Məhkəmə qərarları › İş №2(5-96)-104/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(5-96)-104/2026

11.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-96)-104/2026 11.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızının sədrliyi, Alıyev Cavid Əbil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh 6000 manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 80 manat, cəmi 6080 manat pulun alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə tanışlıq münasibəti olmuşdur. O, özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim etmiş, işgüzar və şəxsi əlaqələrinin geniş olmasını bildirmiş və əlillik pensiyası verdirəcəyi barədə inandırıb aldadaraq bu işlərin həlli üçün ondan 2022-ci ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan Abşeron rayonu, Məhəmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi, Bakı Müasir Yaşayış Kompleksinin həyətində, “Məkan” adlanan restoranda 9000 manat pul almışdır. Cavabdehlə məsələ ətrafında danışıqları zamanı o, 2 (iki) ay müddətində əlillik pensiyasının verdirəcəyini vəd etmişdir.

3. Cavabdehin ona verdiyi vəd müddəti başa çatandan sonra məsələnin həll edilmədiyini bilmiş və anlamış ki, cavabdeh onu aldatmış, dələduzluq edərək 9000 manat pulunu ələ keçirmişdir. Cavabdeh məsələnin həlli ilə bağlı heç bir iş görməmiş, ona ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdehdən pulun qaytarılmasını tələb edəndə o, müxtəlif bəhanələr etmişdir. Cavabdeh barəsində Sabunçu RPİ-yə şikayəti olmuşdur. Sonradan məlum olmuşdur ki, cavabdeh tanışı X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək onun və başqalarının pulunu ələ keçirib ziyan vurmaqla dələduzluq əməllərinə görə barələrində AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Sabunçu RPİ-də cinayət işi başlanmışdır. İstintaq başa çatandan sonra Cavabdeh və onun tanışı X4 barəsində Bakı şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə 1(008)- 111/2024 saylı hökm çıxarılmış və həmin hökmə əsasən Cavabdeh AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 03 gün müddət azadlıqdan məhrum etmə cəzasının 03 gününə bərabər tutulmaqla, onun cəzasından 03 gün çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzasının əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanmışdır.

4. Hökmdən appellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-121/2025 saylı qərarına əsasən Cavabdeh və X8 tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixdə 1(008)-111/2024 saylı hökmü qismən ləğv edilmişdir.

5. Cavabdeh cəza çəkdiyi müddət ərzində dəymiş 9000 manat maddi ziyanın 3000 manat hissəsini ödəmiş, qalan 6000 manat hissəni ödəməkdən yayınmışdır.

6. Sözügedən məhkəmə hökmlərində cavabdehin ona 9000 manat ziyan vurması faktı öz əksini tapmışdır. Göründüyü kimi, cinayət işi üzrə baxılma zamanı mülki iddia qaldırılmamış, hökmün nəticə hissəsində maddi ziyanın tutulması məsələsi həll edilmədiyindən ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmek məcburiyyətində qalmışdır. Tərəflərin izahatı:

7. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki, ona dəymiş 9000 manat maddi ziyandan 1000 manatı cavabdeh özü, 2000 manatı isə qohumları ödəmişdir, hazırda 6000 manat qalmışdır.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin əvvəlki xx.xx.2026-cı il tarixdə olan iclasına göndərdiyi teleqramda həmin iclasda səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutlar:

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CMnin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 03 gün müddət azadlıqdan məhrum etmə cəzasının 03 gününə bərabər tutulmaqla, onun cəzasından 03 gün çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, iş üzrə maddi sübut, təqsirləndirilən şəxslər Cavabdeh və X4 əlillik pensiyası düzəltmək adı ilə aldıqları pulun miqdarı və zərərçəkmiş şəxslərin adları qeyd olunmuş 01 ədəd vərəq cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (008)-111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü qismən ləğv edilmiş, Cavabdeh zərərçəkmiş şəxslər X3, X5, X1 münasibətdə törətdiyi cinayət əməlləri, həmçinin Cavabdeh təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə X2 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda 11 iyul 2022-ci il tarixdə sonucunun Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni massivdə yerləşən “Tur” marketdəki “E-Manat” ödəmə terminalı vasitəsi ilə “Azərbaycan Beynəlxalq Bank”a aid kart hesabına köçürdüyü 2000 manat pul vəsaitini nağdlaşdırmaqla ələ keçirərək zərərçəkmiş şəxs X2 2000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilmiş, Cavabdeh təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 6 (altı) ay azaldılaraq ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 03 gün müddət azadlıqdan məhrum etmə cəzasının 03 gününə bərabər tutulmaqla, onun cəzasından 03 gün çıxılaraq üzərində qəti olaraq 02 il 5 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Hökmün 4-cü səhifəsinin 2-ci abzasında qeyd edilir ki, Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə 2022ci ilin mart ayında İddiaçı 9000 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Həmin hökmün 14-cü səhifəsində birinci abzasda qeyd edilir ki, İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh tərəfindən ona vurulmuş 8000 manat məbləğində maddi ziyanın 2000 manatı Cavabdeh ailə üzvləri tərəfindən ona ödənilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növünün dəyişdirilməsinə etiraz etmədini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

12. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

18. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

24. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

25. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən müəyyən edilir ki, cavabdeh iddiaçının etibarından sui-stifadə etməklə və onu aldatmaqla 2022-ci ildə ümumilikdə iddiaçının 9000 manat pulunu ələ keçirmişdir. Qeyd olunan hallar Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(103)-121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının məzmunundan görünür ki, 8000 manat ziyandan 2000 manat qohumları tərəfindən ödənilmişdir. Hazırda iddiaçı maddi ziyan kimi 6000 manat məbləğində pulu cavabdehdən tələb edir.

26. Həmçinin qərarda iddiaçının 9000 manat pulunun Cavabdeh tərəfindən ələ keçirilməsi müəyyən edilmiş, iddiaçı izahatında həmin puldan 1000 manatın cavabdeh, qalan 2000 manatın isə qohumları tərəfindən ödəndiyini bildirmişdir.

27. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(103)-121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən, maddi ziyandan 6000 manatın ödənilmədiyi müəyyən edilmişdir və bu məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqləndiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir.

29. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

31. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə:

32. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6000 manat məbləğində pul və 80 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və 80 (səksən) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar