Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-661/2026 17.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi ilə, İddiaçı Seyidağa qızının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı Seyidağa qızı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 700 manat dəyərində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında tanışlıq münasibəti yaranmışdır. Bu münasibətə güvənərək iddiaçı yazılı formada müqavilə bağlamadan cavabdehə 700 manat borc pul vermişdir. İlk aylarda borcun bir qismi ödənilsə də, sonradan ödənişlər gecikdirilmişdir. Qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət olunmuş, lakin müraciət mülki xarakter daşıdığından müraciətin məhkəmə qaydasında baxılması bildirilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 149.2.2. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır.
4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4.5. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. 5.1.2. Ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
5. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmişdir. Belə ki, iddia ərizəsində cavabdehin şəxsiyyət vəsiqəsi və onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar öz əksini tapmır. Həmçinin, məhkəmə tərəfindən elektron qaydada sorğu edilsə də “Cavabdeh” adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonunda qeydiyyatda olması halı aşkar edilməmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən də göründüyü kimi, iddia ərizəsi məhkəməyə təqdim olunarkən cavabdehin və digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s), habelə onun rəsmi qeydiyyat ünvanı göstərilməlidir. Rəsmi qeydiyyat yeri göstərilmədiyi və bunu təsdiq edən sənəd əlavə edilmədiyi təqdirdə məhkəmə tərəfindən işin ərazi aidiyyəti də müəyyən edilmir. Bu isə iddia ərizəsinin qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilməməsi anlamına gəlir. Odur ki, məhkəmə iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, MPM-in 152.1.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, mövcud qüsurlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilə bilər.
6. İddia ərizəsi geri qaytarıldığı üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
7. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149 və 152-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM :
İddiaçı Seyidağa qızının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (qəbz №: 10598) İddiaçı Seyidağa qızına geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Ülkər Maxsudova