Məhkəmə qərarları › İş №2(5-169)-46/2026

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(5-169)-46/2026

04.03.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(5-169)-46/2026 04.03.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kommunal xidmətlərdən istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Maneənin aradan qaldırılması tələbi) X3 Elxan oğlunun sədrliyi, Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmətlərdən istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 04 mart 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-453/2021 saylı qətnaməsinə əsasən yaşadığı Zərdab rayonu Şahhüseynli kəndində yerləşən mərhum qaynanası X1 məxsus dörd otaqlı bir mərtəbəli fərdi yaşayış evinin girişdən birinci otağında kommunal xidmətlərdən (qaz, işıq və su) istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2014-cü ildə faktiki olaraq ailə qurmuş, nikahlarını isə xx.xx.2017-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Sonradan tərəflər arasında yaranmış ailədaxili mübahisələr və fikir ayrılıqları səbəbindən tərəflərin birgə yaşayışı mümkün olmamış və iddiaçı cavabdehdən ayrılmışdır. İddiaçının yaşamaq üçün başqa yaşayış sahəsi olmadığından, iddiaçı yaşayış hüququnun bərpası məqsədilə Zərdab Rayon Məhkəməsinə evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2(035)-453/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş və iddiaçı övladı ilə birlikdə Zərdab rayonunun Şahhüseynli kəndində yerləşən, cavabdehin hazırda yaşadığı, iddiaçının mərhum qaynanası X1 məxsus dörd otaqlı, bir mərtəbəli fərdi yaşayış evinə (əvvəllər yaşadığı girişdən 1-ci otağına) köçürülməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi icra olunduqdan sonra iddiaçı azyaşlı övladı ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Cavabdeh əvvəllər iddiaçının kommunal xidmətlərdən istifadəsinə maneə yaratmasa da, sonradan həmin xidmətlərdən istifadəsini məhdudlaşdırmağa başlamışdır. Nəticədə iddiaçının qaz, elektrik enerjisi və su kimi zəruri kommunal xidmətlərdən davamlı və fasiləsiz istifadə etmək imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılmış, bu isə iddiaçının normal yaşayış şəraitinə və gündəlik məişət ehtiyaclarının təmin olunmasına mənfi təsir göstərmişdir. İddiaçı cavabdehlə aralarında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll etməyə çalışmış, lakin, heç bir nəticə əldə edə bilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evində kommunal xidmətlərdən (qaz, işıq və su) istifadəsinə maneələr yaradılması nəticəsində iddiaçının hüquq və qanuni mənafeləri pozulmuş, bu səbəbdən iddiaçı pozulmuş hüquqlarının müdafiəsi və kommunal xidmətlərdən istifadəyə yaradılmış maneənin aradan qaldırılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə 2014-cü ildə faktiki olaraq ailə qurmuş, nikahlarını isə xx.xx.2017-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Sonradan cavabdehlə aralarında mübahisələr yarandığından o, cavabdehdən ayrılmışdır. Yaşamaq üçün başqa yeri olmadığından o, Zərdab Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək övladı ilə birlikdə əvvəllər yaşadıqları fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2(035)-453/2021 saylı qətnaməsinə əsasən onun iddiası təmin edilmiş və o, övladı ilə birlikdə Zərdab rayonunun Şahhüseynli kəndində yerləşən, cavabdehin hazırda yaşadığı, mərhum qaynanası X1 məxsus dörd otaqlı, bir mərtəbəli fərdi yaşayış evinə (əvvəllər yaşadığı girişdən 1-ci otağına) köçürülməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi icra olunduğu tarixdən etibarən o, övladı ilə birlikdə sözügedən mənzildə yaşamağa başlamışdır. Cavabdeh əvvəllər kommunal xidmətlərdən istifadəsinə maneə yaratmasa da, sonradan bu xidmətlərdən istifadəsinə maneələr yaratmışdır. O, istifadə etdiyi kommunal xidmətlərin haqqını ödəməyə hazır olduğunu bildirsə də, cavabdeh heç bir halda razılığa gəlməmişdir. Hazırda cavabdehin hərəkətləri nəticəsində o, ümumiyyətlə maye qazdan istifadə edə bilmir. Bu səbəbdən yerləşdiyi otağı odun vasitəsilə qızdırmaq məcburiyyətində qalmışdır. Lakin odunun tapılması çətin olduğundan o, azyaşlı övladı ilə birlikdə çox vaxt soyuq otaqda qalmalı olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia əsassızdır. Belə ki, iddiaçı ilə 2014-cü ildə faktiki olaraq ailə qurmuş, nikahlarını isə xx.xx.2017-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Sonradan iddiaçı ilə aralarında mübahisələr yarandığı üçün iddiaçı ondan ayrılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2(035)-453/2021 saylı qətnaməsinə əsasən iddiaçı övladı ilə birlikdə Zərdab rayonunun Şahhüseynli kəndində yerləşən onun hazırda yaşadığı, mərhum anası X1 məxsus dörd otaqlı, bir mərtəbəli fərdi yaşayış evinə (əvvəllər yaşadığı girişdən 1-ci otağına) köçürülməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi icra olunduğu tarixdən etibarən iddiaçı övladı ilə birlikdə sözügedən mənzildə yaşamağa başlamışdır. İddiaçı iddia tələbində kommunal xidmətlərdən istifadəsinin onun tərəfindən məhdudlaşdırıldığını qeyd etmişdir. Hazırda iddiaçının istifadəsində olan kommunal xidmətlərinə onun tərəfindən heç-bir manelər yoxdur. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2(035)-453/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı azyaşlı övladı, xx.xx.2015-ci il təvəllüdlü X2 ilə birlikdə Zərdab rayonunun Şahhüseynli kəndində yerləşən, Cavabdeh hazırda yaşadığı, iddiaçının mərhum qaynanası X1 məxsus dörd otaqlı, bir mərtəbəli fərdi yaşayış evinə (əvvəllər yaşadığı girişdən 1-ci otağına) köçürülməsi qət olunmuşdur. İşdə olan mediator tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞZ/MT050/2025/00156 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Cavabdeh ilə aralarındakı mübahisənin mediasiya qaydasında həll edilməsi üçün müraciət etmiş, lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşdə olan “ASAN ödəniş” sistemi vasitəsilə elektron qaydada ödənilmiş qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 50 manat ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə görə İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 26.1-ci maddəsinə görə Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 71-ci maddəsinin 1-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, araşdırılmış iddia ərizəsindən və tədqiq edilmiş iş materiallarından müəyyən olundu ki, tərəflər 2014-cü ildə faktiki olaraq ailə qurmuş, nikahlarını isə xx.xx.2017-ci ildə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Sonradan tərəflər arasında yaranmış ailədaxili mübahisələr və fikir ayrılıqları səbəbindən tərəflərin birgə yaşayışı mümkün olmamış və iddiaçı cavabdehdən ayrılmışdır. İddiaçının yaşamaq üçün başqa yaşayış sahəsi olmadığından, o, yaşayış hüququnun bərpası məqsədilə Zərdab Rayon Məhkəməsinə evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-453/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş və iddiaçı övladı ilə birlikdə Zərdab rayonunun Şahhüseynli kəndində yerləşən, cavabdehin hazırda yaşadığı, iddiaçının mərhum qaynanası X1 məxsus dörd otaqlı, bir mərtəbəli fərdi yaşayış evinə (əvvəllər yaşadığı girişdən 1-ci otağına) köçürülməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi icra olunduqdan sonra iddiaçı azyaşlı övladı ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Cavabdeh əvvəllər iddiaçının kommunal xidmətlərdən istifadəsinə maneə yaratmasa da, sonradan həmin xidmətlərdən istifadəsini məhdudlaşdırmağa başlamışdır. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə qətnaməsinə əsasən köçürüldüyü və faktiki olaraq yaşadığı fərdi yaşayış evində mövcud olan kommunal xidmətlərdən istifadə etmək hüququ onun yaşayış hüququnun ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının həmin kommunal xidmətlərdən istifadəsinə maneə törədilməsi və ya bu hüququnun hər hansı formada məhdudlaşdırılması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını, həmçinin cavabdehin nümayəndəsinin iddianı etiraf etməsinə dair izahatını dinləyib, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nin 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə tələb irəli sürməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı azyaşlı övladı, xx.xx.2015-ci il təvəllüdlü X2 ilə birlikdə Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2(035)-453/2021 saylı qətnaməsinə əsasən köçürüldüyü və hazırda faktiki olaraq yaşadığı Zərdab rayonu, Şahhüseynli kəndində yerləşən, mərhum qaynanası X1 məxsus dörd otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin girişdən birinci otağında mövcud olan kommunal xidmətlərdən (qaz, elektrik enerjisi və su) istifadəsinə yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar