herseqovina Respublikasına getmişlər. Orada İlkin, Rəmzi, Mayis və o birlikdə bir evdə yaşamışlar. Onların heç birinin pulu olmadığı üçün gündəlik yeyib-içmək tələbatlarını İlkin qarşılamış, onlarda ona olan borclarını qaytarmaqları barədə razılaşmışlar. Cavabdehin İlkinə Azərbayacan qayıdış biletinin pulu da daxil olmaqla 1200 manata yaxın borcu vardır. İndi təəccüb edir ki, niyə cavabdeh borcunu ödəməkdən imtina edir. Cavabdehin qeyd etdiyi 2600 euro pul ilə bağlı isə bildirdi ki, həmin pulu özləri də işlədikləri saat və aldıqları pula uyğun hesablayanda demək olarki cavabdehə pul qalmamışdır. Çünki İlkin usta kimi, eyni zamanda saat baxımından da hamısından artıq işləmişdir. Yekunda hesab edəndə bilmişlər ki, həmin 2600 euro pulun çox hissəsi İlkinin əmək haqqısıdır. Onun özünə də az pul çatmışdır. Mayis və cavabdeh Rəmziyə isə demək olar ki, pul çatmamışdır. İlkin özü də onlara demişdir ki, kiminsə nəsə narazılığı varsa, müdiriyyətə bildirsinlər. İlkin onlara heç bir maneçilik törətməmişdir. Lakin cavabdehin həmin vaxt heç bir narazılığı qalmamışdır. Hətta cavabdehin özünə bilet almağa belə pulu olmamışdır. Bütün biletin alınmasını da İlkindən xahiş etmişlər. Onlar hamısı bilmişlər ki, ölkəyə geri qayıdışın bilet pulu da daxil olmaqla, hər birinin İlkinə borcu var və razılaşmışlar ki, Azərbaycana qayıtdıqdan sonra borclarını ödəyəcəklər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2026-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. **********206 nömrəli biletin surətindən görünür ki, Cavabdeh adlı sərnişinin 26 dekabr 2025-ci il tarixdə Bosniya və Herseqovina Respublikasının paytaxtı Sarayevodan İstanbula uçuşu vardır. Türkiyə Respublikasının “turna” adlı uçuş saytından çıxarışlardan görünür ki, bilet nömrəsi **********204 olan İddiaçı, bilet nömrəsi **********205 olan Elvin Asgazade, bilet nömrəsi **********206 olan Ramzi Novruzov, bilet nömrəsi **********207 olan Mais Hüseynov adlı sərnişinlər üçün nömrələri qeyd edilən biletlərin alınması üçün ümumilikdə 2228.04 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında şifahi borc müqaviləsi bağlanmış, cavabdeh geri qaytaracağını bildirərək fərdi tələbatları və ölkəyə qayıdışı üçün lazım olan pul vəsaitini iddiaçı tərəfindən ödənilməsini xahiş etmiş, iddiaçı da bütün xərcləri çəkmişdir. Şahid ifadələri ilə təsdiq olunur ki, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 1100 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1100 (bir min yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar