Məhkəmə qərarları › İş №2(5-96)-210/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-210/2026

23.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-210/2026 23.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X1 müdafiə idarəsinin, onlara təqdim olunmuş və bir-birinə zidd xx.xx.2012-ci il tarixli 21349 saylı – Məhkəmə xəttşünaslıq ekspertizasının rəyi və xx.xx.2024-cü il tarixli ETM/010/12/24 saylı – X2 MMC-nin rəylərinə hüquqi qiymət verilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ:

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Baş X1 müdafiə idarəsinin, onlara təqdim olunmuş və bir-birinə zidd xx.xx.2012-ci il tarixli 21349 saylı – Məhkəmə xəttşünaslıq ekspertizasının rəyi və xx.xx.2024-cü il tarixli ETM/010/12/24 saylı – X2 MMC-nin rəylərinə hüquqi qiymət verilməsini xahiş etmişdir.

2. Eyni zamanda, ərizəyə dövlət hesabına vəkillə təmin olunma barədə vəsatət də əlavə etmişdir.

3. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından icraata qəbul etməkdən imtina olunmalıdır.

4. İddia ərizəsində iddiaçı bildirmişdir ki, ibtidai istintaq zamanı ağır cinayətlərə dair mühüm işlər üzrə istintaq idarəsinin baş müstəntiqi V.Nəsibov ********* nömrəli cinayət işi materiallarında saxtakarlığa yol verərək sübutların qiymətləndirilməsi siyahısına saxta məlumat daxil edərək, bununla da prosessual qanun pozuntusuna yol vermişdir.

5. Belə ki, Vüqar Nəsibov xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirmə protokollarında, onun imza və sərbəst xətt nümunələrini saxtalaşdıraraq Məhkəmə xəttşünaslıq ekspertizasına təqdim etmişdir.

6. O, öz imza nümunələrini, cəza çəkdiyi həbsxanada təsdiq etdirərək alqı-satqı müqavilələri, kassa mədaxil orderləri və maliyyə arayışları ilə birlikdə tədqiq olunması üçün “X2” MMC-yə təqdim etmiş, “X2” MMC xx.xx.2024-cü il tarixli ETM-0xx/xx/2024 saylı rəyində qeyd olunan sənədlərdəki imzaların onun tərəfindən icra olunmadığı qeyd olunur.

7. Bundan başqa Məhkəmə xəttşünaslıq Ekspertizasının 21349 saylı rəyini Bakı Ağır Cinayətlər Məhkəməsi sübut kimi qəbul edərək (yalan rəyi) onun törətmədiyi cinayətlərdə ittiham etmişdir. (xx.xx.2013-cü il tarixli 1(101)-77/2013 saylı hökm).

8. İddiaçının ərizəsinə əlavə etdiyi, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən AR ƏN Penitensiar Xidmətin Umbakı Penitensiar müəssisəsində cəza çəkən məhkum İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatında, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyul 2013-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə, onun apellyasiya şikayətinin təmin edilməyərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyul 2013-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması, AR Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının dəyişdirilməsi, Cinayət Məcəlləsinin 29, 120.2.7-ci maddəsi üzrə icraat xitam verilməsi, üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasının saxlanılması qeyd edilmişdir.

9. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından həmin iddia ərizəsinin icraata qəbulundan onun yolverilməzliyinə görə imtina edilməlidir.

10. MPM-in 6-cı maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

12. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır.

13. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər.

14. İddiaçı öz ərizəsinə həmçinin dövlət hesabına vəkillə təmin olunma barədə vəsatət də əlavə etmişdir.

15. MPM-in 67-1.1-ci maddəsinə görə, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir.

16. Göründüyü kimi, Qanuna əsasən, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə vəkilin prosesdə iştirakını təmin edir.

17. MPM-in 67-1.2-ci maddəsinə görə, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir.

18. Həmin normadan məlum olduğu kimi, məhkəmə icraatının başlamadığı halda, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir.

19. Məhkəmə həmin normalara əsasən, belə qənaətə gəlir ki, prosessual qanunun tələbinə əsasən, mülki işlərə aid olduğu halda şəxsin MPM-in 67-1.1, 67-1.2-ci maddələrinə əsasən, mülki məhkəmə icraatı qaydasında vəkillə təmin olunması müəyyən edildiyindən iddiaçının hazırkı iddia ərizəsinə isə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından onun dövlət hesabına vəkillə təmin olunma barədə vəsatətinin də icraata qəbul edilməsindən imtina edilməlidir.

20. MPM-in 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.

21. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı ərizəsində qeyd edilənlərlə bağlı cinayət mühakimə icraatı qaydasında məhkəməyə, eləcə də müvafiq hüquq-mühafizə orqanına müraciət etmək hüququnun olması izah edilməlidir.

22. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını əsas götürərək, qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı xx.xx.2012-ci il tarixli 21349 saylı – Məhkəmə xəttşünaslıq ekspertizasının rəyi və xx.xx.2024-cü il tarixli ETM-010/12/24 saylı “X2” MMC-nin rəylərinə hüquqi qiymət verilməsi barədə iddia tələbi və dövlət hesabına vəkillə təmin olunma barədə vəsatətin icraata qəbul edilməsindən mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə yolverilməzliyə görə imtina edilməli, iddia ərizəsi, dövlət hesabına vəkillə təmin olunma barədə vəsatət və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X1 müdafiə idarəsinin, onlara təqdim olunmuş və bir-birinə zidd xx.xx.2012-ci il tarixli 21349 saylı – Məhkəmə xəttşünaslıq ekspertizasının rəyi və xx.xx.2024-cü il tarixli ETM/010/12/24 saylı – X2 MMC-nin rəylərinə hüquqi qiymət verilməsi barədə iddia tələbi və dövlət hesabına vəkillə təmin olunma barədə vəsatətinin icraata qəbul edilməsindən mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə yolverilməzliyə görə imtina edilsin. İddia ərizəsi, dövlət hesabına vəkillə təmin olunma barədə vəsatət və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının hazırkı ərizəsində qeyd edilənlərlə bağlı cinayət mühakimə icraatı qaydasında məhkəməyə, eləcə də müvafiq hüquq-mühafizə orqanına müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar