Məhkəmə qərarları › İş №2(5-169)-44/2026

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(5-169)-44/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(5-169)-44/2026 04.03.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X1 Elxan oğlunun sədrliyi, Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 04 mart 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə əsas borca görə 200 manatın, cərimə borcuna görə 180 manatın, dövlət rüsumuna görə 30 manatın və ödənilmiş xidmət haqqına görə 0.40 manatın, cəmi 410,40 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 06 ay müddətinə, hər ay 50 manat ödəmək şərti ilə 300 manat dəyərində, İMEİ kodu **********05864 olan 1 ədəd “Tecno Camon 15” markalı mobil telefon satılmışdır. Bununla belə, cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş, borclu olduğu 300 manat məbləğindən yalnız 100 manatını ödəsə də, qalan 200 manat məbləğində borcunu bu günədək ödəməkdən yayınmışdır. İddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi və üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməsi barədə rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh həmin öhdəlikləri icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 200 manat, cərimə borcuna görə 180 manat olmaqla, cəmi 380 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş, bu səbəbdən iddiaçı pozulmuş hüquqlarının müdafiəsi və qanuni mənafelərinin təmin olunması, habelə borc məbləğinin tutulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişdir. İddiaçı isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, aralarında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 06 ay müddətinə, hər ay 50 manat ödəmək şərti ilə 300 manat dəyərində, İMEİ kodu **********05864 olan 1 ədəd “Tecno Camon 15” markalı mobil telefon satılmışdır. Bununla belə, cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş, borclu olduğu 300 manat məbləğindən yalnız 100 manatını ödəsə də, qalan 200 manat məbləğində borcunu bu günədək ödəməkdən yayınmışdır. Onun tərəfindən cavabdehə mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi və üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməsi barədə rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh həmin öhdəlikləri icra etməmişdir. Nəticədə cavabdehin ona əsas borca görə 200 manat, cərimə borcuna görə 180 manat olmaqla, cəmi 380 manat məbləğində borcu yaranmışdır. Cavabdehdən qalıq borcun ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır.Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, İddiaçı Cavabdeh 06 ay müddətinə, hər ay 50 manat ödəmək şərti ilə 300 manat dəyərində, İMEİ kodu **********05864 olan 1 ədəd “Tecno Camon 15” markalı mobil telefon satılmışdır. İşdə olan iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2025-ci tarixli alqı-satqı müqaviləyə əsasən, İMEİ kodu **********05864 olan 1 ədəd “Tecno Camon 15” markalı mobil telefon üçün borcu ödənilməmiş hissə üzrə 200 manat və cərimə borcuna görə 180 manat olmaqla, cəmi 380 manat təşkil edir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 30 manat və xidmət haqqına görə 0,40 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin 1-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmənin hazırlıq iclasında iddiaçının verdiyi izahatından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 06 ay müddətinə, hər ay 50 manat ödəmək şərti ilə 300 manat dəyərində, İMEİ kodu **********05864 olan 1 ədəd “Tecno Camon 15” markalı mobil telefon satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh göstərilən məbləği müəyyən olunmuş müddətlərdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə müqavilə şərtlərinin pozulmasına yol vermişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə iddiaçıya əsas borca görə 200 manat, cərimə borcuna görə isə 180 manat olmaqla, ümumilikdə 380 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun könüllü qaydada ödənilməsi təmin edilməmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi cəriməyə (dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə və işdə olan digər sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən əsas borca görə 200 manat, cərimə borcuna görə 20 manat, dövlət rüsumuna görə 30 manat və ödənilmiş xidmət haqqına görə 0.40 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nin 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 manat, xidmət haqqına görə 0,40 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 200 manat, cərimə borcuna görə 20 manat, dövlət rüsumuna görə 30 manat və ödənilmiş xidmət haqqına görə 0,40 manat, cəmi 250,40 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar