Məhkəmə qərarları › İş №2(5-94)-91/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(5-94)-91/2026

09.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-94)-91/2026 09.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" market MMC-nin 187 kv.m sahədən qanunsuz istifadəsinin tanınması, cavabdehdən 340.768,23 manat məbləğində kompensasiyanın iddiaçının xeyrinə tutulması, Mərkəzi Bankın açıqladığı illik inflyasiya məbləği nəzərə alınmaqla məhkəmənin qərar qəbul etdiyi günə olan faizlərin, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasına dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiqlənmiş icarə müqaviləsinə əsasən ona məxsus yaşayış evinin 29.4 kv.m. sahəsini "xxxx" market MMC-nə 10 il müddətinə icarəyə verilmişdir. Müqaviləyə əsasən aylıq icarə haqqı 940 manat müəyyən edilmiş, qanunvericilikdə nəzərdə tutulmuş vergilər tutulduqdan sonra ona ödənməli məbləğ razılaşdırılmışdır. Lakin Cavabdeh MMC müqavilədə göstərilən 29.4 kv.m evi yox, həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 257.5 kv.m obyektin 187 kv.m hissəsini istifadə etmişdir. Yəni müqavilədə göstərilməyən əlavə sahədə qanunsuz fəaliyyət göstərmişdir. Müqavilə olmadan qanunsuz istifadə üçün icarəçi kompensassiya ödəməyə məcburdur. Bu səbəbdən müqavilədə nəzərdə tutulmayan əlavə sahədən istifadəyə görə kompensasiya və qanuni faizləri tələb edir. Cavabdehin icarə müqaviləsi olmadan 0.093 ha torpaq sahəsinin üzərində yerləşən 257.5 kv.m obyektin 187 kv.m ərazisindən qanunsuz istifadə etməsi qanuna ziddir. Müqavilədə göstərilməyən 187 kv.m fərq üçün (187x 31.97) əlavə aylıq 5.978,39 manat ödəmək öhdəliyi yaranıb. Müqavilədə qeyd olunduğu kimi ödəniş 2021-ci il aprel ayında hesablanarsa 2025-ci il dekabr ayına kimi 57 ay əlavə ödəniş olunmamasını nəzərə alaraq Cavabdeh MMC-nin ona (57x5978.39) 340.768.23 manat ödəniş öhdəliyi yaranıb. Əlavə olaraq qeyd edir ki, yuxarıda göstərilən hesablanmış rəqəmlər tərəflər arasında bağlanmış, icarə müqaviləsinə istinad edilərək hesablanmışdır. Tərəflər arasında bağlanmış sözügedən müqavilədə qeyd olunan bir çox şərtlər pozulmuşdur. Belə ki, 1) müqavilənin 1.1 maddəsi pozulmuşdur, 29.4 kv.m ərazi icarəyə verildiyi halda digər obyektin 187 kv.m hissəsi istifadə edilib; 2) bir daha qeyd edir ki, müqavilənin 14.4-cü maddəsində qeyd olunmuşdur: Müqavilə tərəflər arasında tam razılaşmanı əks etdirir və obyekt ilə əlaqədar əvvəlki yazılı və şifahi razılaşdırmalar hüquqi qüvvəsini itirir; 3) müqavilənin 5.3.2-ci maddəsi pozulmuşdur, obyekt yalnız təyinat üzrə istifadə olunmalıdır; 4) müqavilənin inflyasiya şərti ilə bağlı 3.9-ci maddəsi pozulmuşdur, 3 ildən bir icarə haqqında baxılmamışdır, 20 ay üzrə geri dönük fərq tələb olunur; 5) müqavilənin 9.5 və 9.9 maddələri pozulmuşdur, Cavabdeh müqavilə pozuntusuna görə hesablanmış zərəri icarədara tam şəkildə ödəməyə borcludur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia tələbi müstəsna aidiyyət qaydaları baxımından Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmalı olmayan tələbdir. Belə ki, iddiaçının tələbi ondan ibarətdir ki, Cavabdeh iddiaçıya məxsus olan sahədən icarəyə verilmiş əmlak həcmində deyil, daha artıq həcmdə sahiblənməklə istifadə etmişdir. Buna görə də iddiaçı hüquq pozuntusunun tanınması və müvafiq olaraq kompensasiyanın cavabdehdən tutulması tələbini irəli sürmüşdür. İşdən görünür ki, iddiaçının tələbi icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı tələbi və ya müqavilənin pozuntusundan irəli gələn sair tələblə bağlı deyil, “cavabdehin müqavilədə nəzərdə tutulmayan sahədən qanunsuz istifadəsi nəticəsində mülkiyyətçiyə dəymiş ziyanın ödənilməsi” barədə tələbdir. Yuxarıda qeyd edildiyi kimi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan, mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar müstəsna aidiyyət qaydalarına əsasən mübahisəli daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılmalıdır. Ərazinin yerləşdiyi yerin məhkəməsi qanunsuz zəbt edilmiş sahənin (qanunsuz zəbt halı təsdiqini taparsa) yerləşməsini, ölçülərini və işin sair zəruri hallarını araşdırmaq üçün daha geniş prosessual imkanlara malikdir. İddia tələbindən görünür ki, mübahisəli daşınmaz əmlak Xaçmaz rayonunda yerləşir. Buna görə də hazırki iddiaya müstəsna aidiyyət qaydasına əsasən Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 257,5 kv/m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 29,4 kv/m olan fərdi yaşayış evi İddiaçı tərəfindən Cavabdeh MMC-nə icarəyə verilmişdir. İcarə haqqı 940 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Beləliklə, iddiaçının tələbi müstəsna aidiyyət qaydalarına uyğun olaraq Xaçmaz Rayon Məhkəməsində baxılmalı olduğundan, hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 39, 152-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MMC-nə qarşı – cavabdeh "xxxx" market MMC-nin 187 kv.m sahədən qanunsuz istifadəsinin tanınması, cavabdehdən 340.768,23 manat məbləğində kompensasiyanın iddiaçının xeyrinə tutulması, Mərkəzi Bankın açıqladığı illik inflyasiya məbləği nəzərə alınmaqla məhkəmənin qərar qəbul etdiyi günə olan faizlərin, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar