Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(5-169)-23/2026 18.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Açar sözlər:(Pul tələbi) X2 Elxan oğlunun sədrliyi, Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 18 fevral 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ondan aldığı 2100 manat pulun məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəllər Zərdab rayon polis şöbəsində çalışmışlar. O, 2021-ci ildə cavabdehlə polisdə işlədiyi xidmətə görə qan pulu alması barədə aralarında söhbətləri olmuşdur. Söhbət zamanı cavabdeh onu inandıraraq işin düzələcəyini bildirərək ondan 60 manat, 2023-cü ilin dekabr ayında 310 manat pul almışdır. Lakin, sonradan pensiya məsələsini düzəlməsinə köməklik etmək məqsədilə 2024-cü ilin may ayında müxtəlif günlərdə hissə-hissə olmaqla cavabdeh ümumilikdə 2500 manat pul vermişdir. Cavabdeh borcunu qısa müddət ərzində qaytaracağına söz versə də, lakin, öhdəliyini yerinə yetirməmiş və borcunun qaytarılmasından yayınmışdır. Odur ki, iddiaçı məcbur olaraq Zərdab Rayon Polis Şöbəsinə müraciət etmiş və müraciəti əsasında araşdırma aparılmış və araşdırma zamanı cavabdeh izahat verərək ümumilikdə 2500 manat məbləğində borc pul aldığını etiraf etməklə, ümumi borcsdan 400 manatını qaytarmış, lakin, qalıq borcu olaraq 2100 manat pulu qaytaracağına söz vermişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq borcun könüllü ödənişi təmin edilməmişdir. Cavabdehin keçən müddət ərzində iddiaçıya borculu olduğı 2100 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq borcunu qaytarmaq fikrində deyil. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdeh ilə əvvəllər Zərdab rayon polis şöbəsində zabit kimi çalışmışdır. 2021-ci ildə cavabdehlə polisdə işlədiyi xidmətə görə qan pulu alması barədə aralarında söhbətləri olmuşdur. Söhbət zamanı cavabdeh onu inandıraraq işin düzələcəyini bildirərək ondan 60 manat, 2023-cü ilin dekabr ayında 310 manat pul almışdır. O, cavabdeh əlavə olaraq pensiya məsələsini düzəlməsinə köməklik etmək məqsədilə 2024-cü ilin may ayında hissə-hissə olmaqla ümumilikdə 2500 manat pul vermişdir. Lakin, cavabdeh söz verdiyi vaxtda işləri həll etməyərək hər dəfə müxtəlif bəhanlər gətirməklə ondan vaxt istəmişdir. Odur ki, məcbur olaraq Zərdab Rayon Polis Şöbəsinə müraciət etmiş və müraciəti əsasında araşdırma aparılmış və araşdırma zamanı cavabdeh izahat verərək ümumilikdə 2500 manat məbləğində borc pul aldığını etiraf etməklə, ümumi borcdan 400 manatını qaytarmış, lakin, qalıq borcu olaraq 2100 manat pulu qaytaracağına söz vermişdir. Onun tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı tam qəbul edərək iddianı etiraf etdiyini və qalıq borcunu 10 gün müddətinə qaytaracağını bildirmişdir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş № 032141 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarına əlavə olunmuş Zərdab rayon polis şöbəsinin istintaq qurupunun baş müstətiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatından və iş materiallarından müəyyən olundu ki, tərəflər əvvəllər Zərdab rayon polis şöbəsində çalışmışlar. İddiaçı cavabdehə pensiya məsələsini düzəlməsinə köməklik etmək məqsədilə hissə-hissə olmaqla ümumilikdə 2500 manat pul vermişdir. Cavabdeh borcunu qısa müddət ərzində qaytaracağına söz versə də, lakin, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və borcunun qaytarılmasından yayınmışdır. Odur ki, iddiaçı məcbur olaraq Zərdab Rayon Polis Şöbəsinə müraciət etmiş və müraciəti əsasında araşdırma aparılmış və araşdırma zamanı cavabdeh izahat verərək iddiaçıdan ümumilikdə 2500 manat məbləğində borc pul aldığını etiraf etməklə, ümumi borcdan 400 manatını qaytarmış, lakin, qalıq borcu olaraq 2100 manat pulu qaytaracağına söz vermişdir. İddiaçı borcunun qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh yalan vədlər verərək, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh isə məhkəmə iclasında borc aldığını və hazırda iddiaçıya 2100 manat borclu olduğunu qəbul edərək 10 gün müddətinə borcunun qaytaracağını bildirmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını, həmçinin cavabdehin iddianı qəbul edərək etiraf etməsinə dair izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən borca görə 2100 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün həmin Qanunun 8.1.6-cımaddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 41 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 2100 manat (iki min yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 41 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(5-169)-23/2026
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(5-169)-23/2026
18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver