Məhkəmə qərarları › İş №2(5-92)-184/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(5-92)-184/2026

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(5-92)-184/2026 27.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X2 İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 6000 (altı min) manat borcunu, müqavilə haqqı olaraq ödədiyi 115 (bir yüz on beş) manat, bankda köçürmə haqqı olaraq 12 manat, ümumilikdə 6127 (altı min bir yüz iyirmi yeddi) manat pulu və dövlət rüsumu olaraq ödədiyi 82 (səksən iki) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etmişdir ki, tərəflər arasında 22 sentyabr 2025-ci il tarixdə Şərur Rayon 2 saylı Notariat Kontorunda notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 7-ci bəndinə əsasən, ödəniş müddətinin keçirilməsi barədə kreditor tərəfindən borcluya yazılı bildiriş göndərildikdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınmalıdır. Həmçinin müqavilənin 9-cu bəndində qeyd olunmuşdur ki, tərəflər arasında yaranan mübahisələr ilkin olaraq qarşılıqlı razılıq əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmə qaydasında həll olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsində qeyd olunur ki, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Eyni zamanda həmin Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 1-ci bəndindən aydın olur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi verilir. İş materiallarından görünür ki, iddiaçının tələbi məhz notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsindən irəli gələn pul tələbinə aiddir və həmin müqavilədə borcun icra qeydi əsasında mübahisəsiz qaydada alınması mexanizmi birbaşa nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, belə olan halda, qanunvericilik borcun tutulması üçün xüsusi (məhkəmədənkənar) prosedur müəyyən etmişdir. Bu mexanizm tətbiq oluna bilən halda mübahisə birbaşa məhkəmədə deyil, ilkin olaraq notariat icra qeydi qaydasında həll edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mərhələdə iddia tələbi məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edildiyindən, ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2026-cı il tarixdə ********** №-li qəbzlə ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumu da, ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2026-cı il tarixdə ********** №li qəbzlə ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumu geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar